Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-220/2024 15.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən «LG» markalı paltaryuyan üçün 208,96 manat ödənilməmiş hissə, 20,04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23075 olan «VİVO» markalı telefon üçün 206,40 manat ödənilməmiş hissə, 20,60 manat cərimə olmaqla ümumilikdə 456 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən «Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir». «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Beləliklə, şəxsin yaşayış yeri onun rəsmi qeydiyyatda olduğu yer sayılır. Azərbaycan Respublikası MPM-nin 284-3.2.2-ci maddəsinə əsasən ərizədə «iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)» göstərilməlidir. Qeyd olunur ki, iddia ərizəsində cavabdehin ünvanı kimi «Neftçala rayonu, Mürsəqulu kəndi» göstərilib. «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin Neftçala rayonu, Mürsəqulu kəndində doğulması barədə məlumat olsa da, onun yuxarıda qeyd olunan ünvan üzrə qeydiyyatda olması barədə məlumat yoxdur. Beləliklə, iddia ərizəsində göstərilən «Neftçala rayonu, Mürsəqulu kəndi» ünvanının cavabdehə aid olması təqdim edilmiş sənədlərdən görünmür. Qeyd olunanları, habelə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və qüvvədə olan mülki-prosessual qanunvericilikdə hazırkı işin aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsində baxılmalı olduğuna dair hər hansı başqa müddəanın olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaya Neftçala Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən «Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-220/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-220/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver