Məhkəmə qərarları › İş №e-2(053)-44/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-44/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-44/2024 05.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.205,98 manat məbləğində əsas borc və 5.825,09 manat faiz borcu olmaqla, cəmi 15.031,07 manat borcun və 135,09 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 11 fevral 2020-ci il tarixli, RGTK1789723A141 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzindən ibarətdir. Cavabdehin 31 avqust 2023-cü il tarixə İddiaçı ASC-yə 9.205,98 manat əsas və 5.825,09 manat faiz borcu olmaqla, cəmi 15.031,07 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh 03 oktyabr 2023-cü il tarixdə məhkəməyə vəsatət təqdim edərək iddiaçı tərəfindən hesablanmış əsas borc və faiz məbləği ilə razılaşmadığını bildirib, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin 25 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirib iddia müddətinin keçməsi əsası ilə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin ilk növbədə ərizəsinə münasibət bildirərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 11 fevral 2026-cı ilədək olduğundan iddia müddəti ötürülmüş sayıla bilməz. 16 noyabr 2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1.İddiaçı ASC ilə Cavabdeh arasında 11 fevral 2020-ci ildə bağlanmış RGTK1789723A141 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin 31 avqust 2023-cü il tarixinə və hazırkı iş üzrə ekspertiza tədqiqatının aparıldığı tarixə əsas və faiz borcları üzrə etməli olduğu ödənişlərin məbləğləri ayrı-ayrılıqda və ümumilikdə nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 yanvar 2024-cü il tarixli 9/9677 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd edilmişdir: «Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 11 fevral 2020-ci il tarixli, RGTK1789723A141 №-li kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) 14.680,28 manat və xx.xx.2024-cü il tarixədək (ekspert rəyi verilən tarix) 15.377,90 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) əsas borc üzrə ---------------------- 9099,35 manat, faiz borcu üzrə ----------------------- 5580,93 manat. xx.xx.2024-cü il tarixədək (ekspert rəyi verilən tarix) əsas borc üzrə ---------------------- 9099,35 manat, faiz borcu üzrə ----------------------- 6278,55 manat. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək iddiaçı ilə arasında həqiqətən də 11 fevral 2020-ci il tarixli, RGTK1789723A141 nömrəli kredit müqaviləsi bağlandığını bildirmişdir. Qeyd edilən kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 6 il müddətinə ödənilməsi şərtilə 14.665,40 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə verilmiş kredit məbləğini ödəniş qrafiki əsasında hər ay 351,28 manat olmaqla 72 ay müddətinə İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliklərini müəyyən qədər yerinə yetirmiş, lakin maddi imkansızlığı ilə bağlı olaraq kredit ödənişlərini hər ay ödəniş cədvəlinə uyğun şəkildə ödəyə bilməmişdir. Hal-hazırda da borcunu birdəfəyə ödəmək iqtidarında deyil, lakin həmin borcu ödəməkdən boyun qaçırmır. Qeyd edir ki, iddia ərizəsində göstərilən əsas borc və faiz borcunun məbləği ilə razılaşmasa da, hazırda ekspert rəyində göstərilən və 31 avqust 2023-cü il tarixədək hesablanmış əsas və faiz borcu məbləğləri ilə razılaşır. Həmin borcu qəbul ediləcək qətnamənin icrası mərhələsində hissə-hissə ödəyəcək. Göstərilənlərə əssən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2020-ci il tarixli RGTK1789723A141 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 72 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 14.665,40 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 31 avqust 2023-cü il tarixə 11 fevral 2020-ci il tarixli RGTK1789723A141 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 9.205,98 manat əsas, 5.825,09 manat faiz borcu olmaqla, cəmi 15.031,07 manat borcu yaranmışdır. Cavabdeh İddiaçı ASC tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 18 yanvar 2024-cü ildə verilmiş 9/9677 nömrəli ekspert rəyinin nəticəvi hissəsinin məzmunundan görünür ki, ekspert cavabdehin iddiaçıya olan əsas borc məbləğinin 31 avqust 2023-cü il tarixə (maliyyə arayışının tərtib edildiyi tarix) əsas borc üzrə 9.099,35 manat, faiz üzrə borcu isə 5.580,93 manat olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Əsas və faiz borcunun məbləği ilə bağlı tələbə münasibət bildirərək məhkəmə 18 yanvar 2024-cü il tarixli 9/9677 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, əsas və faiz borcu rəydə olduğu kimi, yəni 9.099,35 manat əsas və 5.580,93 manat faiz borcu məbləğində müəyyən edilməlidir. İddiaçı ASC məhkəməyə müraciət edərkən 135,09 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9.099 (doqquz min doxsan doqquz) manat 35 (otuz beş) qəpik məbləğində əsas borc, 5.580 (beş min beş yüz səksən) manat 93 (doxsan üç) qəpik məbləğində faiz borcu, habelə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 135 (yüz otuz beş) manat 09 (doqquz) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar