Məhkəmə qərarları › İş №e-2(053)-536/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-536/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-536/2025 16.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə etməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.450 manat əsas məbləğ üzrə, 900,49 manat faiz üzrə, 583,95 manat cərimə, cəmi 5.934,44 manat borcun və məhkəməyə iddia ilə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 79,75 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə iclaslarını onların iştirakları olmadan baxaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 5018sSLY/20 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a illik 29% olmaq şərtilə 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) kredit ayırır. Kreditin ilkin limiti 1000 manat təyin edilir. “Bank” “Borcalan”a bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə minimum 1% maksimum 6% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı Borcalan tərəfindən əlavə olaraq ödənilir. xx.xx.2021-ci il tarixdə kredit limiti artırılaraq 4.450 manat edilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 36 ay müddətinə (kredit xəttindən istifadə müddəti), Kredit xəttindən istifadə müddətində kredit üzrə hər ay minimum bu borclar ödənilməlidir: kredit xəttindən istifadəyə görə komissiya, hesablanmış faiz borcu, taksitli alış verişlər üzrə cari ayın taksit borcu və kredit xəttindən nağdlaşdırılan məbləğin 5%-i. Kredit xəttinin müddəti bitdikdən sonra, növbəti ilk 12 ay müddətində 36-cı ay müddətinə təsadüf edən kredit xəttindən istifadə olunan məbləğin 5 %-i, taksitli alış veriş üzrə isə taksit ödənişləri həyata keçirilir, növbəti 12 ay isə "Borcalan” tərəfindən qalıq borc məbləğinin ödənilməsi annuitet cədvəli əsasında (aylıq ödəniş məbləği minimum 20 manat olmaq şərtilə) həyata keçirilir və bu zaman “Bank” bu müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcəsini 40 faizədək artıra bilər. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi minimum 29%, maksimum 40% təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-cı maddəsinə əsasən Borcverən "Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydada həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddia tələbini qəbul etdiyini, maddi imkansızlığı ilə əlaqədar banka olan borcunu ödəyə bilmədiyini, hazırda FHN-nin X1 baş zabit vəzifəsində işləməklə 1.100 manat əmək haqqı aldığını bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, tələb qismən təmin olunmalıdır. İş materiallarında olan 03 iyun 2020-ci il tarixli, 5018sSLY/20 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC – “borcverən” və Cavabdeh – “borcalan” olmaqla, “Bank” “Borcalan”a illik 29% olmaq şərtilə 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) kredit ayırır. Kreditin ilkin limiti 1000 manat təyin edilir. “Bank” “Borcalan”a bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə minimum 1% maksimum 6% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı Borcalan tərəfindən əlavə olaraq ödənilir. İşə əlavə olunmuş çıxarışdan görünür ki, Cavabdeh Albalı+ kredit kartının limiti artırılaraq 4.450 manat edilmişdir. İş materiallarında olan 24 fevral 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdehnın 5018sSLY/20 nömrəli kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 4.450 manat məbləğində əsas borcu, 900,49 manat məbləğində faiz borcu, 583,95 manat məbləğində cərimə borcu, cəmi 5.934,44 manat məbləğində borcu vardır. Cavabdeh bank tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır”. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”, “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 223 manat məbləğinə qədər azaldılmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 4.450 manat məbləğində əsas borcu, 900,49 manat məbləğində faiz borcu, 223 manat məbləğində cərimə borcu, cəmi 5.573,49 manat məbləğində borc "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddianın qismən təmin olunduğunu nəzərə alaraq tələbin təmin olunmuş hissəsinə uyğun olaraq 75,73 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4.450 (dörd min dörd yüz əlli) manat məbləğində əsas borcu, 900,49 (doqquz yüz manat qırx doqquz qəpik) manat məbləğində faiz borcu, 223 (iki yüz iyirmi üç) manat məbləğində cərimə borcu, cəmi 5.573,49 (beş min beş yüz yetmiş üç manat qırx doqquz qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 75,73 (yetmiş beş manat yetmiş üç qəpik) manat pul vəsaiti iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar