Məhkəmə qərarları › İş №e-2(053)-361/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-361/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-361/2024 30.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X1, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankınin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Borcun tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, 21 may 2021-ci il tarixli, DKM/**********59021 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 2.672,39 manat məbləğində əsas borc, 630,11 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 348,57 manat məbləğində zərərin (əldən çıxmış faydanı) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 493,59 manat məbləğində penya, cəmi 4.144,66 manat məbləğində pul vəsaiti birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 61,45 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DKM/**********59021 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 20 % ödənilməsi şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, DKM/**********59021/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən, Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2023-cü il tarixinə kredit xətti üzrə əsas borc məbləğini və əsas borc məbləğinə hesablanmuş faizləri tam şəkildə banka qaytarmamışdır. Belə ki, kreditləşmə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə Cavabdeh2 kreditor qarşısında gecikdirilmiş borcu 3.382,5 manat təşkil edir ki, bunun da 2.752,39 manat vaxtı keçmiş əsas borcdan, 630,11 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Qeyd edilən tarixdən sonra borc alan tərəfindən ümumilikdə 80 manat məbləğində ödəniş həyata keçirilmiş, həmin ödənişlər isə əsas borc məbləğindən silinmişdir. Beləliklə, iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixinə borc alanın iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 3.302,5 manat təşkil edir ki, bunun da 2.672.39 manat vaxtı keçmiş əsas borcdan, 630,11 manatı əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faiz üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirlməsi ilə əlaqədar olaraq Banka Kredit müqavilasinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə bu məbləğ 493,59 manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu il, eyni zamanda digər Cavabdeh1 ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2022-ci il tarixli, NC-001 №-li xəbərdarlığı və xx.xx.2022-ci il tarixli, NC-XOxx.xx.2022-003 №-li öhdəliklərin yernə yetirilməsi haqqmda təbbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atmamışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəllasinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3. 399.4, 445 vǝ 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitami şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verǝn) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanması həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Digər tərəfdən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarmın şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 1 (bir) ildən artıq müddəti əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər (digər istehlak krediti növü) barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar.az/page-188/credit-institutions saytdan çıxarış) göründüyü kimi, AR Mərkəzi Bankının, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 18% təşkil edir. İstehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumatı nəzərə alaraq, Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında həmin faiz dərəcəsini (18%) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövr üçün bu məbləğ 348,57 manat təşkil edir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə tələbin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən təxminən 5 aya yaxın müddət keçdiyini, qeyd edilən müddət ərzində borcalan tərəfindən qismən ödənişlərin həyata keçirildiyini, nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərini rəhbər tutaraq iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib, aşağıdakı məzmunda təqdim edildiyini bildirmişdir. 1) xx.xx.2021-ci il tarixli, DKM/**********59021 №-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 2.672,39 (iki min altı yüz yetmiş iki manat 39 qəpik) manat məbləğində əsas borc, xx.xx.2023-cü il tarixinədək 630,11 (altı yüz otuz manat 11 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 499,56 (dörd yüz doxsan doqquz manat 56 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) ǝvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 234,42 (iki yüz otuz dörd manat 42 qəpik) manat məbləğində penya, cəmi 4.036,48 (dörd min otuz altı manat 48 qəpik) manat məbləğində pul vəsaiti birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İşin 16 may 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxışı zamanı Cavabdeh2 əvvəllər banka olan borcunu vaxtı-vaxtında ödədiyini, oğlunun birinin Ağdamda əsgər olarkən beyni pozulduğunu, daha sonra bu səbəbdən Maştağada müalicə aldığını, buna baxmayaraq vəfat etdiyini, maddi imkansızlıqdan ödənişlərini davam etdirə bilmədiyini, lakin digər cavabdeh olan oğlunun aylıq ödənişləri ödədiyini, iddianı qəbul etdiyini və onlara vaxt verilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, növbəti məhkəmə iclaslarında iştirak etmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini istəyir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq göndərilmiş digər cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında 21 may 2021-ci ildə bağlanmış DKM/**********59021 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 20 faiz ödənilməsi şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı, ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında 21 may 2021-ci ildə zaminlik müqaviləsi bağlanaraq, Cavabdeh1 21 may 2021-ci il tarixli, DKM/**********59021 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə xx.xx.2024-cü il tarixinə borc cədvəlindən görünür ki, Cavabdeh2 21 may 2021-ci il tarixli, DKM/**********59021 nömrəli kredit müqaviləsi üzrə banka 0,00 manat məbləğində əsas borcu, vaxtı keçmiş borcu 2.672,39 manat, hesablanmış adi faiz borcu 630,11 manat, cərimə faizləri üzrə borcu 493,59 manat, kredit müddətinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2024) illik 18% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 348,57 manat, cəmi borc 4.144,66 manat məbləğində ödəniş etməlidir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə xx.xx.2024-cü il tarixinə borc cədvəlindən görünür ki, Cavabdeh2 21 may 2021-ci il tarixli, DKM/**********59021 nömrəli kredit müqaviləsi üzrə banka 0,00 manat məbləğində əsas borcu, vaxtı keçmiş borcu 2.672,39 manat, hesablanmış adi faiz borcu 630,11 manat, cərimə faizləri üzrə borcu 234,42 manat, kredit müddətinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2024) illik 18% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 499,56 manat, cəmi borc 4.036,48 manat məbləğində ödəniş etməlidir. Cavabdehlərə ASC "xxxx" Bankı tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilib. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ASC "xxxx" Bankı cavabdehlərdən kredit borcu və ona hesablanmış faizləri və peniyanı tələb etməkdə haqlıdır. Ona görə də iddia həmin hissədə təmin olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə «…kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda istinad olunan qərarında belə nəticəyə gəlmişdir ki, «Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır… Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. Beləliklə, kredit müqaviləsində nəzərdə tutulan faizlərin ödənilməsi, yalnız həmin müqavilədə bilavasitə nəzərdə tutulmuş müddət üzrə tələb oluna bilər. İşin faktiki hallarından isə görünür ki, iddiaçı müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün də faizlərin ödənilməsini müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının “kredit müqaviləsi bitdikdən sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 faizlə hesablanmış 499,56 manat məbləğində zərərin (əldən çıxmış fayda)”nın cavabdehlərdən tutulması hissəsi əsassız olduğuna görə rədd edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 61,45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələbin əsas etibarilə qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2.672 (iki min altı yüz yetmiş iki) manat 39 (otuz doqquz) qəpik məbləğində əsas borc, 630 (altı yüz otuz) manat 11 (on bir) qəpik məbləğində faiz borcu, 234 (iki yüz otuz dörd) manat 42 (qırx iki) qəpik məbləğində cərimə borcu, habelə iddia ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 61 (altmış bir) manat 45 (qırx beş) qəpik tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar