Məhkəmə qərarları › İş №e-2(053)-628/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-628/2024

13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-628/2024 13.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 853,80 manat məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 işin 02 iyul 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclası zamanı iddianı müdafiə edərək, bildirmişdir ki, Cavabdeh 08 mart 2023-cü il tarixində, saat 12:05 radələrində Salyan-Neftçala yolunun 30-cu kilometrliyində ekskovatorla qazıntı işləri apardığı zaman İddiaçı Xətt Təsərrüfatına Xidmət Şöbəsinin (əvvəlki X2 Qovşağı) balansında olan FO-24 markalı rabitə kabeli qırılmışdır. FO-24 markalı rabitə kabelinin qırılması nəticəsində İddiaçı MMC-yə 853,80 manat məbləğində ziyan dəymişdir. Rabitə kabelinin Cavabdeh tərəfindən qırılması ilə əlaqədar cavabdehin iştirakı ilə 08 mart 2023-cü il tarixdə akt tərtib olunmuşdur. Cavabdeh vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına 16 may 2023-cü il və 22 aprel 2024-cü il tarixlərində zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin zərər bu günədək ödənilməmişdir. Bu səbəbdən Cavabdeh qarşı maddi ziyan tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul edərək bildirmişdir ki, 08 mart 2023-cü il tarixdə Neftçala rayonu, Boyat kəndində yaşadığı evin həyətyanı sahəsinə gedən su xəttinin təmiri ilə əlaqədar apardığı qazıntı işləri zamanı İddiaçı MMC-yə məxsus rabitə kabeli qırılmışdır. Bununla əlaqədar İddiaçı MMC-nin əməkdaşlarının, həmçinin onun iştirakı ilə 08 mart 2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin akta o, da imza edib. Qəza nəticəsində iddiaçıya dəymiş ziyanın məbəğinin 853,80 manat olması müəyyən edilərək həmin ziyanın ödənilməsi barədə ona rəsmi məktub göndərilmişdir. Maddi baxımdan imkanı olmadığından həmin məbləği ödəyə bilməmişdir. Hazırda da dəymiş ziyanın məbləğini bir dəfəyə ödəmək imkanı yoxdur. Lakin qətnamə çıxarıldıqdan sonra həmin məbləği hissə-hissə ödəyəcəkdir. Ona görə də iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə tərəfləri dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 08 mart 2023-cü il tarixdə İddiaçı MMC-nin Texniki departamentinin Xətt-təsərrüfatına xidmət şöbəsinin (KTXM) Salyan XQ-nin rəisi X3, Salyan XQ-nin qaynaqçı-operatorları X4 və X1, Neftçala rayonu Boyat kənd İƏDN-si X5 və Neftçala rayonu Boyat kənd sakini Cavabdeh iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 08 mart 2023-cü il tarixdə, saat 12.05 radələrində Neftçala rayonu, Boyat kəndi ərazisində istismarda olan Salyan-Neftçala istiqamətli FO-24 rabitə kabeli Neftçala rayonu, Boyat kənd sakini Cavabdeh rəhbərliyi ilə Salyan-Neftçala avtomobil yolunun 30-cu km-də, avtomobil yolunun sağ tərəfində, öz həyətyanı sahələrinə gedən su xəttinin təmiri ilə əlaqədar ekskovatorla aparılan torpaq-qazıntı hadisəsi nəticəsində sıradan çıxmış, nəticədə Salyan-Neftçala istiqamətli FO-24 istiqamətləri üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmişdir. Bununla da sıradan çıxan avadanlıqların dəyəri və xidmətlərdə yaranmış fasilə nəticəsində rabitə müəssisəsinə maddi zərər dəymişdir. Araşdırma nəticəsində baş vermiş hadisənin Neftçala rayonu, Boyat kənd sakini Cavabdeh tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olmuşdur. İş materiallarında olan 15 may 2023-cü il tarixli maddi zərərin hesablanmasına dair smetadan görünür ki, FO-24 markalı rabitə kabelinin zədələnməsi nəticəsində İddiaçı MMC-yə ümumilikdə 853,80 manat maddi zərər vurulmuşdur. İş materiallarına əlavə edilmiş 16 may 2023-cü il tarixli məktubdan və 22 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə dəymiş zərərin ödənilməsi ilə bağlı müvafiq qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda göstərilən normalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 853 (səkkiz yüz əlli üç) manat 80 (səksən) qəpik, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar