Məhkəmə qərarları › İş №e-2(053)-263/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-263/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-263/2025 10.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “Borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “Borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 10 sentyabr 2020-ci il tarixli, BPM**********88 saylı X8 müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 3.563.87 manat əsas borc, kart kredit limiti üzrə 108.86 manat əsas borc, 1.53 manat faiz borcu olmaqla cəmi 110.39 manat kart kredit borcu olmaqla, ümumilikdə cəmi 3.674.26 manat borcun, ödənilmiş 56,75 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə borcalan X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********88 saylı X8 müqaviləsinə əsasən ona illik 18%-lə, 48 ay müddətinə 12.100 manat nağd kredit ve 24%lə, 36 ay müddətinə 500 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış X8 müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə borclu X4 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "ABB ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********88 saylı X8 müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 3.563,87 manat əsas borc, kart kredit limiti üzrə 108,86 manat əsas borc, 1,53 manat faiz borcu olmaqla cəmi 110,39 manat kart kredit borcu olmaqla, ümumilikdə cəmi 3.674,26 manat borcu yaranmışdır. Neftçala RİHB-nin Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 333404 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vefat etmişdir. Salyan regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2V-323 saylı və 2V- 324 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrindən görünür ki, X1 qalmış mirası Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qəbul etmişlər. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əmaliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 sentyabr 2020-ci il tarixli, BPM**********88 saylı X8 müqaviləsi və ona əlavələrdən görünür ki, "xxxx" ASC – “Bank” və X4 – “borcalan” olmaqla, X3 18%-lə 48 ay müddətinə 12.100 manat nağd kredit ve 24%-lə 36 ay müddətinə 500 manat məbləğində kart kredit limiti verilmişdir. İş materiallarında olan “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə “Beyin qişalarının ikincili bədxassəli yenitörəməsi” səbəbindən vəfat etmişdir. İş materiallarında olan Salyan regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2V-323 saylı və 2V-324 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 qalmış mirası arvadı - Cavabdeh1, qızı - Cavabdeh2 və oğlu -Cavabdeh3 qəbul etmişlər. İş materiallarında olan Maliyyə arayışından görünür ki, X2 "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli, BPM**********88 saylı X8 müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 3.563,87 manat əsas borc, kart kredit limiti üzrə 108,86 manat əsas borc, 1,53 manat faiz borcu olmaqla cəmi 110,39 manat kart kredit borcu olmaqla, ümumilikdə cəmi 3.674,26 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır”. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notarial kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunan Məccələnin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa hesab edilir ki, o, mirasdan imtina etmişdir. Qeyd olunan Məcəllənin 1288-ci maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunan Məcəllənin 1307-ci maddəsinə əsasən mirasin notarius tərəfindən siyahıya alındığı haldan başqa vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, “əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 nağd kredit üzrə cəmi 3.563,87 manat əsas borc, kart kredit limiti üzrə 108,86 manat əsas borc, 1,53 manat faiz borcu olmaqla cəmi 110,39 manat kart kredit borcu olmaqla, ümumilikdə cəmi 3.674,26 manat borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 56,75 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 nağd kredit üzrə 3.563,87 (üç min beş yüz altmış üç manat səksən yeddi qəpik) manat əsas borc, kart kredit limiti üzrə 108,86 (yüz səkkiz manat səksən altı qəpik) manat əsas borc, 1,53 (bir manat əlli üç qəpik) manat faiz borcu olmaqla cəmi 110,39 (yüz on manat otuz doqquz qəpik) manat kart kredit borcu olmaqla, ümumilikdə cəmi 3.674,26 (üç min altı yüz yetmiş dörd manat iyirmi altı qəpik) manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 56,75 (əlli altı manat yetmiş beş qəpik) manat və 0,40 (qırx) qəpik pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar