Məhkəmə qərarları › İş №e-2(053)-811/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-811/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-811/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə arasında bağlanmış 902micSLY/22 saylı kredit müqaviləsi üzrə 5102 manat əsas məbləğ, 623,95 manat faiz üzrə, 15,35 manat cərimə olmaqla, cəmi 5741,30 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 77,82 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmə elektron sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə iştirakları olmadan baxaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi 18 avqust 2023-cü il tarixdə iddia tələbinin Azərbaycan Respubliksı MPM-nin 53-cü maddəsinə əasasən dəyişdirilərək aşağıdakı redaksiyada oxunmasını xahiş etmişdir. “Cavabdehlər Cavabdeh1 Cəfər qızı və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nın xeyrinə əsas məbləğ üzrə 5102 AZN, faiz üzrə 623,95 AZN, 15,35 AZN cərimə olmaqla, cəmi 5741,30 AZN borcun və 77,82 AZN məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarmağınızı xahiş edirik.” "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 902micSLY/22 nömrəli, 06 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana istehlak məqsədləri üçün illik 24% olmaqla, 60 ay müddətinə 5102 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış Əlavə kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin "Borcalan" tərəfindən “Borcverən”ə qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri ilə müəyyən olunur. Bundan başqa Cavabdeh2 865micSLY/20 saylı Zaminlik Müqaviləsini imzalamaqla "Zamin” kimi "Borcalan'ın yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, müqavilə üzrə müəyyən edilmiş əsas borc, kreditdən istifadəyə görə faiz borcları, "Borcalan"ın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn dəbbə pulu, vurulmuş zərərin əvəzi, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşlər. Lakin cavabdeh Müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdehlər X3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin X1 Rayon Məhkəməsinə teleqram göndərərək, 31 avqust 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəciyini, işə iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmiş, digər cavabdeh Umudov X4 Rayon Məhkəməsinə ərizə təqdim edərək bildirmişdir ki, anasının xəstəliyi ilə əlaqədar olaraq banka olan borcunu ödəyə bilməmiş, borcunu hissə-hissə ödəməyə etiraz etmədiyini və 31 avqust 2023-cü il tarixli baxış iclasına gələ bilməyəciyini və iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 902micSLY/22 nömrəli, 06 iyul 2022-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti – “Borcverən” və Cavabdeh1 – “Borcalan” olmaqla, Cavabdeh1 06 iyul 2027-ci il tarixədək illik 24% ödəmək şərtilə 5102 manat məbləğində 60 ay müddətinə kredit limiti ayırmışdır. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 902micSLY/22 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 5102 manat əsas məbləğ, 623,95 manat faiz üzrə, 15,35 manat cərimə olmaqla, cəmi 5741,30 manat məbləğində borcu vardır. Bununla yanaşı, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında 06 iyul 2022-ci ildə zaminlik müqaviləsi bağlanaraq, Cavabdeh2 06 iyul 2022-ci il tarixli, 902micSLY/22 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh1 902micSLY/22 nömrəli, 06 iyul 2022-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" KB ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən “Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən “Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi huququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər”. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5102 manat əsas məbləğ, 623,95 manat faiz üzrə, 15,35 manat cərimə olmaqla, cəmi 5741,30 manat borc "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 77,42 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5102 (beş min yüz iki) manat əsas məbləğ, 623,95 (altı yüz iyirmi üç manat doxsan beş qəpik) manat faiz üzrə, 15,35 (on beş manat otuz beş qəpik) manat cərimə olmaqla, cəmi 5741,30 (beş min yeddi yüz qırx bir manat otuz qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 77,42 (yetmiş yeddi manat qırx iki qəpik) manat pul vəsaiti və 0,40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar