Məhkəmə qərarları › İş №e-2(053)-603/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-603/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-603/2025 18.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı Cavabdeh qarşı «borcun tutulmasına dair» iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək 5866,33 manat məbləğində borcun, 500 manat cərimənin və ödənilmiş 83,66 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır». Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə «iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb» göstərilməlidir. Eyni Məcəllənin 150.1.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinə “iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla)” əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 69.2 və 69.3-cü maddələrinə əsasən “Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir”, “Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur”. Həmin Məcəllənin 73.1 və 73.4-cü maddələrinə əsasən “Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir”, “Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir”. Eyni Məcəllənin 74.2-ci maddəsinə əsasən “İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir”. Azərbaycan Respublikası MM-nin 363.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir». İddia ərizəsinə Azərbaycan Respublikası “Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron portaldan çıxarış”, VÖEN, əmək kitabçasının təsdiq olunmuş surəti və etibarnamənin təsdiq olunmuş surəti əlavə edilməmişdir. Qeyd olunduğu kimi həmin çıxarışın, əmək kitabçasının olmaması MPM-nin 89-cu maddəsinin tələblərinə ziddir və bu səbəbdən məhkəmə tərəfindən A.Əlizadənin səlahiyyətlərini təsdiq edə biləcək yazılı sübutların olmaması şübhə yaradır. Bunu qeyd etməklə yanaşı, məhkəmə hər bir halda aşağıdakılara da diqqət yetirməyi zəruri sayır. Sonuncu hazırkı iş üzrə iddia ərizəsini imzalayıb. Məhkəmə qeyd etməyi zəruri sayır ki, iddia ərizəsinə İddiaçı MMC-nın adından məhkəmədə çıxış etmək səlahiyyətini təsdiq edə biləcək heç bir mötəbər sübut əlavə edilməyib (məsələn, MMC-nin nizamnaməsi). Qeyd olunmalıdır ki, qüvvədə olan mülki qanunvericiliyə görə şəxs yalnız özünə məxsus olan səlahiyyəti digər şəxsə etibar edə bilər. Şəxsin özünə aid olmayan səlahiyyəti başqasına ötürməsi isə yolverilməzdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, A.Əlizadə mövcud vəziyyətdə iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmayıb. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş sənədlərlə iddia tələbi arasında fərqlilik mövcuddur. Tələb qeyd olunan sənədlərlə eynilik daşımır. Həmçinin iş materiallarına maliyyə arayışı əlavə edilməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin forma və məzmununa riayət edilməməklə tərtib olunmuş, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməməklə yuxarıda göstərilən qanunvericiliyin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» və «iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». İddia ərizəsini imzalamış A.Əlizadənin həmin səlahiyyətə malik olması halının təqdim edilmiş sənədlərlə müəyyən olunmadığını, əsasən tələbin işə əlavə edilmiş sənədlərlə fərqli olduğunu və prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 – 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «borcun tutulmasına dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin qüvvəsinə görə «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar