Məhkəmə qərarları › İş №e-2(053)-40/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-40/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-40/2024 20.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh (zamin) Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə 2.546,02 manat məbləğində kredit borcu, 2.129,32 manat məbləğində faiz borcu və 2.535,32 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7.210 (yeddi min iki yüz on) manat 66 (altmış altı) qəpik məbləğində borcun və ödənilmiş 92,11 manat miqdarında dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüseynov Aslan Abduləhməd oğlu İddiaçı QSC ilə 20 avqust 2018-ci il tarixdə bağladığı 014A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833 % olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hisə qaytarmaq şərtilə 8.000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 22 oktyabr 2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 5.453,98 manat ödəniş etmiş və onun iddiaçıya 2.546,02 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Hüseynov Aslan Abduləhməd oğlu kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 28 mart 2023-cü il tarixə 1.253 gün üçün hesablanmış faiz borcu 2.129,32 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. 31 mart 2023-cü il tarixə 1.256 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2.535,32 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası DİN BPQMİ-in MAPS şöbəsi tərəfindən verilmiş arayışla Hüseynov Aslan Abduləhməd oğlunun öldüyü banka məlum olmuşdur. Bank tərəfindən müvafiq notariat orqanlarına və digər aidiyyəti orqanlara sorğular verilmiş, lakin Hüseynov Aslan Abduləhməd oğlunun adına vərəsəlik işinin açılmadığı və qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edənlərin olmadığı müəyyən edilmiş, həmçinin Hüseynov Aslan Abduləhməd oğlunun adına qeydiyyatdan keçmiş daşınmaz əmlak və nəqliyyat vasitəsi aşkar olunmamışdır. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Hüseynov Aslan Abduləhməd oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Hüseynov Aslan Abduləhməd oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. X5 Abduləhməd oğlunun qanun və vəsiyyətnamə üzrə vərəsəsi olmadığından kredit müqaviləsi üzrə borcun zamindən tələb edilməsi zərurəti yaranmışdır. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin ərizəsində iş üzrə ekspert rəyinə etiraz etmədiklərini bildirmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edildiyinə baxmayaraq gəlmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İddiaçı QSC-nin «Bakıxanov» filialı ilə Hüseynov Aslan Abduləhməd oğlu arasında 20 avqust 2018-ci ildə 014A********** nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə (20 fevral 2020-ci il tarixinədək) aylıq 2.0833 faiz ödənilməsi şərtilə 8.000 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı, Cavabdeh İddiaçı QSC ilə 20 avqust 2018-ci ildə zaminlik müqaviləsi bağlayaraq 20 avqust 2018-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli arayışdan görünür ki, 08 noyabr 1965-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, ünvan 1 ünvanı üzrə qeydiyyatda olmuş Hüseynov Aslan Abduləhməd oğlu 14 oktyabr 2019-cu ildə ölmüşdür. Bakı şəhəri 34 saylı notariat ofisi tərəfindən İddiaçı QSC-yə ünvanlanmış 05 avqust 2020-ci il tarixli, 38/2020 nömrəli məktubda aşağıdakılar qeyd olunur: «Sizin 14271 nömrəli xx.xx.2020-ci il tarixli məktubunuza cavab olaraq bildirirəm ki, xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmuş Hüseynov Aslan Abduləhməd oğlunun adına ünvan 4iat ofisində vərəsəlik işi açılmamışdır». Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən «Mərəndinskiy və Partnyorları» Vəkil Bürosunun vəkili Aysel Əhmədovaya ünvanlanmış 07 oktyabr 2020-ci il tarixli, 016- G1537/220 nömrəli məktubda aşağıdakılar qeyd olunur: «Sizin, 30 sentyabr 2020-ci il tarixli 2-267/20 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına görə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli TTİ-nin yataqxanası, R.Abdullayev küçəsi, ev 24 ünvanında qeydiyyatda olan Hüseynov Aslan Abduləhməd oğlunun adına xx.xx.2012-ci il tarixdə «MERCEDES BENZ C180» markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir (kompüter çıxarışı əlavə olunur). Həmçinin bildiririk ki, hal-X5 Abduləhməd oğlunun adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir». Bakı şəhəri 37 saylı notariat ofisinin notariusu X1 tərəfindən 3 saylı Vəkil Bürosunun vəkili Aysel Əhmədovaya ünvanlanmış 08 sentyabr 2021-ci il tarixli, D-110/14 nömrəli məktubda aşağıdakılar qeyd olunur: «Sizin 23 avqust 2021-ci il tarixli, 2-319/2021 nömrəli sorğunuza cavab olaraq bildirirəm ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli TTİ-nin yataqxanası, R.Abdullayev küçəsi, ev 24 ünvanında qeydiyyatda olmuş Hüseynov Aslan Abduləhməd oğlundan miras qalmış əmlakla bağlı notariat ofisində vərəsəlik işi açılmamışdır». Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən 31 saylı Vəkil Bürosunun vəkili Aysel Əhmədovaya ünvanlanmış 16 sentyabr 2021-ci il tarixli, 497 nömrəli məktubda aşağıdakılar qeyd olunur: «...xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 5 ünvanında qeydiyyatda olmuş Hüseynov Aslan Abduləhməd oğlundan miras qalmış əmlaklara dair Bakı şəhəri 10 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır». İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Hüseynov Aslan Abduləhməd oğlunun 20 avqust 2018-ci il tarixli 014A********** nömrəli kredit razılaşması üzrə banka 28 mart 2023-cü il tarixinə 2.546,02 manat məbləğində əsas, 2.129,32 manat faiz və 2.535,32 manat məbləğində cərimə borcu yaranmışdır. Məhkəmə baxışı zamanı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. 19 yanvar 2024-cü il tarixli 9/9608 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Hüseynov Aslan Abduləhməd oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları və 20 avqust 2018-ci il tarixli, 014A********** saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Hüseynov Aslan Abduləhməd oğlunun İddiaçı QSC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: 1-ci sual üzrə: xx.xx.2020-ci il tarixə 2.665,49 AZN: əsas borc 2.518,28 AZN, faiz borcu 247,21 AZN. 2-ci sual üzrə: xx.xx.2023-cü il tarixə 4.392,84 AZN: əsas borc 2.418,28 AZN, faiz borcu 1.974,56 AZN». Ekspert rəyində həmçinin qeyd olunur ki, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Hüseynov Aslan Abduləhməd oğluna cərimə hesablanmır. Beləliklə ekspert rəyi ilə Hüseynov Aslan Abduləhməd oğlu tərəfindən İddiaçı QSCdən alınmış kredit vəsaiti üzrə 28 mart 2023-cü il tarixə (maliyyə arayışının tərtib edildiyi tarixə) 2.418,28 manat məbləğində əsas borcu və 1.974,56 manat məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh (zamin) İddiaçı QSC tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilib. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən «Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür». Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Eyni Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin faktik hallarından görünür ki, İddiaçı QSC-nin «Bakıxanov» filialı ilə Hüseynov Aslan Abduləhməd oğlu arasında 20 avqust 2018-ci ildə bağlanmış 014A********** nömrəli kredit müqaviləsinin müddəti 18 ay həddində yəni 20 fevral 2020-ci il tarixinədək müəyyən edilib. Cavabdeh İddiaçı QSC ilə 20 avqust 2018-ci ildə bağladığı zaminlik müqaviləsi üzrə öhdəliyi də məhz 20 avqust 2018-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsindən irəli gəlir. Cavabdehin iddiaçı qarşısında hər hansı başqa öhdəliyi yoxdur. İşin faktik hallarından həmçinin görünür ki, 01 sentyabr 2023-cü il tarixinədək, yəni hazırkı iş üzrə iddia məhkəməyə daxil olanadək iddiaçı cavabdehə qarşı zaminlik münasibətlərindən irəli gələn iddia qaldırmayıb. Halbuki, iddiaçının Cavabdeh qarşı 20 avqust 2018-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsindən və eyni tarixli zaminlik müqaviləsindən irəli gələn iddiası ən geci 20 fevral 2021-ci il tarixinədək qaldırılmalı idi. Beləliklə, işin faktik hallarını Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsi baxımından nəzərdən keçirdikdə görünür ki, Cavabdeh 20 avqust 2018-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyi 20 fevral 2021-ci il tarixindən xitam olunmuş sayılmalıdır. Göstərilənlərə əsasən iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinin tələbinə görə “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir”. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin mənasına görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddianın rədd olunduğunu və prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı QSCdən tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar