Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-869/2025 30.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2.235,11 manat əsas məbləğ üzrə, 37,44 manat faiz üzrə və 14,16 manat cərimə üzrə borc olmaqla, ümumilikdə 2.286,71 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 42,87 manat və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 23 yanvar 2023-cü il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 nömrəli 28 dekabr 2021-ci il tarixli «Bank xidmətlərinə dair ümumi oferta» ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına 23 yanvar 2023-cü il tarixində 22 iyun 2025-ci il tarixədək illik 29,3 faiz olmaqla istehlak məqsədləri üçün 7.000 AZN nağd kredit (komissiya 355 AZN, aylıq ödəniş hər ayın 23-ü 340 AZN) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit xətti № 652nkSLYb/23). Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən «Müştəri» kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə «Bank» borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydada həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 yanvar 2023-cü il tarixli ərizə-anket imza nümunəsindən görünür ki, Cavabdeh 23 yanvar 2023-cü il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 nömrəli 28 dekabr 2021-ci il tarixli «Bank xidmətlərinə dair ümumi oferta» ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, daha sonra Bank tərəfindən ona göndərilmiş «Sizə xx.xx.2025 tarixədək, illik 29,3%-lə, 7000 AZN kredit kredit təklif edirik. Komissiya 355 AZN. Aylıq ödəniş 340 AZN. Təsdiq üçün 8117-ə YES yazın» məzmunlu sms-i qəbul edib təsdiqlədikdən sonra iddiaçı tərəfindən cavabdehə «Vəsait kartınıza köçürüldü, Unibank ATM-lərindən nağdlaşdıra bilərsiniz. Ödəniş tarixi hər ayın 23. Kredit 652nkSLYb/23. PİN kodunuz: xxxxxxx» məzmunlu sms bildiriş göndərilməklə kredit məbləği cavabdehə məxsus karta köçürülmüşdür. İş materiallarında olan 14 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 652nkSLYb/23 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 2.235,11 manat, 37,44 manat faiz üzrə və 14,16 manat cərimə üzrə borc olmaqla, ümumilikdə 2.286,71 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Beləliklə də, təsvir olunanlardan görünür ki, Cavabdeh 652nkSLYb/23 nömrəli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" KB ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri və cərimə məbləğini ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən «Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir». Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 2.235,11 manat məbləğində əsas borc, 37,44 manat faiz və 14,16 manat cərimə olmaqla, cəmi 2.286,71 manat borc "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman bank xidmət haqqı ilə birlikdə ödəmiş olduğu 43,27 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2.235 (iki min iki yüz otuz beş) manat 11 (on bir) qəpik məbləğində əsas borc, 37 (otuz yeddi) manat 44 (qırx dörd) qəpik faiz və 14 (on dörd) manat 16 (on altı) qəpik cərimə olmaqla, cəmi 2.286 (iki min iki yüz səksən altı) manat 71 (yetmiş bir) qəpik manat borc və bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu olaraq ödənilmiş 43 (qırx üç) manat 27 (iyirmi yeddi) qəpik pul vəsaiti iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-869/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-869/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver