Məhkəmə qərarları › İş №e-2(053)-818/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-818/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-818/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması ” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Heybətov Mahir İdris oğlunun vərəsəsi-Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 07 oktyabr 2019-cu il tarixli, BMP**********27 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 6469,76 manat məbləğində əsas borcun, 0 manat faiz olmaqla, cəmi 6469,76 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 84,70 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Şirvan” filialı ilə cavabdeh Heybətov Mahir İdris oğlu arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, BMP**********27 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 10.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsininşərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 İdris oğlu 11 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Salyan rayon 2 saylı xüsusi Notariat ofisinin 13 mart 2023-cü il tarixli, 204 q nömrəli məktubu və 03 avqust 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum Heybətov Mahir İdris oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın Şirvan filialı tərəfindən təqdim edilmiş 08 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən, Heybətov Mahir İdris oğlunun vəfat etdiyi tarixə banka ödənilməmiş 6469,76 manat əsas, 0 manat faiz olmaqla, cəmi 6469,76 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum Heybətov Mahir İdris oğlunun "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmiş, mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin "xxxx" ASCnin nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanaraq məhkəməyə göndərilmiş 31 avqust 2023-cü il tarixli ərizədə bankı nümayəndə qismində təmsil edəcək hüquqşünasları olmadığından işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC-nin ona qarşı iddia tələbini qəbul edir. Qeyd edir ki, "xxxx" ASC-dən mərhum həyat yoldaşı Heybətov Mahir İdris oğlu kredit götürmüş, sonradan ödənişlərin aparılmamasına səbəb onun vəfat etməsi olmuşdur. Hazırda o, mərhum ərinin vərəsəsidir. "xxxx" ASC-yə olan borcunu maddi vəziyyətinin çətinliyi ilə əlaqədar ödəyə bilməmişdir. Söz verir ki, Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı "xxxx" ASC ilə cavabdeh Heybətov Mahir İdris oğlu arasında 07 oktyabr 2019-ci il tarixli, BMP**********27 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 10.000 manat məbləğində kredit verilmişdir. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, Heybətov Mahir İdris oğlu 11 iyun 2021-ci il tarixdə “Asfiksiya” səbəbindən Neftçala rayonu, Yuxarı qaramanlı kəndində vəfat etmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Heybətov Mahir İdris oğlunun vərəsəsi: Neftçala rayonu, Yuxarı Qaramanlı Ə/D, Yuxarı Qaramanlı kəndində qeydiyyatda olan arvadı Cavabdeh və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak- "xxxx" ASC-nin Salyan filialının xx.xx.2021-ci il tarixli, 2002 saylı məktubuna əsasən mərhum Heybətov Mahir İdris oğlunun AZ71İBAZ******************** saylı hesabında qalan 1716 manat 56 qəpik pul vəsaitindən ibarətdir. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras goyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC cavabdehdən kredit məbləğini və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərkən 84,70 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6469,76 (altı min dörd yüz altmış doqquz manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 0 manat faiz borcu, cəmi 6469,76 (altı min dörd yüz altmış doqquz manat yetmiş altı qəpik) borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 85,10 (səksən beş manat on qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar