Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-638/2025 15.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 aprel 2024-cü il tarixli müqaviləyə əsasən, “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, “Hoffmann” markalı soyuducu üçün 613,78 manat ödənilməmiş hissə, 61,38 manat cərimə; 31 may 2024-cü il tarixli müqaviləyə əsasən “Paket M” xidməti, “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, İMEİ kodu **********60181 olan “Xıaomı Redmı 13C” markalı telefon üçün 341,07 manat ödənilməmiş hissə, İnnovativ layihələr mərkəzinə ödənilən 23,60 manat rüsum və 34,11 manat cərimə; 17 aprel 2024-cü il tarixli müqaviləyə əsasən “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, “Evgo” markalı paltaryuyan üçün 254,07 manat ödənilməmiş hissə və 25,41 manat cərimə olmaqla, ümumilikdə 1.353,41 manat borcun və 33,54 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 16 aprel 2024-cü il, 31 may 2024-cü il və 17 aprel 2024-cü tarixli müqavilələrə əsasən “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, “Hoffmann” markalı soyuducu, “Paket M” xidməti, “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, İMEİ kodu **********60181 olan “Xıaomı Redmı 13C” markalı telefon, “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, “Evgo” markalı paltaryuyan almış və nəticədə 1.353,41 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 16 aprel 2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 806,88 manat (24 ay x 33,62 manat + 0 manat ilkin ödəniş) olan “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, “Hoffmann” markalı soyuducu üçün ümumilikdə 675,16 manat olmaqla ondan 613,78 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61,38 manat cərimə borcu hesablanmışdır. 31 may 2024-cü il tarixli müqaviləyə əsasən isə alğı-satqı qiyməti 493,32 manat (12 ay x 41,11 manat + 0 manat ilkin ödəniş) olan “Paket M” xidməti, “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, İMEİ kodu **********60181 olan “Xıaomı Redmı 13C” markalı telefon üçün ümumilikdə 398,78 manat olmaqla ondan 341,07 manat ödənilməmiş hissə, İnnovativ layihələr mərkəzinə ödənilən 23,60 manat rüsum və müştəriyə güzəşt olunaraq 34,11 manat cərimə borcu hesablanmışdır. Həmçinin 17 aprel 2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 356,04 manat (18 ay x 19,78 manat + 0 manat ilkin ödəniş), “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, “Evgo” markalı paltaryuyan üçün ümumilikdə 279,48 manat olmaqla ondan 254,07 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 25,41 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 447,32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə iddiaçı arasında bağlanmış 16 aprel 2024-cü il, 31 may 2024-cü il və 17 aprel 2024-cü tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı zamanı, həmçinin iddiaçının göndərdiyi 17 mart 2025-ci il tarixli xəbərdarlıq məktubunda ona mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, o, müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hallarda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ layihələr mərkəzinə ödənilən rüsumu tələb edə bilər. Müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 aprel 2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 806,88 manat olan “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, “Hoffmann” markalı soyuducu hər ay 33,62 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 31 may 2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 493,32 manat olan “Paket M” xidməti, “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, İMEİ kodu **********60181 olan “Xıaomı Redmı 13C” markalı telefon hər ay 41,11 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 356,04 manat olan “Qızıl zəmanət ultra 3 il (Kontakt)” xidməti, “Evgo” markalı paltaryuyan hər ay 19,78 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 27 mart 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında satılmış İMEİ kodu **********60181 olan “Xıaomı Redmı 13C” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ layihələr mərkəzinə 23,60 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 27 mart 2025-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdehnun 16 aprel 2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 613,78 manat ödənilməmiş əsas məbləğ və 61,38 manat cərimə olmaqla, cəmi 675,16 manat məbləğində, 31 may 2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 341,07 manat ödənilməmiş əsas məbləğ, İnnovativ layihələr mərkəzinə ödənilən 23,60 manat rüsum və 34,11 manat cərimə olmaqla, cəmi 398,78 manat məbləğində və 17 aprel 2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 254,07 manat ödənilməmiş əsas məbləğ və 25,41 manat cərimə olmaqla, cəmi 279,48 manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcları 16 aprel 2024-cü il tarixli müqavilə üzrə cərimə borcu 15 manat, 31 may 2024-cü il tarixli müqavilə 10 manat və 17 aprel 2024-cü il tarixli müqavilə üzrə 5 manat məbləğlərinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 16 aprel 2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 613,78 manat ödənilməmiş əsas məbləğ və 15 manat cərimə olmaqla – cəmi 628,78 manat məbləğində, 31 may 2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 341,07 manat ödənilməmiş əsas məbləğ, İnnovativ layihələr mərkəzinə ödənilən 23,60 manat rüsum və 10 manat cərimə olmaqla – cəmi 374,67 manat məbləğində, habelə 17 aprel 2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 254,07 manat ödənilməmiş əsas məbləğ və 5 manat cərimə olmaqla – cəmi 259,07 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 33,54 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16 aprel 2024-cü il tarixli müqavilə üzrə 613 (altı yüz on üç) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində əsas borc və 15 (on beş) manat cərimə olmaqla, cəmi 628 (altı yüz iyirmi səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik; 31 may 2024-cü il tarixli müqavilə üzrə 341 (üç yüz qırx bir) manat 07 (yeddi) qəpik məbləğində əsas borc, 23 (iyirmi üç) manat 60 (altmış) qəpik İnnovativ layihələr mərkəzinə rüsum və 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 374 (üç yüz yetmiş dörd) manat 67 (altmış yeddi) qəpik; 17 aprel 2024-cü il tarixli müqavilə üzrə 254 (iki yüz əlli dörd) manat 07 (yeddi) qəpik məbləğində əsas borc 5 (beş) manat məbləğində cərimə olmaqla 259 (iki yüz əlli doqquz) manat 07 (yeddi) qəpik məbləğində borc və 33 (otuz üç) manat 54 (əlli dörd) qəpik məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 1.296 (min iki yüz doxsan altı) manat 06 (altı) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-638/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-638/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver