Məhkəmə qərarları › İş №e-2(053)-475/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-475/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-475/2024 25.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7.054,08 manat məbləğində əsas kredit borcu, 286,55 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 33,51 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7.374,14 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 93,75 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 avqust 2022-ci il tarixli 10290***-*******02L nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 arasında 29 avqust 2022-ci il tarixli 10FİZAM123428201 nömrəli zaminlik müqaviləsi bağlanmış və sonuncu kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq 29 avqust 2022-ci il tarixli «SMS» razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə (aylıq ödəniş 351,96 manat olmaqla hər ayın 01-dək ödənilmək şərtilə) 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamin Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 21 fevral 2024-cü il tarixə İddiaçı ASC-yə 7.054,08 manat məbləğində əsas kredit borcu, 286,55 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 33,51 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 7.374,14 manat məbləğində borcu qalmaqdadır. Ona görə də məhkəməyə müraciət edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gəlməmişlər, lakin məhkəməyə ərizə göndərərək işləri ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini qeyd edib, bunun üzrlü sayılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılıb, qətnamə çıxarılmasını mümkün saymışdır. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 avqust 2022-ci il tarixli 10290***-*******02L nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmış və 29 avqust 2022-ci il tarixli «SMS» razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə hər ay 351,96 manat və hər ayın 01-dək ödənilmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı, İddiaçı ASC ilə Cavabdeh2 arasında 29 avqust 2022-ci il tarixli 10FİZAM123428201 nömrəli zaminlik müqaviləsi bağlanılmaqla, sonuncu Cavabdeh1 29 avqust 2022-ci il tarixli 10290***-*******02L nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 29 avqust 2022-ci il tarixli 10290***-*******02L nömrəli kredit müqaviləsi üzrə banka 21 fevral 2024-cü il tarixinə 7.054,08 manat məbləğində əsas borcu, 286,55 manat faiz və 33,51 manat məbləğində cərimə borcu yaranmışdır. İşdə olan pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC cavabdehlərə borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən «Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür». Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən «Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar», «Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır». İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdehlərdən kredit borcu, ona hesablanmış faizləri və cərimə məbləğini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin olunmalıdır. İddiaçı ASC məhkəməyə müraciət edərkən 93,75 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7.054 (yeddi min əlli dörd) manat 08 (səkkiz) qəpik məbləğində əsas kredit borcu, 286 (iki yüz səksən altı) manat 55 (əlli beş) qəpik məbləğində faiz borcu, 33 (otuz üç) manat 51 (əlli bir) qəpik məbləğində cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 93 (doxsan üç) manat 75 (yetmiş beş) qəpik pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar