Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1498/2025 07.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi ilə bağlı iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı «X1» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək «X1» MMC-nin xeyrinə 21 avqust 2021-ci il tarixli, NFCK04558 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1.111,16 manat borcun, 31,11 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X1» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, satıcı «Optimal Elektronika MMC» ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2021-ci il tarixli, NFCK04558 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh «Huawei» markalı qulaqlıq və «Huawei» markalı smart saatı satmağı, cavabdeh isə həmin malların dəyərini satıcıya 15 ay 97 manat, sonuncu ay isə 71,98 manat, cəmi 1.059,98 manat ödəməyi öhdəsinə götürmüşdür. Malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə, təhviltəslim aktında göstərilən 1 ədəd «Huawei» markalı qulaqlıq və 1 ədəd «Huawei» markalı smart saat cavabdehə təhvil verilmişdir. Müavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 21 avqust 2021-ci il tarixli NFCK04558 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə qalıq borcu 809,18 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3 faiz həcmində cərimə ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 301,98 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında 21 avqust 2021-ci il tarixli NFCK04558 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 809,18 manat qalıq borcu və 301,98 manat cərimə borcu olmaqla, cəmi 1.111,16 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Qeyd olunur ki, cavabdehə Azərbaycan Respublikası MPM-nin yuxarıda istinad olunan 284-5.1-ci maddəsinin tələblərinə uyğun rəsmi bildiriş göndərilmiş, lakin məhkəməyə onun iddiaya qarşı əsaslandırılmış etirazı daxil olmamışdır. Məhkəmə qüvvədə olan mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan və s. aidiyyəti müddəalarını, habelə işin faktik hallarını nəzərdən keçirərək hesab edir ki, «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı iş üzrə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması yolveriləndir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinin tələbinə görə «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan satıcı ‒ Optimal Elektronika MMC və alıcı ‒ Cavabdeh arasında bağlanmış 21 avqust 2021-ci il tarixli, NFCK04558 nömrəli nisyə alğısatqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, satıcı ‒ Optimal Elektronika MMC tərəfindən alıcı ‒ Cavabdeh dəyəri 1.059,98 manat olan «Huawei» markalı qulaqlıq və «Huawei» markalı smart saat müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay 67 manat, sonuncu ay 71,98 manat ödəmək şərtilə 15 ay müddətinə satılmışdır. İş materiallarında olan 21 avqust 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı – Optimal Elektronika MMC tərəfindən qiyməti 1.059,98 manat olan «Huawei» markalı qulaqlıq və «Huawei» markalı smart saat alıcı ‒ Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 13 iyun 2025-ci il tarixli, 06/25-1 nömrəli faktorinq müqaviləsindən və faktorinq müqaviləsinə əlavə olunan 13 iyun 2025-ci il tarixli, 13/06-1 nömrəli və 14 iyun 2025-ci il tarixli, 14/06-2 nömrəli razılaşmalardan görünür ki, «X1» MMC ilə Optimal Elektronika MMC arasında faktorinq müqaviləsi imzalanmış və həmin faktorinq müqaviləsinə əlavə olunan razılaşmaya əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan tələb hüququ «X1» MMC-yə keçmişdir. 12 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki 21 avqust 2021-ci il tarixli, NFCK04558 nisyə alğı-satqı müqaviləsi üzrə borclu Cavabdeh «X1» MMC-yə 809,18 manat əsas borcu və 301,98 manat cərimə borcu olmaqla, ümumilikdə 1.111,16 manat borcu vardır. İş materiallarında olan 12 sentyabr 2025-ci il tarixli bildirişdən və 19 sentyabr 2025ci il tarixli poçt reyestrindən görünür ki, Cavabdeh «X1» MMC-yə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 30 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı «X1» MMC tərəfindən dövlət rüsumu olaraq 31,11 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, «Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Azərbaycan Respublikası MM-nin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh 809,18 manat məbləğində əsas borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsinə əsasən «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Həmin Məcəllənin 467-ci maddəsinə əsasən «Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir». Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, cərimə borcu 80 manat həddində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 31,11 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 809,18 manat məbləğində əsas borc, 80 cərimə borcu habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 31,11 manat məbləğində pul vəsaiti tutularaq «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216 – 220, 222, 233, -220, 284-1 – 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 809 (səkkiz yüz doqquz) manat 18 (on səkkiz) qəpik məbləğində əsas borc və 80 (səksən) manat məbləğində cərimə borcu olmaqla, cəmi 889 (səkkiz yüz səksən doqquz) manat 18 (on səkkiz) qəpik borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat 11 (on bir) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1498/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1498/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver