Məhkəmə qərarları › İş №e-2(053)-536/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-536/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-536/2024 24.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.482,18 manat məbləğində əsas borc və 471,06 manat faiz borcu olmaqla, cəmi 4.953,24 manat məbləğində borcun və 69,94 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli, 100801-34133/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 17,5 faiz dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, Banka olan borcu ödəməmişdir. 16 aprel 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4.482,18 manat məbləğində əsas borcu və 471,06 manat faiz borcu olmaqla, ümumilikdə 4.953,24 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 dekabr 2022-ci il tarixli, 100801-34133/2 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – «Borcverən» və Cavabdeh – «Borcalan» olmaqla, bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə, illik 17,5 faiz dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imzalamışdır. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 14 dekabr 2025-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 16 aprel 2024-cü il tarixə 4.482,18 manat əsas borc və 471,06 manat faiz borcu olmaqla, cəmi 4.953,24 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 124 gün təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən «Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». Eyni Məcəllənin 445.1-ci maddəsinə əsasən «İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən «öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi» borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən «Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir». Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 14 dekabr 2022-ci il tarixli, 100801-34133/2 nömrəli kredit müqaviləsi üzrə 4.482,18 manat məbləğində əsas borc və 471,06 manat faiz borcu olmaqla, cəmi 4.953,24 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 69,94 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14 dekabr 2022-ci il tarixli, 100801-34133/2 nömrəli istehlak krediti müqaviləsi üzrə 4.482 (dörd min dörd yüz səksən iki) manat 18 (on səkkiz) qəpik məbləğində əsas borc və 471 (dörd yüz yetmiş bir) manat 06 (altı) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 4.953 (dörd min doqquz yüz əlli üç) manat 24 (iyirmi dörd) qəpik məbləğində borc, habelə dövlət rüsumu olaraq ödənilmiş 69 (altmış doqquz) manat 94 (doxsan dörd) qəpik məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar