Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-62/2024 12.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı QSC BOKT-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5.121,46 manat əsas borcun, 26,48 manat faiz borcunun, cəmi 5.147,94 manat borcun və 71,47 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 28 noyabr 2023-cü ildə məhkəməyə ərizə və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı, həmçinin hesabdan çıxarış təqdim edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra borcalan tərəfindən ödənişlər edildiyini bildirib iddia tələbinin həcminin yeni maliyyə arayışına uyğun olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSC BOKT-nin İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli, 86 saylı qərarının icrası ilə əlaqədar İddiaçı QSC BOKT-nin Salyan filialı ilə Cavabdeh3 arasında 30 sentyabr 2020-ci il tarixli 22 saylı restrukturizasiya müqaviləsi bağlandığını bildirmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh3 6.917,33 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 60 ay müddətində İddiaçı QSC-yə ödəməsi barədə öhdəlik götürmüşdür. Cavabdehlə bağlanmış 30 sentyabr 2020-ci il tarixli 22 saylı fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsinin təminatı kimi İddiaçı QSC BOKT-nin Salyan filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 30 sentyabr 2020-ci il tarixli 22 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda müqavilənin şərtlərinə əməl etməmiş, əsas və faiz borcunu tam olaraq ödəməmişdir. Bununla da Cavabdeh3 restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Hazırda Cavabdeh3 İddiaçı QSC-yə olan əsas borcu 4.699,80 manat, faiz borcu 6,81 manat, cəmi borcu 4.706,61 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh3 gəlməmiş, lakin məhkəməyə elektron qaydada məlumat verərək xəstə olması səbəbindən məhkəmədə iştirak etməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehlərin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduqlarına baxmayaraq, gəlmədiklərini üzrsüz saymış və bunu nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. 30 sentyabr 2020-ci il tarixli 22 nömrəli fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT– «kreditor», Cavabdeh3 – «borclu» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh3 vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 6.917,33 manat qalıq məbləğinin ödənilməsi məqsədi ilə 6.917,33 manat məbləğində güzəştli kredit verməyi, borclu isə verilmiş krediti və ona hesablanmış faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Kreditin illik faizi 1% olmaqla 5 il müddətinə verilir. İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, «müştəri» Cavabdeh3 30 sentyabr 2020-ci il tarixli 22 saylı müqavilə üzrə 4.699,80 manat ödənilməmiş əsas məbləğ və 6,81 manat faiz borcu olmaqla – cəmi 4.706,61 manat məbləğində borcu vardır. Zaminlik müqavilələrindən görünür ki, kreditin təminatı olaraq İddiaçı QSC BOKT ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən «Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür». Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən «Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar», «Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır». İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı QSC BOKT cavabdehlərdən kredit borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Tələbin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 30 sentyabr 2020-ci il tarixli 22 saylı müqavilə üzrə 4.699 (dörd min altı yüz doxsan doqquz) manat 80 (səksən) qəpik məbləğində əsas borc, 06 (altı) manat 81 (səksən bir) qəpik məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 71 (yetmiş bir) manat 47 (qırx yeddi) qəpik məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit təşkilatına ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-62/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-62/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver