Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-321/2024 14.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Borc” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 14.054,61 manat məbləğində əsas borcun, 306,68 manat məbləğində faiz borcunun, cəmi 14.361,29 manat borcun və 132 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 19,5% olmaqla 15.000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi) kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestri”ndən çıxarış əlavə edilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin nümayəndə X1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq göndərilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı ASC ilə Cavabdeh arasında 02 fevral 2023-cü ildə bağlanmış CP/01260/90/1 nömrəli kredit sazişinə əsasən sonuncuya 36 ay müddətinə, illik 19,5% olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 25 yanvar 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 02 fevral 2023-cü il tarixli, CP/01260/90/1 nömrəli kredit müqaviləsi üzrə banka 14.054,61 manat məbləğində əsas borcu, 306,68 manat faiz və 0 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə İddiaçı ASC tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilib. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə borclunun üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdeh verdiyi kredit üzrə borcu və ona hesablanmış faiz borcunu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 132 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçı ASC 29 fevral 2024-cü il tarixdə ərizə təqdim edərək iddia ərizəsinə dəqiqləşmə apardıqlarını, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13.868,91 manat məbləğində əsas borcun, 75,20 manat məbləğində faiz borcunun, cəmi 13.944,11 manat borcun və 132 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə də məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 02 fevral 2023-cü il tarixli müqaviləsi üzrə 13.868,91 manat məbləğində əsas borcun, 75,20 manat məbləğində faiz borcunun, cəmi 13.944,11 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələbin əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13.868,91 (on üç min səkkiz yüz altmış səkkiz manat doxsan bir qəpik) manat məbləğində əsas borcun, 75,20 (yetmiş beş manat iyirmi qəpik) manat məbləğində faiz borcunun, cəmi 13.944,11 (on üç min doqquz yüz qırx dörd manat on bir qəpik) manat borc, habelə iddia ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 132 (yüz otuz iki) manat pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-321/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-321/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver