Məhkəmə qərarları › İş №e-2(053)-774/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-774/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-774/2025 28.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadə etdiyinə görə yaranmış 519,02 manat əsas borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 17 mart 2025-ci ildə məhkəməyə ərizə göndərərək İddiaçı ona qarşı pul tələbinə dair mülki iş üzrə iddianın yazılı icraat qaydasından iddia icraatı qaydasına keçirilməsi və tərəflərin iştirakı təmin edilməklə məhkəmə iclasının keçirilməsini xahiş etdiyindən 04 iyun 2025-ci il tarixli qərardadla İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təbii qazdan istifadəyə görə 01 aprel 2025-ci il tarixə 519,02 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. İddiaçı Salyan X2 İdarəsi tərəfindən 519,02 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə 18 aprel 2025-ci il tarixli 01İR/08-410 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh 519,02 manat borcunu ödəməmiş, Salyan X2 İdarəsi ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğısatqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilənin 3.4cü bəndinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərinin tam ödənilməsi istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Ona görə də məhkəməyə müraciət edilmişdir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul edərək gözündən iki dəfə əməliyyat olunduğunu və bu səbəbdən borcu ödəyə bilmədiyini bildirmişdir. Aylıq cəmi 220 manat pensiya alır və onun da yarısı banka olan borcuna çıxılır. İddiaçının tələb etdiyi məbləği birdəfəlik ödəmək iqtidarında deyil. Lakin borcu hissə-hissə ödəməyə hazırdır. Göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı Salyan X2 İdarəsi ilə Cavabdeh arasında bağlanmış XS-19-03089/23 nömrəli 25 may 2023-cü il tarixli müqavilədən, həmçinin abonenti saldosundan görünür ki, Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən 459 nömrəli evə G-4T markalı 12541353 nömrəli qaz sayğacı quraşdırılıb. İş materiallarına əlavə edilmiş abonentin saldosundan həmçinin görünür ki, Cavabdeh İddiaçı İB-yə 519,02 manat borcu var. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». İşə əlavə olunmuş sənədlərlə iddiaçının cavabdehə olan borcu 519,02 manat məbləğində müəyyən edilir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ vardır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir»; «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 519 (beş yüz on doqquz) manat 02 (iki) qəpik məbləğində borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar