Məhkəmə qərarları › İş №e-2(053)-1733/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1733/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1733/2025 27.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi ilə bağlı iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehdən 894 manat məbləğində əsas overdraft borcunun, habelə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 04 aprel 2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus 04 aprel 2023-cü il tarixli istifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və müqavilə əsasında cavabdeh virtual kart əldə etmişdir. Kartın istifadəsi zamanı 09 yanvar 2025-ci il tarixdə ümumilikdə 1.915,58 AZN (ayrı-ayrı köçürmələrlə) vəsait kartdan digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanan 04 aprel 2023-cü il tarixli «Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında» müqaviləsinə əsasən Azercell Telekom MMC özünün əqli mülkiyyəti hesab edilən akart məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını "xxxx" MMC-yə güzəşt etmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" MMC-yə keçməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış 04 aprel 2023-cü tarixli istifadəçi müqaviləsinin 1-ci yarımbəndinə əsasən istifadəçinin cihazı serverə bağlandığı zaman şirkət sizə qabaqcadan dəyişiklik haqqında məlumat verməklə hazırkı müqavilə şərtlərinə dəyişiklik edə və onu yeniləyə bilər. Hazırkı müqaviləyə edilmiş dəyişikliklərdən sonra sizin tətbiqə daxil olmağınız və ya ondan istifadə etməyiniz sözügedən dəyişiklikləri razı olaraq qəbul etməyiniz və dəyişikliklərə riayət etməyə dair öz üzərinizə öhdəlik götürdüyünüzü ifadə edir. Tərəflər arasında bağlanmış ödəniş xidmətinə dair müqavilənin «Elektron pula dair şərtlər» adlı 5-ci yarımbaşlığının 5.1.7-ci bəndinə əsasən təchizatçı, istifadəçinin hesabına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş vəsaitləri akseptsiz qaydada istifadəçinin hesab(lar)ından silə və ya yetərli məbləğdə vəsait olmadıqda overdraft yarada bilər və eyni zamanda həmin müqavilənin 5.1.8-ci bəndinə əsasən istifadəçi, hesabında yaranmış overdraftı ödəmədiyi halda təchizatçı bu məbləğə ödənilməmiş borc olaraq faiz və ya cərimə (dəbbə pulu) hesablayaraq istifadəçidən tələb edə bilər. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Qeyd olunur ki, cavabdehə Azərbaycan Respublikası MPM-nin yuxarıda istinad olunan 284-5.1-ci maddəsinin tələblərinə uyğun rəsmi bildiriş göndərilmiş, lakin məhkəməyə onun iddiaya qarşı əsaslandırılmış etirazı daxil olmamışdır. Məhkəmə qüvvədə olan mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan və s. aidiyyəti müddəalarını, habelə işin faktik hallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı iş üzrə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması yolveriləndir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinin tələbinə görə «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. 04 aprel 2023-cü il tarixli istifadəçi müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncu virtual kart əldə etmişdir. 28 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə ümumilikdə 894 manat məbləğində borcu var. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanan 04 aprel 2023-cü il tarixli «Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında» müqavilədən görünür ki, "xxxx" MMC özünün əqli mülkiyyəti hesab edilən akart məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını "xxxx" MMC-yə güzəşt etmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən 894 manat məbləğində pul vəsaitinin geri ödənilməsinin zəruriliyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır», «Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər». Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən «Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır». Azərbaycan Respublikası MM-nin 1091.1 və 1091.2-ci maddələrinə əsasən «Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin», «Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir». Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən «Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər». Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən «Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır..». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh 894 manat məbləğində borcu tələb etməkdə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərkən 30,40 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı məbləği cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 894 manat məbləğində borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216 – 220, 222, 233, -220, 284-1 – 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 894 (səkkiz yüz doxsan dörd) manat məbləğində borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar