Məhkəmə qərarları › İş №e-2(053)-47/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-47/2024

28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-47/2024 28.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək sonuncunun qanunsuz hərəkətləri nəticəsində ona (iddiaçıya) vurulmuş 2.860 manat miqdarında maddi zərərin əvəzinin və iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 49 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hidayət oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, 06 avqust 2023-cü il tarixdə ona məxsus 99BS009 dövlət qeydiyyat nişanlı avtomobil dostu X1 tərəfindən idarə olunarkən 10XY774 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törədilib. Cavabdeh barəsində 07 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, habelə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğu üçün müvafiq qərarla ona cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qəza nəticədə avtomobili yararsız hala düşüb. Avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh heç nə ödəməyəcəyini bildirib. Avtomobilinə dəymiş ziyanla bağlı qüsur aktı tərtib edilib. Həmin akta əsasən dəymiş ziyanın məbləği 7.860 manat təşkil edir. Sığorta şirkəti tərəfindən dəymiş ziyanın yalnız 5.000 manatlıq hissəsi qarşılanır. Göstərilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı məhkəməyə gəlməmiş, onun nümayəndəsi, Vəkil ərizə göndərərək iddianı müdafiə etdiyini bildirmiş və onun iştirakı olmadan işə baxılaraq yekun qərar qəbul olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş (nümayəndəsini göndərməmiş) və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini üzrsüz saymış və işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. DİN Bakı Şəhər Nəsimi Rayon DYPŞ tərəfindən verilmiş «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə» arayışdan, həmçinin İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən, habelə həmin DYPŞ-nin vəzifəli şəxsinin 07 avqust 2023cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 06 avqust 2023-cü il tarixdə saat 03.10-da Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Chevrolet Malıbu minik» markalı 10XY774 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. «Hadisənin xəritəsi» və Cavabdeh alınmış izahatın surətindən görünür ki, cavabdeh tərəfindən «Toyota Corolla» markalı 99BS009 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. BB335158 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, istehsal tarixi 2019, mühərrik nömrəsi 1ZRW157005, ban nömrəsi NMTBĞE3BE80R012994 olan ağ rəngli, sedan tipli, «TOYOTA COROLLA MİNİK» markalı 99BS009 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 26a, mənzil 37 ünvanı üzrə qeydiyyatda olan İddiaçıdur. «Yekun qüsur aktı»nın surətindən görünür ki, «Toyota Corolla minik» markalı 99BS009 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə əlaqədar hesablanmış zərərin ümumi məbləği 7.860 manat təşkil edir. İddia ərizəsində göstərilənlərlə müəyyən olunur ki, iddiaçının avtomobilinə vurulmuş 7.860 manat məbləğində maddi ziyanın 5.000 manatlıq hissəsi müvafiq sığorta şirkəti tərəfindən qarşılanır. Beləliklə, iddiaçı hazırkı iddia ilə cavabdehdən dəymiş ziyanın ümumi məbləğinin qalıq hissəsi olan 2.860 manatın ona ödənilməsini tələb edir. Məhkəmənin 28 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: «06 avqust 2023-cü ildə saat 03.10-da Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsində «Chevrolet Malıbu minik» markalı 10XY774 dövlət qeydiyyat nişanlı avtomobillə «Toyota Corolla minik» markalı 99BS009 dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat qəzası nəticəsində «Toyota Corolla minik» markalı 99BS009 dövlət qeydiyyat nişanlı avtomobilə hansı məbləğdə zərər dəymişdir?». Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən 04 mart 2024-cü ildə verilmiş 9/469 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «İndividual Services» tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı «Toyota Corolla» markalı, 99BS009 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6909,00 manat müəyyən edilir». Məhkəmə yuxarıda qeyd olunan ekspert rəyini mötəbər sübut kimi qəbul edir və belə qənaətə gəlir ki, iddiaçının əmlakına vurulmuş zərərin ümumi məbləği 6.909,00 manat miqdarında müəyyən edilməlidir. Bu məbləğin 5.000 manatlıq hissəsi müvafiq sığorta şirkəti tərəfindən ödənildiyinə görə qarşılanmamış zərərin məbləği 1.909 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən “1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən “Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı əmlakına cavabdeh tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Maddi zərərin məbləği ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə 04 mart 2024-cü il tarixli 9/469 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, dəymiş maddi zərərin ümumi həcminin rəydə qeyd olunan miqdarda, yəni 6.909 manat məbləğində olduğu nəzərə alınmalı, həmçinin həmin məbləğdən 5.000 manatlıq hissəsinin sığorta şirkəti tərəfindən qarşılandığı nəzərə alınaraq iddia tələbi üzə maddi zərərin həcminin 1.909 manat miqdarında olduğu müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən ümumilikdə 1.909 manat tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 49 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda göstərilən normalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 49 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.909 (min doqquz yüz doqquz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 49 (qırx doqquz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar