Məhkəmə qərarları › İş №e-2(053)-430/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-430/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-430/2025 27.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 may 2023-cü il tarixli, LC1110645/23 nömrəli müqavilə üzrə 756 manat ödənilməmiş borc, 50 manat cərimə olmaqla ümumilikdə 806 manat borcun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 may 2023-cü il tarixli, LC1110645/23 nömrəli nisyə satış müqaviləsinə əsasən 1.008 manat dəyərində “SAMSUNG A34 128GB” məhsulu ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 84 manat ödəmək şərtilə nisyə satılmışdır. Həmin müqavilənin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda 21 may 2023-cü il tarixli, LC1110645/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 756 manat təşkil edir. Sözügedən müqavilənin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 1 faizi həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə hesablanmış cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq, iddiaçı ağlabatan məbləğ müəyyən etmişdir. Belə ki, cavabdehdən müqavilə üzrə ödənilməmiş borca görə 50 manat məbləğində cərimə tələb olunur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 may 2023-cü il tarixli, LC1110645/23 nömrəli nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1.008 manat olan “SAMSUNG A34 128GB” markalı telefon hər ay 84 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 21 may 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 21 may 2023-cü il tarixli satılmış məhsulların təhvil-təslim olunması haqqında aktdan görünür ki, satıcı – İddiaçı MMC tərəfindən qiyməti 1.008 manat olan “SAMSUNG A34 128GB” markalı telefon alıcı ‒ Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 22 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, “alıcı” Cavabdeh 21 may 2023-cü il tarixli, LC1110645/23 nömrəli nisyə satış müqaviləsi üzrə 756 manat ödənilməmiş əsas məbləğ və 50 manat cərimə olmaqla – cəmi 806 manat məbləğində borcu vardır. İşdə olan bildirişdən görünür ki, İddiaçı MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilələr üzrə cərimə borcu ümumilikdə 15 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 21 may 2023-cü il tarixli, LC1110645/23 nömrəli nisyə satış müqaviləsi üzrə 756 manat ödənilməmiş əsas məbləğ və 15 manat cərimə olmaqla, ümumilikdə 771 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 may 2023-cü il tarixli, LC1110645/23 nömrəli nisyə satış müqaviləsi üzrə 756 (yeddi yüz əlli altı) manat ödənilməmiş əsas məbləğ və 15 (on beş) manat cərimə olmaqla, cəmi 771 (yeddi yüz yetmiş bir) manat məbləğində borc, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar