Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-51/2025 10.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə iddiaçı “X8” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair ilk, iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdeh “X8” ASC-yə qarşı əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X8” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı “X8” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1153,87 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz, 0 manat cərimə olmaqla, ümumilikdə 1153,87 manat pul məbləğinin və ödənilmiş 31,94 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər 22 oktyabr 2024-cü il tarixdə məhkəməyə «Əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması» ilə bağlı qarşılıqlı iddia ərizəsi göndərərək e-2(053)-1239/2024 nömrəli mülki iş üzrə iddiaçının tələbinin rədd edilməsini, X1 adına açılmış kredit hesabları üzrə onun ölümündən sonra ödənilmiş 1966.4 (min doqquz yüz altmış altı manat, qırx qəpik) manat pul vəsaitindən cavabdehin əsassız varlandığı 1088.79 (min səksən səkkiz manat, yetmiş doqquz qəpik) manat həcmində olan hissənin, eyni zamanda qarşılıqlı iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilən dövlət rüsumuna ekvivalent məbləğin “X8” ASC-dən tutulması və onların xeyirlərinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Neftçala Rayon Məhkəməsinin 2(053)-1239/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı “X8” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İlk iddia tələbi üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X8” ASC ilə borcalan X7 arasında bağlamış 527sSLY/17 saylı, xx.xx.2017-ci il tarixli saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 15.000 manat məbləğədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. Borcalan 02 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Neftçala rayon Notariat ofisinin məlumatına əsasən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə cavabdehin mərhumun hüquqi varisi olması anlamına gəlir. Lakin cavabdeh Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. İddiaçı isə bu barədə məlumatı özü əldə etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor “X8” ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, hazırda Neftçala Rayon Məhkəməsinin icraatında olan və “X8” ASC-nin iddiaçı olduğu e- 2(053)-1239/2024 №-li mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Bu barədə göndərilmiş məhkəmə bildirişi və iddia ərizəsini 18 oktyabr 2024-cü il tarixdə almışlar. İddiaçının tələbini qəbul etmirlər və həmin iddia ilə birlikdə baxılması üçün aşağıdakı birgə tələbləri üzrə qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edirlər. İlk növbədə məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, X7 ilə "xxxx" KB ASC arasında xx.xx.2021-ci il tarixli, 527sSLY/17 saylı kredit müqaviləsi bağlanılmış, müqavilənin qüvvədə olduğu vaxt, xx.xx.2022-ci il tarixdə borclu vəfat etmişdir. Həmin tarixdən etibarən ölən şəxsin adına miras əmlak açılmış və ondan aktiv miras payı olaraq qalan, iş yerindən xəstəlik vərəqəsinə görə ödəniləcək 877.61 (səkkiz yüz yetmiş yeddi manat altmış bir qəpik) manat pul vəsaiti miras qoyanın arvadı və 2 (iki) oğul övladı ilə birlikdə hər birinə 3/1 hissə olmaqla tərəflərindən qəbul edilmişdir. Mərhumun qeyd ediləndən savayı miras aktivi olmamışdır. Mülki qanunvericiliklə müəyyən olunan normalardan da göründüyü kimi, mərhum borclunun qəbul edilmiş miras aktivinin həcmindən daha artıq olan öhdəlikləri onun vərəsələrinin mülki məsuliyyətini ifadə edə bilməz və bu səbəbdən qalıq kredit borcunun icrası borclu həyatda olmadığından mümkün deyil. Lakin bununla belə, qarşılıqlı iddia üzrə cavabdeh təşkilat X1 adına açılmış kredit hesabları üzrə onun ölümündən sonra tərəflərindən ödənilmiş 1966.4 (min doqquz yüz altmış altı manat, 40 qəpik) manat pul vəsaitindən 1088.79 (min səksən səkkiz manat, yetmiş doqquz qəpik) manat həcmində əsassız varlanmışdır. Mülki Məcəllənin müvafiq maddələrinə əsaslanaraq hesab edirlər ki, qarşılıqlı iddia ərizələri təmin edilməklə e- 2(053)-1239/2024 №li mülki iş üzrə ilkin iddiaçının tələbi rədd edilməli, X1 adına açılmış kredit hesabları üzrə onun ölümündən sonra ödənilmiş 1966.4 (min doqquz yüz altmış altı manat, 40 qəpik) manat pul vəsaitindən cavabdehin əsassız varlandığı 1088.79 (min səksən səkkiz manat, yetmiş doqquz qəpik) manat həcmində hissə, eyni zamanda qarşılıqlı iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilən dövlət rüsumuna ekvivalent məbləğ “X8” ASC-dən tutulmalı və xeyrlərinə ödənilməlidir. İşin 21 noyabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclası zamanı ilk iddia üzrə iddiaçının nümayəndəsi X2 məhkəməyə etiraz təqdim edərək qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək etirazın məzmununa uyğun izahat vermişdir. O, həmçinin qeyd etmişdir ki, ilk növbədə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-yə qarşı qarşılıqlı iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Belə ki, qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş bank qəbzində göstərilən ödənişin və şəkillərdə əks olunan məlumatlardakı məbləğlərin (həmin məbləğlərin ödəniş olduğunun təsdiqlənməməsi bir tərəfə) ödəniş kimi qəbul olunması halında həmin ödənişlərin məhz onlar tərəfindən edilməsi təqdim edilən sənədlərlə öz təsdiqini tapmır. İddiaçıların mərhumun ailə üzvləri olması heç də həmin ödənişlərin məhz onlar tərəfindən edilməsi anlamına gəlmir. Qeyd edilən ödənişlər ehtimal olunan faktiki ödəyici (adətən kredit bir şəxsin adına rəsmləşdirilsə də, faktiki ödəyici başqa şəxs olur) bacı, qardaş, digər yaxın qohumlar və s. şəxslər tərəfindən də edilməsi istisna olunmur. Bu səbəbdən də, hesab edirlər ki, qarşılıqlı iddia üzrə iddiaçılar qeyd edilən ödənişlərin məhz onlar tərəfindən edildiyini təsdiq edən sənədlər təqdim edə bilmədikləri üçün onların hazırkı iş üzrə iddia qaldırmaq hüquqları yoxdur. Ödənişin onlar tərəfindən aparıldığı barədə sübut təqdim edə bilməyən şəxslər həmin ödənişlər üzrə arıq ödənilmiş vəsaiti əsassız varlanma kimi qiymətləndirib necə tələb edə bilərlər? Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S. Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub - olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M. Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ. Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Ona görə də, hesab edirlər ki, qarşlıqlı iddia bu səbəbdən rədd edilməlidir. Bundan başqa qeyd etmək istəyirlər ki, mərhum borcalan X7 vəfat etdikdən (xx.xx.2022-ci il tarixdən) sonra onun "xxxx" KB ASC-yə həm xx.xx.2021-ci il tarixli, 7797sSLY/21 saylı, həm də xx.xx.2021-ci il tarixli, 527sSLY/17 saylı kredit müqavilələri üzrə borcu qalmışdır. Əgər qarşılıqlı iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim edilən bank qəbzində göstərilən ödənişlə yanaşı digər şəkillərdə əks olunan məlumatlardakı məbləğləri də (hər iki kredit müqaviləsi üzrə birlikdə) ödəniş kimi nəzərə alsaq (halbuki, əks olunan məlumatlardakı məbləğlərin ödənildiyini şəkillərdən müəyyən etmək olmur) həmin ödənişləri aşağıdakı kimi qruplaşdırmaq olar: a) Mərhum borcalan X7 vəfat etdiyi tarixdən (xx.xx.2022-ci il tarixindən) onun vərəsələrinə Vərəsəlik haqqında şəhadətnamə verilən tarixədək (xx.xx.2023-cü il tarixinədək) aparıla ödənişlər: xx.xx.2022 - 1060.04 manat (7797sSLY/21 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022 - 93 manat (hansı kreditə ödənildiyi belə məlum deyil), xx.xx.2022 - 90 manat (hansı kreditə ödənildiyi belə məlum deyil), xx.xx.2022 - 91 manat (hansı kreditə ödənildiyi belə məlum deyil), xx.xx.2022 - 91 manat (hansı kreditə ödənildiyi belə məlum deyil) və xx.xx.2023 - 91 manat (hansı kreditə ödənildiyi belə məlum deyil) cəmi - 1516.04 manat. b) Vərəsəlik haqqında şəhadətnamə verildikdən (xx.xx.2023-cü il tarixindən) sonra aparılan ödənişlər: xx.xx.2023 - 90 manat (527SSLY/17 saylı kredit müqaviləsi üzrə), xx.xx.2023 - 90 manat (527SSLY/17 saylı kredit müqaviləsi üzrə), xx.xx.2023 - 90 manat (527SSLY/17 saylı kredit müqaviləsi üzrə) xx.xx.2023 - 90 manat (527SSLY/17 saylı kredit müqaviləsi üzrə) və xx.xx.2023 - 90 manat (527SSLY/17 saylı kredit müqaviləsi üzrə) cəmi - 450 manat. Qarşılıqlı iddia üzrə iddiaçıların X11 hüququ haqqında şəhadətnamə verilənədək (xx.xx.2023 tarixi) aparılmış ödənişləri tələb etmək hüququ ümumiyyətlə yoxdur. Birincisi ona görə ki, həmin ödənişlərin onlar tərəfindən aparılması heç bir sübutla təsdiqlənmir, ikincisi isə onlar yalnız vərəsəlik şəhadətnaməsi aldıqdan sonra vərəsə kimi ödəniş etməyə başlaya bilərdilər. Ondan əvvəl aparılmış ödənişlər isə 3-cü şəxs tərəfindən aparılmış ödəniş kimi qəbul olunmuş və kim tərəfindən ödənilməsi isə müəyyən olunmur. Çünki iddiaçılar vərəsə statusunu məhz bu barədə müvafiq Şəhadətnamə aldıqdan sonra əldə etmişlər. Onadək isə onların bu statusları olmadığı üçün, hər hansı ödəniş etdiklərini sübut edə biləcəkləri halda belə, onların etməli olduqları ödənişin miras əmlakın həcmi ilə məhdudlaşmasına istinad edə bilməzlər. Ən yaxşı halda, rəsmi olaraq vərəsə olduqları tarixdən sonrakı ödənişlərinin (məsuliyyətlərinin) miras əmlakın dəyəri ilə məhdudlaşdırılmasına istinad edə bilərlər. Azərbaycan Respublikası MM-nin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məsələyə qarşılıqlı iddianın mahiyyətindən (əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması kimi) yanaşılsa və bank qəbzində göstərilən ödənişlə yanaşı digər şəkillərdə əks olunan məlumatlardakı məbləğləri də onlar tərəfindən aparılmış ödəniş kimi nəzərə alınsa (halbuki qarşılıqlı iddia üzrə iddiaçıların bu barədə iddia qaldırmağa subyektiv hüquqlarının olmadığını hesab edirlər, kredit müqavilələri üzrə onlar tərəfindən ödəniş aparılmasına dair sübut isə mövcud deyil) qarşılıqlı iddia üzrə iddiaçılar xx.xx.2022-ci il tarixdə aparılan 1060.04 manat ödənişi, xx.xx.2022-ci il tarixdə aparılan 93 manat ödənişi və xx.xx.2022-ci il tarixdə aparılan 90 manat ödənişi, cəmi 1243.04 manatı tələb edə bilməzlər. Çünki, Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qeyd olunan ödənişlərin sonuncusu xx.xx.2022-ci il tarixdə aparılsa da qarşılıqlı iddiaçılar qarşılqılı iddia ərizəsi ilə məhkəməyə həmin ödənişlərin aparılmasından 2 ildən artıq müddət keçdikdən sonra müraciət etmişlər (qarşılıqlı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur). Məsələyə digər bir tərəfdən də yanaşanda və nəzərə alınsa ki, Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar və mərhum borcalan X4 vərəsələri - Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 X11 hüququ haqqında Şəhadətnamə xx.xx.2023-cü il tarixdə verilmişdir, həmin şəxslərin vərəsə kimi miras qoyanın öhdəlikləri üçün məsuliyyəti xx.xx.2023-cü il tarixindən başlanır. O halda həmin tarixdən sonra aparılmış 450 manat ödənişi vərəsələr tərəfindən aparılmış ödəniş kimi, miras əmlakının həcminin isə 877.61 manat məbləğində pul vəsaiti olduğunu nəzərə alıb cavabdehlərin ilkin iddia üzrə 427.61 manat (877.61-450-427.61) borcu qaldığını müəyyən etmək olar. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçıların bu iddianı qaldırması üçün subyektiv hüquqları yoxdur. Ən yaxşı halda, subyektiv hüquqlarının olduğunu sübut edə biləcəkləri halda, onlar tərəfindən ödənildiyini iddia etdikləri 1966 manat vəsaitdən 1243,04 manat həcmində edilmiş ödənişlər üzrə əsassız varlanma üzrə 2 illik tələbetmə müddəti ötürülmüşdür. İddiaçıların vərəsə statusu alınanadək edilmiş ödənişlər (1516 manat) üzrə vərəsəlik hüquq münasibətlərinə istinad edərək (MM - 1306.1-ci maddəyə) məsuliyyətlərini məhdudlaşdırmaq barədə istinadları əsassızdır. Vərəsə statusu alındıqdan sonra cəmi 450 manat ödəniş edilmişdir. Miras əmlakın dəyəri isə 877,61 manatdır. Bankın tələbi 1153,87 manatdır. Etirazında qeyd olunanlardan da göründüyü kimi qarşılıqlı iddia üzrə iddia tələbi bir çox tərəfdən əsaslı və qanuni deyildir. Ona görə də təmin olunmamalıdır. Qeyd etdiklərinin nəzərə alınmasını ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında xəbardarlıq göndərilmiş iddiaçı nümayəndəsini göndərməmiş, lakin iddiçı “X8” ASC məhkəməyə ərizə göndərərək mülki işə (hazırlıq və baxış iclaslarında) iştirakları olmadan baxaraq iddia tələblərinin təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddi tələbi üzrə iddiaçı Cavabdeh2 işin məhkəmə baxışı iclası zamanı qarşılıqlı iddia tələbi üzrə cavabdehin təqdim etdiyi etirazların dəlillərinə dair mülahizəsinin məzmununa uygun məzmunlu izahatında iş materiallarına ilk iddiaçı tərəfindən etiraz daxil olduğunu, etirazın dəlilləri atasının adına açılmış kredit hesabı üzrə onun ölümündən sonra ödənilmiş ödənişlərin guya tərəflərindən icra edilməməsi, buna görə qarşılıqlı iddia tələbi üzrə subyektiv hüquqa malik olmamaqlarından və qarşılıqlı iddia ərizəsində göstərilən tələb üzrə kəsici müddətin ötməsindən ibarət olması ilə əsaslandırılmışdır. Hesab edir ki, “X8” ASC-nin ərizəsində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-900/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Göründüyü kimi, qanunverici mirasın aktivləri ilə yanaşı, passivlərinin də qəbul edilməsi faktını vərəsəlik şəhadətnaməsinin alınması tarixi ilə yox, mirasın faktiki qəbul edilməsi tarixi ilə şərtləndirmişdir. Qarşı tərəfin bunun əksini ifadə edən mövqeyi onun əsası olmayan mülahizələrindən ibarətdir. Bundan əlavə, tərəflərindən iş materiallarına əlavə edilmiş qəbzlərin özü belə ödənilən ödənişlərin tərəflərindən icra olunmasını təsdiq edir. Belə ki, xx.xx.2022-ci il tarixdə mərhum atası X4 adına açılmış kredit hesabı üzrə ödənilən 1060.04 manat pul vəsaiti qardaşı, iş üzrə digər iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş və onun imzası ilə təsdiq olunmuşdur. Qalan ödənişlər isə ona məxsus mobil cihaza bağlı proqram təminatı vasitəsilə mərhum borcluya məxsus kredit hesabı üzrə mədaxil olunmuş, iş materiallarına əlavə olunan qəbzlər onlayn çekin ekran görüntülərindən çıxarış edilmişdir. Göründüyü kimi, mərhum borclunun aktiv kredit hesabları üzrə onun ölümündən sonra edilən ödənişlərin tərəflərindən icra olunması iş materialları ilə tam sübuta yetirilir. Əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması tələbi ilə bağlı kəsici müddətin ötürülməsi barədə qarşı tərəfin dəlillərinə etiraz edərək bildirir ki, istinad olunan tələb üzrə müəyyən olunan kəsici müddət 2 ildir. Bu müddətin axımı isə hüququ pozulan şəxsin bunu bildiyi vaxtdan hesablanır. Hesab edir ki, həmin müddət sonuncu ödənişin edildiyi və ödənişlərin dayandırılması barədə tərəflərindən “X8” ASC-yə yazılı məlumatın verildiyi tarixdən hesablanmalıdır. Bundan əlavə, tərəflərindən edilən ödənişlərin 2 (iki) fərqli kredit hesabı üzrə ödənilməsi və buna görə də qarşılıqlı iddia ərizəsinə hazırkı icraatda baxıla bilməməsinə dair qarşı tərəfin istinad etdiyi dəlillərlə bağlı bildirmək istəyir ki, “X8” ASC-nin tələbi kredit münasibətləri ilə bağlı yox, vərəsəlik münasibətləri ilə bağlıdır. İlk iddiaçı kredit müqaviləsinin tərəfinə qarşı deyil, onun vərəsələrinə qarşı iddia qaldırmışdır. Eyni zamanda tərəflərindən edilən ödənişlər müxtəlif hesablara mədaxil olunsa da, iddia olunan əsassız varlanma faktı yalnız bir tərəfə münasibətdə istinad olunur. Beləliklə, eyni icraatda hər iki tələbə mahiyyəti üzrə baxılması mümkündür. Qeyd olunanların nəzərə alınmasını və “X8” ASC tərəfindən təqdim edilmiş etirazın dəlillərinin göstərilənlərə əsasən əsassız hesab edilməsini xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İmaməli qızı gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İmaməli qızının məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə digər cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşin 21 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası zamanı qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 ilk iddia tələbini qəbul etmədiyini, “X8” ASC-dən onlara telefon zəngi olunaraq mərhum atalarının borcu olduğunu, tərəfindən 1.000 manat, qardaşı İmaməli tərəfindən hər ay 90 manat banka ödəniş edildiyini, 18 avqust 2024-cü ildə 1.000 manat ödəniş etdiyini, atasının ölümündən sonra qardaşının banka ödəniş etdiyini bildirmişdir. Məhkəmə Cavabdeh2 dinləyib, iş materiallarını tədqiq edib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə X7 arasında 30 oktyabr 2017-ci ildə bağlanmış 527sSLY/17 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik 35 faiz dərəcəsi ilə 15.000 manat məbləğinədək krediti, kredit prosedurlarına görə 5% məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla verilmişdir. "xxxx" KB ASC tərəfindən təqdim olunmuş 20 avqust 2024-cü il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, X4 527sSLY/17 nömrəli kredit müqaviləsi üzrə 20 avqust 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 1153,87 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu, ümumilikdə 1153,87 manat məbləğində borcu vardır. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 02 avqust 2022-ci ildə Qaraciyərin ikinci bədxassəli yenitörəməsi səbəbindən Neftçala şəhərində ölmüşdür. X5 bank tərəfindən borcun qaytarılmasına dair 04 dekabr 2023-cü il tarixli bildiriş göndərilmişdir. “X11 Hüququ haqqında” xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, 02 avqust 2022-ci il tarixdə vəfat etmiş – X4 vərəsələri Neftçala şəhəri ünvanında qeydiyyatda olan Cavabdeh3, Neftçala şəhəri, məhəllə 6 ünvanında qeydiyyatda olan Cavabdeh1 və ünvan 2iyyatda olan Cavabdeh2 və onlardan hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının verdiyi 03-1/275 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən X1 xəstəlik vərəqəsinə görə ödəniləcək 877,61 manat pul vəsaitindən ibarətdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bank tərəfindən mərhum X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1153,87 manat ödənilməmiş borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Qarşılıqlı idda ərizəsinə əlavə edilmiş qəbzin surətindən görünür ki, X4 adından "xxxx" KB ASC-nın Salyan filialının hesabına xx.xx.2022-ci ildə 1060.04 manat kreditin nağd ödənilməsi həyata keçirilmişdir. Qarşılıqlı idda ərizəsinə əlavə edilmiş digər ödənişləri əks etdirən şəkillərdən görünür ki, “Unibank-old” xidmətinə 302TDBM FİN nömrəli ödəyicidən xx.xx.2022-ci ildə 93 manat, xx.xx.2022-ci ildə 90 manat, xx.xx.2022-ci ildə 91 manat, xx.xx.2023-cü ildə 91 manat, xx.xx.2022-ci ildə 91 manat, +994 51 510-93-26 nömrəli telefon vasitəsilə abunəçi X4 adından 19 fevral 2023-cü ildə 90 manat, 18 mart 2023-cü ildə 90 manat, 21 aprel 2023-cü ildə 90 manat, 18 iyun 2023-cü ildə 90 manat, 19 may 2023-cü ildə 90 manat ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Həmin Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən “X11 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Həmin Məcəlləsinin 1145-ci maddəsinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyan öldüyü gündən sonra onun ailə üzvləri (övladları) X1 adına açılmış kredit hesabları üzrə ödənişlər aparmaqla mirası faktiki olaraq qəbul etdiklərini nümayiş etdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558-ci maddəsinə əsasən “Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Eyni Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən “mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır”. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qeyd olunan iş üzrə borclu olması halı işin məhkəmə baxışı zamanı müəyyən edilmir. «X8» ASC-nin elə özü tərəfindən təqdim olunmuş sənədlərdən və bankın nümayəndəsinin məhkəmə iclası zamanı bildirdiklərindən, həmçinin X1 vərəsələrinin bildirdiklərindən və işə əlavə etdikləri sənədlərdən aydın olur ki, X1 vərəsələri tərəfindən cəmi 877.61 manat məbləğində miras qəbul edilmişdir. Halbu ki, X1 ölümündən sonra onun vərəsələrinin banka ödədikləri məbləğ 1966.40 manat təşkil edir və bu bank tərəfindən də mübahisələndirilmir. Belə olan halda mülki qanunvericiliklə müəyyən olunan normalardan da göründüyü kimi, mərhum borclunun qəbul edilmiş miras aktivinin həcmindən daha artıq olan öhdəlikləri onun vərəsələrinin mülki məsuliyyətini ifadə edə bilməz və bu səbəbdən qalıq kredit borcunun icrası borclu həyatda olmadığından mümkün deyil. Lakin bununla belə, qarşılıqlı iddia üzrə cavabdeh təşkilat X1 adına açılmış kredit hesabları üzrə onun ölümündən sonra vərəsələr tərəfindən ödənilmiş 1966.4 (min doqquz yüz altmış altı manat, 40 qəpik) manat pul vəsaitindən 1088.79 (min səksən səkkiz manat, yetmiş doqquz qəpik) manat həcmində əsassız varlanmışdır. Bunun əksi işin məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. İşin faktiki hallarından ilk iddia üzrə cavabdehlərin iddiaçıya 1153,87 manat məbləğində borclu olmaları görünmür. Əksinə işin faktiki halları ilə müəyyən olunur ki, X1 qeyd olunan kredit müqaviləsi üzrə ölümündən sonra onun vərəsələri miras qoyanın aktiv miras payına görə ödəniləcək 877,31 manat pul vəsaitini 1/3 hissədə qəbul edərək özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi banka tam ödəmişlər. X1 qeyd olunan müqavilə üzrə banka olan qalıq borcunun ödənilməsi isə miras qoyanın alınmış aktivindən daha artıq olduğu halda onun vərəsələrinə aid edilə bilməz. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəxsiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Göstərilənlərə əsasən ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin olunmalıdır. «X8» ASC məhkəməyə müraciət edərkən 31,94 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İlkin iddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği «X8» ASC-nin özünə aid edilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 məhkəməyə müraciət edərkən 32 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və xidmət haqqı «X8» ASC-dən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia tələbi üzrə iddiaçı «X8» ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası rədd olunsun. Ərizə ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 31,94 (otuz bir manat doxsan dörd qəpik) manat və 0,40 (qırx) qəpik xidmət haqqı «X8» ASC-nin özünə aid edilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdeh «X8» ASC-yə qarşı əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh «X8» ASC-dən X1 adına açılmış kredit hesabları üzrə onun ölümündən sonra ödənilmiş 1966,4 (min doqquz yüz altmış altı manat, qırx qəpik) manat pul vəsaitindən 1088,79 (min səksən səkkiz manat, yetmiş doqquz qəpik) manat həcmində olan hissəsi tutularaq iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilsin. Cavabdeh «X8» ASC-dən qarşılıqlı iddia tələbi üzrə dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh3 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-51/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-51/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver