Məhkəmə qərarları › İş №e-2(053)-414/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-414/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-414/2024 31.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X1, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının Cavabdeh qarşı “Borcun tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, DKM/004N01A00547921 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 5.118,08 manat məbləğində əsas borcu, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 434,09 manat məbldəğində adi faizlər üzrə borcu, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 11,16 manat məbləğində penya, cəmi 5.563,33 manat məbləğində pul vəsaitinin və xx.xx.2024-cü il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 75,64 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdan iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/004N01A00547921 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 ay müddətinə, illik 8% ödənilməsi şərtilə 9.880 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləginə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi cari tarixə cavabdehin iddiaçı qarşısında gecikdirilmiş borcu 5.552,17 manat təşkil edir ki, bunun da 5.118,08 manatı vaxtı keçmiş əsas borcdan, 434,09 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı ilk 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, cari tarixə bu məbləğ 11,16 manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması, həmçinin Bankla Borcalan arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsinin 8.3cü bəndinə əsasən, 3.4.3.4-cü yarımbəndinə uyğun olaraq Bank tərəfindən borcun vaxtından əvvəl qaytarılması tələb edilərsə və Borcalan 3.4.3-cü yarımbənddə göstərilən müddətdə borcu tam həcmdə qaytarmaq imkanına malik olmazsa qeyd edilən müddətin bitdiyi gündən başlamaqla Borcalan kreditdən istifadəyə görə faizləri illik 18% dərəcəsilə ödəyir. Bununla bağlı olaraq cavabdehə müvafiq olaraq xx.xx.2023-cü il tarixli, NC-XO- 1.6.2023-001 nömrəli xəbərdarlıq məktubu göndərilmiş və müqavilənin 3.4.3-cü yarımbəndinə uyğun olaraq 20 iş günü ərzində krediti ödənilmə anınadək ona hesablanmış faizlərlə birlikdə Banka qaytarmağı, əks təqdirdə qeyd olunan müddətin bitdiyi gündən başlamaqla kreditdən istifadəyə görə faizləri illik 15% dərəcəsi ilə ödəməli olacağı bildirilmişdir. Cavabdeh həmin məktubu təhvil aldıqdan sonra xx.xx.2023-cü il tarixli ərizə ilə Bankın filialına müraciət edərək kreditdən istifadəyə görə faizləri illik dərəcəsi 12 % saxlanılmasını xahiş etmişdir. Bu məsələyə iddiaçı tərəfindən baxılmış, Cavabdeh 13 iyun 2023-cü il tarixli ərizəsi də nəzərə alınmaqla xx.xx.2023-cü il tarixindən başlayaraq kreditdən istifadəyə görə illik faiz dərəcəsi 12% i hesablanmağa başlamışdır. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu il bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2023-cü il tarixli, NC-XO-xx.xx.2023-003 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun tam ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uygundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla alaqədar müqavilə üzrə öhdəliklərin də xitam şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarının nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399,3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasını müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3. 423.2. 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində onun qəbul olunduğu günədək faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirik ki, hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi borc məbləğinə illik 12% (on iki faiz) dǝrǝcəsi ilə hesablanan adi faizlərin və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın borc alandan iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının 14 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş dəyişiklik edilməsi ( iddia tələbinin həcminin azaldılması) haqqında ərizəsində iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən 70 günə yaxın müddət keçdiyini, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edildiyi tarixdən (xx.xx.2024-cü il) sonra borc alan tərəfindən ümumilikdə 502 manat məbləğində ödəniş həyata keçirildiyini nəzərə alınaraq və Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərini rəhbər tutaraq iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişiklik edib, 1-ci bəndi aşağıdakı məzmunda təqdim edilmişdir. “1) xx.xx.2021ci il tarixli, DKM/004N01A00547921 №-li Kredit müqaviləsi üzrə cavabdeh Mənǝfov Adil Rasim oğlunun iddiaçı ASC "xxxx" Bankı qarşısında 4.718,08 (dörd min yeddi yüz on səkkiz manat 08 qəpik) manat məbləğində əsas borcu, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 487,99 (dörd yüz səksən yeddi manat 99 qəpik) manat məbləğində adi faizlər üzrə borcu, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 118,95 (bir yüz on səkkiz manat 95 qəpik) manat məbləğində penya, cǝmi 5.325,02 (beş min üç yüz iyirmi beş manat 02 qəpik) manat məbləğində pul vəsaitinin vǝ xx.xx.2024-cü il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya cavabdeh Mənǝfov Adil Rasim oğlundan iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulsun”. İddiaçının nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı məhkəməyə tələbin həcminin azaldılması ilə bağlı ərizə təqdim edildiyini, hazırda cavabdeh tərəfindən ödənişlərin həyata keçirildiyini və iddianın tam təmin olunmasını xahiş etdi. İşin 16 may 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclası zamanı cavabdeh Mənǝfov Adil Rasim oğlu iddianı qismən qəbul etdiyini, 2023-cü ilin noyabr ayından işsiz olduğu üçün borcunu vaxtı-vaxtında ödəyə bilmədiyini, əvvəllər banka olan borcunu vaxtı-vaxtında ödədiyini, 2024-cü ilin yanvar ayından iddiaçıya olan borcunu qrafik üzrə ödədiyini, bundan sonra da banka olan borcunu ödəyəcəyini, əsas və faiz borcun ödənilməsini qəbul etdiyini, əldən çıxmış fayda və peniya hissəsinin silinməsinə köməklik göstərilməsini və eyni zamanda növbəti məhkəmə iclasında iştirak etməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq göndərilmiş cavabdeh gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. ASC "xxxx" Bankı ilə Cavabdeh arasında 17 avqust 2021-ci ildə bağlanmış DKM/004N01A00547921 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 8 faiz ödənilməsi şərtilə 9.880 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə xx.xx.2024-cü il tarixinə borc cədvəlindən görünür ki, Cavabdehnın 17 avqust 2021-ci il tarixli, DKM/004N01A00547921 nömrəli kredit müqaviləsi üzrə banka 0,00 manat məbləğində əsas borcu, vaxtı keçmiş borcu 4.718,38 manat, hesablanmış adi faiz borcu 487,99 manat, cərimə faizləri üzrə borcu 118,95 manat, cəmi borc 5.325,02 manat məbləğində ödəniş etməlidir. Cədvəldən həmçinin görünür ki, xx.xx.2023-cü il tarixində kredit üzrə illik faiz dərəcəsi 12% müəyyən edilmişdir. Cavabdehə ASC "xxxx" Bankı tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilib. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ASC "xxxx" Bankı cavabdehdən kredit borcu, ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Ona görə də iddia həmin hissədə təmin olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə «…kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda istinad olunan qərarında belə nəticəyə gəlmişdir ki, «Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır… Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. Beləliklə, kredit müqaviləsində nəzərdə tutulan faizlərin ödənilməsi, yalnız həmin müqavilədə bilavasitə nəzərdə tutulmuş müddət üzrə tələb oluna bilər. İşin faktiki hallarından isə görünür ki, iddiaçı müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün də faizlərin ödənilməsini müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının “kredit müqaviləsi bitdikdən sonra xx.xx.2024-cü il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə kimi əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan peniya (əldən çıxmış fayda)”nın cavabdehdən tutulması hissəsi əsassız olduğuna görə rədd edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 75,64 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələbin əsas etibarilə qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4.718 (dörd min yeddi yüz on səkkiz) manat 08 (səkkiz) qəpik məbləğində əsas borc, 487 (dörd yüz səksən yeddi) manat 99 (doxsan doqquz) qəpik məbləğində faiz borcu, 118 (yüz on səkkiz) manat 95 (doxsan beş) qəpik məbləğində cərimə borcu, habelə iddia ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 75 (yetmiş beş) manat 64 (altmış dörd) qəpik tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar