Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-692/2025 12.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.540,71 AZN əsas məbləğ üzrə, 736,51 AZN faiz üzrə, 85,95 AZN cərimə üzrə borc və 0 AZN komisyon haqqı olmaqla, cəmi 5.363,17 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 74,04 AZN məbləğində vəsaitin "xxxx" KB ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 05 may 2023-cü il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 nömrəli 28 dekabr 2021-ci il tarixli «Bank xidmətlərinə dair ümumi oferta» ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına 11 mart 2024-cü il tarixində 10 mart 2027-ci il tarixədək illik 26,5 faiz olmaqla istehlak məqsədləri üçün 5.000 AZN nağd kredit (komissiya 155 AZN, aylıq ödəniş hər ayın 11-i 203 AZN) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit № 8991nkAHMb/23). Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası hesabdan çıxarışda əks olunmuşdur. Ümumi ofertanın 20.9-cu bəndinə əsasən «müştəri» kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə «bank» borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydada həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, lakin məhkəmənin 17 iyul 2025-ci il tarixdə keçirilən hazırlıq iclasında iddianı qəbul edərək iş yoldaşı üçün bankdan kredit götürdüyünü bildirmişdir. Lakin sonradan iş yoldaşı banka olan borcunu ödəyə bilməmiş, özü onun əvəzinə ödənişlər etmişdir. Qeyd edir ki, tələb olunan borc məbləği ilə razıdır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 17 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini, maddi sıxıntıları səbəbindən borcu ödəyə bilmədiyini, borcunu hissə-hissə ödəyəcəyini, işi ilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək iddianın cərimə məbləğini azaltmaqla təmin olunmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «ərizə-anket və imza nümunəsi»ndən, həmçinin «Sms mətn»dən görünür ki, Cavabdeh 05 may 2023-cü il tarixində 01U/21 nömrəli 28 dekabr 2021-ci il tarixli «Bank xidmətlərinə dair» Ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, daha sonra Bank tərəfindən ona göndərilmiş «Sənə xususi teklif: illik 26,5%-le 5000 AZN. Komissiya 155 AZN. Her ay odenish 203 AZN. Tesdiq uchun YES yaz...» məzmunlu sms-i qəbul edib təsdiqlədikdən sonra Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq bank tərəfindən 11 mart 2024-cü il tarixində 10 mart 2027-ci il tarixədək illik 26,5 faiz olmaqla istehlak məqsədləri üçün 5.000 AZN nağd kredit (komissiya 155 AZN, aylıq ödəniş hər ayın 11-i 203 AZN) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit № 8991nkAHMb/23). "xxxx" KB ASC tərəfindən təqdim olunmuş 11 aprel 2025-ci il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, Cavabdeh 8991nkAHMb/23 nömrəli kredit müqaviləsi üzrə 11 aprel 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 4.540,71 manat məbləğində əsas, 736,51 manat məbləğində faiz və 85,95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5.363,17 manat məbləğində borcu vardır. Cavabdeh bank tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur…». Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən, «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 30 manat məbləğinə qədər azaldılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti, ona hesablanmış faizləri və cəriməni tələb etmək hüququna malikdir. "xxxx" KB ASC məhkəməyə müraciət edərkən xidmət haqqı ilə birlikdə 74,04 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4.540 (dörd min beş yüz qırx) manat 71 (yetmiş bir) qəpik məbləğində əsas borc, 736 (yeddi yüz otuz altı) manat 51 (əlli bir) qəpik məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 5.307 (beş min üç yüz yeddi) manat 22 (iyirmi iki) qəpik borc, habelə məhkəməyə müraciət edilərkən dövlət rüsumu kimi ödənilmiş 74 (yetmiş dörd) manat 04 (dörd) qəpik tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-692/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-692/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver