Məhkəmə qərarları › İş №e-2(053)-863/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-863/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-863/2024 29.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə etməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.422,40 manat əsas məbləğ üzrə, 897,18 manat faiz üzrə, 135,23 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 5.454,81 manat borcun və məhkəməyə iddia ilə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 74,95 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə iclaslarını onların iştirakları olmadan baxaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı, xx.xx.2021-ci il tarixli "bank xidmətlərinə dair ümumi oferta" ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2023-cü il tarixində xx.xx.2026-cı il tarixədək illik 24,75% olmaqla istehlak məqsədləri üçün 4600 manat nağd kredit (komissiya 235 manat, aylıq ödəniş hər ayın 3-u 183 manat) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür (kredit xətti № 5111nkSLYb/23). Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası hesabdan çıxarışda əks olunmuşdur. Ümumi ofertanın 20.9cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə, bank borcun gecikdirdiyi hər təqvim günü üçün əsas borc məbləğinin illlik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, işsizliyi ilə əlaqədar borcunu ödəyə bilmədiyini, iş tapan kimi borcunu ödəyəcəyini, işi ilə əlaqədar növbəti məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, tələb təmin olunmalıdır. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı, xx.xx.2021-ci il tarixli "bank xidmətlərinə dair ümumi oferta" ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. İşə əlavə olunmuş çıxarışdan görünür ki, "xxxx" Kommersiya Bankı ASC – “borcverən” və Cavabdeh – “borcalan” olmaqla, Cavabdeh xx.xx.2026-cı il tarixədək illik 24,75% olmaqla istehlak məqsədləri üçün 4600 manat manat məbləğində kredit verilmişdir İş materiallarında olan 12 iyul 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 5111nkSLYb/23 nömrəli kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 4.422,40 manat məbləğində əsas borcu, 897,18 manat məbləğində faiz borcu, 135,23 manat məbləğində cərimə borcu, 0 manat komisyon haqqı, cəmi 5.454,81 manat məbləğində borcu vardır. Cavabdeh bank tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən “Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”, “Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”, “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri tələb etmək hüququna malikdir. "xxxx" Kommersiya Bankı ASC məhkəməyə müraciət edərkən xidmət haqqı ilə birlikdə 74,95 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.422,40 (dörd min dörd yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində əsas borcu, 897,18 (səkkiz yüz doxsan yeddi manat on səkkiz qəpik) manat məbləğində faiz borcu, 135,23 (yüz otuz beş manat iyirmi üç qəpik) manat məbləğində cərimə borcu, cəmi 5.454,81 (beş min dörd yüz əlli dörd manat səksən bir qəpik) manat, dövlət rüsumu olaraq ödənilmiş 74,55 (yetmiş dörd manat əlli beş qəpik) manat və 0,40 (qırx) qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar