Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-315/2024 07.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 04 fevral 2021-ci il tarixli, 28K561242 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən 1.000 manat məbləğində əsas borcun, müqavilə üzrə hesablanmış 500 manat faiz borcunun, habelə 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1.533 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak etmədiyini, iddianı müdafiə etdiyini, iş üzrə bütün sübutları məhkəməyə təqdim etdiyini, əlavə sübut və ya vəsatətinin olmadığını qeyd edib, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 04 fevral 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1.502 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1.000 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1 faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 6.600 manat faiz borcu yaranmışdır (1.000 manat x 660 gün x 1 % = 6.600 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 500 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 04 fevral 2021-ci il tarixli, 28K561242 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən 1.000 manat əsas borc, müqavilə üzrə hesablanmış 500 manat faiz borcu, habelə 33 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.533 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Ona görə də məhkəməyə müraciət edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İddiaçı ilə Cavabdeh arasında 04 fevral 2021-ci il tarixdə bağlanmış 28K561242 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərtilə 1.502 manat məbləğində məişət avadanlığını əldə etmiş, onun 122 manatını ilkin olaraq ödəmiş, qalan 1.380 manat məbləği 12 ay müddətinə aylıq 115 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin qeyd hissəsindən görünür ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 fevral 2021-ci il tarixli 28K561242 nömrəli müqavilə üzrə ödənilməmiş 1.000 manat əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən « Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən « Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur..». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən «Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir», «Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehdən müqavilə üzrə ödənilməmiş əsas (qalıq) borc məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı cavabdehdən 04 fevral 2021-ci il tarixli, 28K561242 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən 1.000 manat məbləğində əsas borcun və müqavilə üzrə hesablanmış 500 manat faiz borcunun ödənilməsini tələb etsə də, tərəflər arasında bağlanmış müqavilənin qeyd hissəsində borcalanın borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 %-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən «Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir». Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və cərimə (dəbbə) pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı 50 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 33 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.000 (min) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə pulu borcu, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 33 (otuz üç) manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-315/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-315/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver