Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1663/2025 30.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında xx.xx.2025-ci il tarixdə sadə yazılı formada bağlanmış 10 №li borc müqaviləsi predmetinin tam həcmdə icra edilməyən 9600 (doqquz min altı yüz) manat hissəsinin, həmçinin bu barədə məhkəmədə iddianın qaldırılması üçün tərəfidən ödənilən dövlət rüsumuna ekvivalent məbləğin cavabdehlər – Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması və iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə aralarında xx.xx.2025-ci il tarixdə sadə yazılı formada bağlanmış 10 nömrəli borc müqaviləsinə əsasən 9600 (doqquz min altı yüz) manat məbləğində pul vəsaiti borcun annuitet qaydada qaytarılması şərti ilə onun mülkiyyətinə verilmiş, göstərilən öhdəlik Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 10-1 nömrəli zaminlik müqaviləsi ilə təminat altına alınmışdır. Lakin borclular hazırkı günədək öhdəliyin icrasını qismən belə təmin etmədiklərindən cari tarixə müqavilə predmetinin tam məbləği həcmində onların qalıq borcları yaranmışdır. Əsas öhdəliyə dair müqavilənin birtərəfli qaydada ləğvi və qalıq borcun icrasına dair göndərilmiş pretenziya məktublarına isə heç bir tərəfdən reaksiya verilməmiş, bununla da mübahisənin məhkəməyədək həll yolları effektsiz qalmışdır. Cavabdeh2 ilə aramızda xx.xx.2025-ci il tarixdə sadə yazılı formada bağlanmış 10 №li borc müqaviləsi predmetinin tam həcmdə icra edilməyən 9600 (doqquz min altı yüz) manat hissəsi, həmçinin bu barədə məhkəmədə iddianın qaldırılması üçün tərəfindən ödənilən dövlət rüsumuna ekvivalent məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişvə gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasınd iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçı onun bacısıdır. Bacısı onun vasitəsilə onun iş yoldaşı olan digər Cavabdeh2 9600 manat borca puk vermişdir.O,da zamin olmuşdur. Məhkəmə iddiaçının izahatlarını dinləyib,təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 9600 manat borca pul verməyi öhdəsinə götürmüş, Cavabdeh2 isə borcu qaytarmağı öhdəsinə götürmüşdür. iş materiallarında olan xx.xx.2025-ci il tarixli əlyazmadan görünür ki, olan İddiaçı tərəfindən 9600 manat Cavabdeh2 təhvil verilmişdir. iş materiallarında olan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borcun qaytarılması barədə xəbərdar edilmişlər. İş materiallarında xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünr ki, K.Qarayevə tərəfindən iddia ərizəsinin verilməsi üçün 116 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Belə ki, iddiaçı iddia edir ki, Cavabdeh1 və Cavabdeh2 9600 manat məbləğində pul vermiş, cavabdeh onun pulunu ödəməmişdir. İddiaçı cavabdehdən 9600 manat pulunu tələb edir. Məhkəmə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Buradan da müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı 9600 manat pul vəsaitini qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin həmin borcun ödənilməsi üçün iddiaçı qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9600 (doqquz min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 65 manat dövlət rüsumu da cavabdehlərə aid edilərək, İddiaçı xeyrinə müştərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9600 (doqquz min altı yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 116 (tüz on altı) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №e-2(053)-1663/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1663/2025
30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver