Məhkəmə qərarları › İş №e-2(053)-1318/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1318/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1318/2025 30.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi ilə bağlı iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehdən əsas məbləğ üzrə 429,33 manat, faiz məbləği üzrə 10,56 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 439,89 manat borcun, habelə ərizə ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borcalan Qarayev Zakir Əliqəmə oğlu arasında 14 yanvar 2022-ci il tarixdə imzalanmış «xx.xx.2022-ci il tarixli 280nkSLYb/22 saylı kredit müqaviləsinə Saziş»ə əsasən bank borcalanın mövcud ödəniş kartına 13 yanvar 2025-ci il tarixinədək, illik 22 faiz ödəmək şərtilə 1.400 manat məbləğində kredit köçürməklə borcalanın mülkiyyətinə vermişdir. Borcalan 21 may 2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Neftçala rayon Notariat ofisinin məlumatına əsasən Cavabdeh mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə cavabdehin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. İddiaçı isə bu barədə məlumatı özü əldə etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydada həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Qeyd olunur ki, cavabdehə Azərbaycan Respublikası MPM-nin yuxarıda istinad olunan 284-5.1-ci maddəsinin tələblərinə uyğun rəsmi bildiriş göndərilmiş, lakin məhkəməyə onun iddiaya qarşı əsaslandırılmış etirazı daxil olmamışdır. Məhkəmə qüvvədə olan mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan və s. aidiyyəti müddəalarını, habelə işin faktik hallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" X1 Səhmdar Cəmiyyətinin hazırkı iş üzrə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması yolveriləndir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinin tələbinə görə «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. 14 yanvar 2022-ci il tarixli, 280nkSLYb/22 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti – «Bank» və Cavabdeh – «Borcalan» olmaqla, Cavabdeh illik 22 faiz ödəmək şərtilə 1.400 manat məbləğində kredit vermişdir. 02 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Qarayev Zakir Əliqəmə oğlunun "xxxx" X1 Səhmdar Cəmiyyətinə 280nkSLYb/22 nömrəli kredit müqaviləsi üzrə 429,33 manat əsas borcu və 10,56 manat faiz borcu olmaqla, ümumilikdə 439,89 manat məbləğində borcu yaranıb. İş materiallarına əlavə olunmuş Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, Qarayev Zakir Əliqəmə oğlu 21 may 2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 may 2024-cü ildə 125 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Neftçala rayon notariat ofisi tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış məktubun məzmununda qeyd edilmişdir: «Sizin xx.xx.2025-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.2024-cü il tarixində vəfat etmiş Qarayev Zakir Əliqəmə oğlundan miras qalan 1223.46 (bir min iki yüz iyirmi üç manat qırx altı qəpik) manat pul vəsaitinə görə mərhumun vərəsəsi - arvadı Cavabdeh (seriya № AZE ********, FİN: xxxxxxx, qeydiyyat ünvanı: Neftçala rayonu, Kürkənd kəndi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir». Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Eyni Məcəllənin 740.1-ci maddəsinə əsasən «Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən «Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir», «Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır». Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən «Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir». Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən «Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar». Mülki qanunvericiliyin yuxarıda istinad olunan və s. aidiyyəti müddəalarını, habelə təqdim olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, müvafiq kredit müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmış, bank həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş sübutlarla müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməyib. Bununla bağlı iddiaçı cavabdehə borcun ödənilməsinə dair bildiriş göndərib. Beləliklə də, qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən borcalan mərhum Qarayev Zakir Əliqəmə oğlunun kredit müqaviləsində nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi üçün onun vərəsəsi Cavabdehdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Eyni Məcəllənin 427.3-cü maddəsinə əsasən «Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, bank Cavabdeh 429,33 manat məbləğində əsas borcu və 10,56 manat məbləğində faiz borcunu tələb etməkdə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərkən 30,40 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı məbləği cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 429,33 manat məbləğində əsas borc və 10,56 manat məbləğində faiz borcu, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216 – 220, 222, 233, -220, 284-1 – 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 429 (dörd yüz iyirmi doqquz) manat 33 (otuz üç) qəpik məbləğində əsas borc və 10 (on) manat 56 (əlli altı) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 439 (dörd yüz otuz doqquz) manat 89 (səksən doqquz) qəpik borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar