Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-71/2025 20.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.472,96 manat məbləğində borc pulun və 34,73 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 03 avqust 2022ci il tarixli, WP0262 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ilkin ödəniş 150 manat olmaqla, hər ay 223 manat, sonuncu ay isə 219 manat ödəmək şərtilə 12 ay müddətinə 1.182 manat dəyərində 1 ədəd soyuducu, 1.640 manat dəyərində 1 ədəd «Eurolux» markalı kondisioner almış və bu əşyaları təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Cavabdeh müqavilə üzrə borcundan 04 avqust 2023cü il tarixədək ümumilikdə 1.663 manat məbləğində ödəniş etsə də, sonrakı aylar üzrə heç bir ödəniş etməmişdir. Belə ki, o, nisyə alğı-satqı müqaviləsinin 1 nömrəli əlavəsində nəzərdə tutulmuş ödəniş qrafikinə əsasən borcunu 05 avqust 2023-cü il tarixdə yekunlaşdıracağı ilə bağlı öhdəlik götürsə də, bu öhdəlikdən yayınmışdır. Nəticədə onun iddiaçıya 1.008,80 manat məbləğində əsas borcu və nisyə alğı-satqı müqaviləsinin 2.4.4cü bəndinə əsasən gecikmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5 faizi həcmində cərimə, yəni 464,96 manat olmaqla ümumilikdə 1.472,96 manat borcu yaranmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə, həmçinin iddia bildirişi məktubu göndərilməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Onun bəhanələri məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyan formal xarakterli subyektiv mülahizələrdən ibarətdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli, WP0262 nömrəli nisyə alğı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavə olunmuş 1 saylı əlavədən görünür ki, "xxxx" MMC – «satıcı», Cavabdeh – «alıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri ümumilikdə 2.822 manat olan 1 ədəd soyuducu və 1 ədəd «Eurolux» markalı kondisioner ilkin ödəniş 150 manat olmaqla, hər ay 223 manat, sonuncu ay isə 219 manat ödəmək şərtilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, təhvil verən – "xxxx" MMC tərəfindən dəyəri ümumilikdə 2.822 manat olan 1 ədəd soyuducu və 1 ədəd «Eurolux» markalı kondisioner təhvil alan ‒ Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 17 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 1.008,80 manat əsas borcu və 464,96 manat əlavə borc olmaqla, cəmi 1.473,76 manat məbləğində borcu vardır. İşdə olan iddia bildirişlərindən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur..». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən «Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir», «Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC cavabdehdən müqavilə üzrə ödənilməmiş əsas borc məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsinə əsasən, «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən «Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir». Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə (cərimə) pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı 50 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 34,73 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 avqust 2022-ci il tarixli, WP0262 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən 1.008 (min səkkiz) manat 80 (səksən) qəpik məbləğində əsas borc və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1.058 (min əlli səkkiz) manat 80 (səksən) qəpik məbləğində borc, habelə dövlət rüsumu olaraq ödənilmiş 34 (otuz dörd) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-71/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-71/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver