Məhkəmə qərarları › İş №e-2(053)-656/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-656/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-656/2023 15.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə iddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə 4910,21 manat məbləğində əsas borcun, 876,60 manat məbləğində faiz borcu, 171,16 manat cərimə olmaqla, cəmi 5957,97 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 79,58 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMM QBKT iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli, **********2329 saylı Kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 346 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən Kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesblanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 06 iyun 2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 4910,21 manat, faiz borcuna görə 876,60 manat, cərimə borcuna görə 171,16 manat, cəmi 5957,97 manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Ona görə də məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin "xxxx" MMM QBKT-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə göndərilmiş 10 avqust 2023cü il tarixli teleqramda işə onların iştirakı olmadan baxılması və qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı "xxxx" MMM QBKT -nin ona qarşı iddia tələbini qismən qəbul edir. Qeyd edir ki, maddi çətinliyi olduğu üçün borcunu ödəyə bilməmişdir. İddia tələbində göstərilən əsas borca və faiz borcuna etirazı yoxdur, lakin cərimə borcunun silinməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçı "xxxx" MMM QBKT-nin ona qarşı iddia tələbini qismən qəbul edir. Qeyd edir ki, maddi çətinliyi olduğu üçün borc məbləğini ödəyə bilməmişdir. İddia tələbində göstərilən əsas borca və faiz borcuna etirazı yoxdur, lakin cərimə borcunun silinməsini, iddianın qismən təmin olunmasını xahiş edilmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında 30 sentyabr 2022-ci il tarixli **********2329 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Kredit öhdəliyinin təminatı olaraq 30 sentyabr 2022-ci il tarixdə iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında **********2***-******* saylı Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" MMM QBKT-yə 4910,21 manat məbləğində əsas borc, 876,60 manat məbləğində faiz borcu, 171,16 manat cərimə borcu olmaqla, cəmi 5957,97 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən “Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”, “Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”, “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMM QBKT cavabdehlərdən kredit məbləğini və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 50 manat məbləğinə qədər azaldılmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 79,58 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin əsas etibarilə qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə uyğgun olaraq, yəni 78,36 manat məbləği cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4910,21 (dörd min doqquz yüz on manat iyirmi bir qəpik) manat məbləğində əsas borc, 876,60 (səkkiz yüz yetmiş altı manat altmış qəpik) manat məbləğində faiz borcu 50 (əlli) manat cərimə borc olmaqla, cəmi 5836,81 (beş min səkkiz yüz otuz altı manat səksən bir qəpik) manat borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 78,36 (yetmiş səkkiz manat otuz altı qəpik) manat tutularaq iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar