Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-251/2025 20.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanın törədilməsi nəticəsində ona dəymiş 150 manat həcmində zərər məbləğinin, habelə bu barədə məhkəmədə iddianın qaldırılması üçün tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı İddiaçı bildirmişdir ki, Cavabdeh ilə 31 avqust 2024-cü il tarixdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə şəraitində rayonun mərkəzi bazarında yerləşən, faktiki istifadəsində olan mağazanın şüşə aynalı qapısını zərbə vuraraq sındırmış, nəticədə ona 150 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunan fakt üzrə Neftçala Rayon Polis Şöbəsində toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş, cavabdehin barəsində İXM-nin 232-1-ci maddəsinə əsasən tərtib edilmiş MN seriyalı, 180390 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 27 noyabr 2024-cü il tarixli, 3(053)-435/2024 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 231-1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Hazırda cavabdehin göstərilən qanunazidd hərəkətləri nəticəsində ona dəymiş zərər ödənilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etmədiyini bilbildirmişdir. Qeyd edir ki, o, iddiaçıya pul verə bilməyəcək, ancaq şüşə alıb verə bilər. Habelə o, yuxarıda qeyd olunan hadisənin, yəni mağazanın şüşəsinin onun tərəfindən sındırıldığını etiraf etdiyini, lakin iddiaçının tələbini qəbul etməyi özünə sığışdırmadığını vurğulamışdır. Qeyd edir ki, iddiaçı onu bu həddə çatdırmaqla özü də günahkardır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 10 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Neftçala RPŞ-yə verdiyi ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işininbaşlanması rədd edilmiş, Cavabdeh barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surəti neftçala RPŞ-nin İTB-yə göndərilmişdir. Neftçala Rayon Məhkəməsinin 3(053)-435/2024 nömrəli iş üzrə 27 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş 150 (yüz əlli) manat ziyanın bir misli məbləğində, yəni 150 (yüz əlli) manat cərimə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh 31 avqust 2024-cü il tarixdə, saat 14 radələrində Neftçala şəhərinin “Mərkəzi bazar”ında yerləşən X1 icarə əsasında işlətdiyi mağazada sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə edərək, mağazanın qapısını çırpıb, şüşəsini qırması nəticəsində ona 150 manat maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı dəymiş ziyana görə 150 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 150 (yüz əlli) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-251/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-251/2025
20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver