Məhkəmə qərarları › İş №e-2(053)-592/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-592/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-592/2024 16.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, 12 may 2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45668 olan «İPHONE 14 PRO MAX» markalı telefon üçün 2.912,94 manat ödənilməmiş hissə və 531,36 manat dəbbə; 15 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən «HP» markalı kompüter, «WİNDOWS 11», «MİCROSOFT OFFİCE» və «HP» çantası üçün 2.932,08 manat ödənilməmiş hissə və 554,62 manat dəbbə pulu olmaqla, ümumilikdə 6.931 manat borcun və 89,31 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılmasına etirazının olmadığını, iddianı müdafiə etdiyini bildirib qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 12 may 2023-cü il və 15 noyabr 2022-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********45668 olan «İPHONE 14 PRO MAX» markalı telefon, «HP» markalı kompüter, «WİNDOWS 11», «MİCROSOFT OFFİCE» və «HP» çantası almış və nəticədə onun ümumilikdə 6.931 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 12 may 2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə alğı-satqı qiyməti 2.912,94 manat (18 ay x 161,83 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********45668 olan «İPHONE 14 PRO MAX» markalı telefon üçün ümumilikdə 3.444,30 manat olmaqla ondan 2.912,94 manat ödənilməmiş qalan hissə və 531,36 manat dəbbə borcu, 15 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən isə cavabdehə alğı-satqı qiyməti 3.703,68 manat (24 ay x 154,32 manat + 0 manat ilkin ödəniş) olan «HP» markalı kompüter, «WİNDOWS 11», «MİCROSOFT OFFİCE» və «HP» çantası üçün ümumilikdə 3.486,70 manat olmaqla ondan 2.932,08 manat ödənilməmiş qalan hissə 554,62 manat dəbbə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 771,60 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə iddiaçı arasında bağlanmış 12 may 2023-cü il və 15 noyabr 2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı zamanı, həmçinin iddiaçının göndərdiyi 05 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubunda ona mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, o, müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 12 may 2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – «satıcı», Cavabdeh – «alıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 2.912,94 manat, İMEİ kodu **********45668 olan «İPHONE 14 PRO MAX» markalı telefon hər ay 161,83 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – «satıcı», Cavabdeh – «alıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh ümumi dəyəri 3.703,68 manat olan «HP» markalı kompüter, «WİNDOWS 11», «MİCROSOFT OFFİCE» və «HP» çantası hər ay 154,32 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 09 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, «alıcı» Cavabdeh 12 may 2023-cü il tarixli müqaviləyə əsasən 2.912,94 manat ödənilməmiş əsas məbləğ və 531,36 manat dəbbə olmaqla, cəmi 3.444,30 manat məbləğində; 15 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 2.932,08 manat ödənilməmiş əsas məbləğ və 554,62 manat dəbbə olmaqla, cəmi 3.486,70 manat, ümumilikdə isə 6.931 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur..». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən «Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir», «Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC cavabdehdən müqavilə üzrə ödənilməmiş əsas (qalıq) borc məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən «Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir». Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə (cərimə) pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı hər bir müqavilə üzrə 100 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 89,31 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 may 2023-cü il tarixli müqaviləyə əsasən 2.912 (iki min doqquz yüz on iki) manat 94 (doxsan dörd) qəpik məbləğində əsas borc və 100 (yüz) manat dəbbə pulu olmaqla, cəmi 3.012 (üç min on iki) manat 94 (doxsan dörd) qəpik məbləğində; 15 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 2.932 (iki min doqquz yüz otuz iki) manat 08 (səkkiz) qəpik məbləğində əsas borc və 100 (yüz) manat dəbbə pulu olmaqla, cəmi 3.032 (üç min otuz iki) manat 08 (səkkiz) qəpik, ümumilikdə 6.045 (altı min qırx beş) manat 02 (iki) qəpik məbləğində borc, habelə dövlət rüsumu olaraq ödənilmiş 89 (səksən doqquz) manat 31 (otuz bir) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar