Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-301/2025 19.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “Borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 300 manat əsas məbləğ üzrə, 30,11 manat faiz üzrə, cəmi 330,11 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 26 mart 2024-cü il tarixində müvafiq ərizə-anket və imza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.leobank.az) yerləşdirilmiş 01 oktyabr 2023-cü il tarixli "Fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər" ilə, barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada anaoloq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. Bu standart şərtlər bankın “Leobank” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və standart şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Ümumi Ofertanın 1.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün 28 mart 2024-cü il tarixində 28 fevral 2027-ci il tarixədək illik 27,6 (aylıq 2,3)% olmaqla 300 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit xətti № AGİD**********0). Müqavilənin 1.8-ci bəndinə əsasən kredit xətti limitinin artırılması ilə bağlı sazişin Müştəri tərəfindən təsdiq edilməsindən sonra kredit xəttinin limiti bank tərəfindən artırılır. Müqavilənin 2.4-cü bəndinə əsasən müştəri öhdəliyin geçikdirilmiş hesab edilməməsi üçün güzəşt müddətinin sonunadək bu standart şərtlərlə müəyyən olunmuş minimal ödənişi həyata keçirməlidir. Minimal ödəniş kredit xəttindən istifadə edilmiş məbləğin 5%-i həcmində (10 manatdan az olmayaraq) müəyyən olunur və bu məbləğ kredit üzrə öhdəliyin ümumi məbləğində (hesablanmış faizlərlə birlikdə ümumi borcdan) artıq ola bilməz. Müştəri, güzəşt müddətinin sonunadək mövcud öhdəliyi üzrə minimal ödənişi icra etməzsə, növbəti gündən etibarən öhdəlik geçikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə dəbbə pulunun hesablanması başlanılır. Dəbbə pulunun məbləği kredit üzrə müəyyən edilmiş illik faiz dərəcəsinə beş faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanır. İlk minimal ödəniş məbləği güzəşt müddəti ərzində kredit xəttindən istifadə olunan aydan sonrakı ayın ilk günü formalaşır və bu məbləğ həmin ayın son günündə saat 23:55-dək müştəri tərəfindən ödənilməlidir. Müqavilənin 2.7-ci bəndə əsasən faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilmiş əsas borc qalığı məbləğinə, dəbbə pulu isə minimal ödəniş məbləğinə hesablanır. Müqavilənin 4.1.9-cü bəndinə əsasən bank müştəri tərəfindən minimal ödəniş geçikdirilməsi üç təqvim günündən artıq davam etdiyi halda kredit xəttindən istifadəni məhdudlaşdırmaq, 120 təqvim günündən artıq davam etdiyi halda isə kredit xətti müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək və borcu tam həcmdə tələb etmək hüququna malikdir. Müqavilənin 8.3-cü bəndinə əsasən istənilən mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, həmin mübahisə məhkəmələrdə həll olunmalıdır. Kredit məbləğinin borclunun hesabına köçürülməsi barədə sms mətnin surəti işə əlavə edilmişdir. Sübutların siyahısı: hazırkı iddia tələbinin əsası olaraq iddiaçı ümumi ofertaya, ümumi ofertanın təsdiqinə və kredit xəttinin ayrılmasına dair cavabdehlə bağlanmış kredit xətti müqaviləsinə, borcun tam qaytarılması üçün cavabdehə göndərilmiş bildiriş və onun çatdırılmasına dair poçt qəbzinə, cavabdehin şəxsiyyətini təsdiq edən sənədə, maliyyə arayışına, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədə istinad edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “Borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 mart 2024-cü il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh 26 mart 2024-cü il tarixində müvafiq ərizə-anket və imza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.leobank.az) yerləşdirilmiş 01 oktyabr 2023-cü il tarixli "Fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər" ilə, barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada anaoloq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. İşə əlavə olunmuş çıxarışdan görünür ki, "xxxx" Kommersiya Bankı ASC – “borcverən” və Cavabdeh – “borcalan” olmaqla, Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 27,6 (aylıq 2,3)% olmaqla 300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 14 yanvar 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə kredit müqaviləsinə əsasən 300 manat əsas məbləğ üzrə borc, 30,11 manat faiz üzrə borc, cəmi 330,11 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır”. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 26 mart 2024-cü il tarixli ərizə və 01 oktyabr 2023-cü il tarixli Ümumi Oferta müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" KB ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri və cərimə məbləğini ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, “əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 300 manat əsas məbləğ üzrə, 30,11 manat faiz olmaqla, cəmi 330,11 manat borc "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat əsas məbləğ üzrə, 30,11 (otuz manat on bir qəpik) manat faiz olmaqla, cəmi 330,11 (üç yüz otuz manat on bir qəpik) manat borc, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat və 40 (qırx) qəpik xidmət haqqı iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-301/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-301/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver