Məhkəmə qərarları › İş №e-2(053)-602/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-602/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-602/2024 01.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala şəhəri, Neftçala Rayon Məhkəməsinin inzibati binası Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 13 sentyabr 2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 17 aprel 2024-cü il tarixinə yaranmış 800,20 manat əsas və 120 manat cərimə borcu olmaqla, cəmi 920,20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır». Eyni Məcəllənin 150.1.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinə «iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla)» əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-3.3-cü maddəsinə əsasən «Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Həmin Məcəllənin 284-3.4-cü maddəsinə əsasən «Ərizə «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 69.2 və 69.3-cü maddələrinə əsasən «Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir», «Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur». Həmin Məcəllənin 73.1 və 73.4-cü maddələrinə əsasən «Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir», «Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir». Eyni Məcəllənin 74.2-ci maddəsinə əsasən «İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir». Azərbaycan Respublikası MM-nin 362.5-ci maddəsinə əsasən «hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir». İddia ərizəsinə əlavə edilmiş «hüquqi şəxslərinin Dövlət qeydiyyatı barədə» çıxarışda X4 İddiaçı MMC-nin təsisçisi kimi göstərilib. Həmçinin iddia ərizəsinə İddiaçı MMC-nin direktoru vəzifəsini icra edən X3 tərəfindən MMC-nin hüquq şöbəsinin müdiri Nümayəndə adına İddiaçı MMC-yi məhkəmələrdə təmsil etmək səlahiyyəti verilmiş 01 aprel 2024-cü il tarixli 171 nömrəli etibarnamə əlavə edilib. Hazırkı iddia ərizəsi Nümayəndə tərəfindən imzalanaraq məhkəməyə elektron qaydada təqdim edilmişdir. Qeyd olunur ki, 01 aprel 2024-cü il tarixli 171 nömrəli etibarnamə İddiaçı MMC-nin direktoru vəzifəsini icra edən digər şəxs kimi göstərilmiş Rövşən Mehdiyev tərəfindən imzalanmış və üzərində İddiaçı MMC-nin adı yazılmış müvafiq möhürlə təsdiq edilmişdir. Lakin iddia ərizəsinə Rövşən Mehdiyevə (eləcə də X2) İddiaçı MMC-nin direktoru vəzifəsinin icra edilməsinin həvalə olunması barədə heç bir mötəbər sübut (müqavilə, əmr, xidməti vəzifəsini bildirən, etibarnamələr vermək səlahiyyətinin olmasını təsdiq edən sənədlər və sair) əlavə edilməyib. Qeyd olunmalıdır ki, qüvvədə olan mülki qanunvericiliyə görə şəxs yalnız özünə məxsus olan səlahiyyəti digər şəxsə etibar edə bilər. Şəxsin özünə aid olmayan səlahiyyəti başqasına ötürməsi isə yolverilməzdir. X1 müvafiq səlahiyyətə malik olmasına, iddia ərizəsini imzalamaq səlahiyyətinin onun tərəfindən Nümayəndə etibar edilməsinin qanuniliyinə suallar yaradır və 01 aprel 2024-cü il tarixli 171 nömrəli etibarnamənin qanuniliyini şübhə altına alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Nümayəndə mövcud vəziyyətdə iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmayıb. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən «iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır». Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən «Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». İddia ərizəsini imzalamış Nümayəndə həmin səlahiyyətə malik olması halının təqdim edilmiş sənədlərlə müəyyən olunmadığını və prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar