Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-87/2024 15.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərinin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2.493,80 manat məbləğində əsas borcun, 93,13 manat məbləğində faiz borcunun, 4,80 manat cərimə borcunun, cəmi 2.591,73 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 46 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh1 (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM012000830 saylı Restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 2.493 (iki min dörd yuz doxsan üç) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli, LM012000830 saylı Zaminlik müqavilələri bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2023-cü il tarixə Cavabdeh1nın kredit üzrə cəmi borcu 2.591.73 (iki min beş yüz doxsan bir manat, 73 qəpik) manat təşkil edir. Bundan 2.493,80 (iki min dörd yüz doxsan üç manat, 80 qəpik) manat əsas, 93,13 (doxsan üç manat, 13 qəpik) manat faiz və 4,80 (dörd manat, 80 qəpik) manat cərimə borcu təşkil edir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərərflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edǝrǝk mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2.493,80 manat məbləğində əsas borcun, 93,13 manat məbləğində faiz borcunun, 4,80 manat cərimə borcunun, cəmi 2.591,73 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 46 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlərdən Cavabdeh1 ölümü barədə məlumatlarının olmadığını, yalnız məhkəmə iclasında əsas cavabdehin ölümü barədə məlumat əldə etdiyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondunun ona və mərhum Cavabdeh1 qarşı iddia tələbini qəbul edir. Qeyd edir ki, mərhum Cavabdeh1 ailələrinə yaxın olan şəxs olmuş, onun xahişi ilə zaminliyə razılıq vermişdir. Hazırda iş yeri yoxdur. Qarabağda gedən döyüşlərdə iştirak edib, Vətən Müharibəsi veteranıdır. Cavabdehin qohumları ilə əlaqə saxlasa da onlar ona heç bir köməklik göstərməmişlər. Zamin olaraq müqaviləni imzalamaqla öhdəlik götürmüşdür. Bu səbəbədən iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia cavabdeh (zamin) Cavabdeh2 münasibətdə təmin edilməlidir. İşdə olan 11 fevral 2015-ci il tarixdə bağlanmış 0050/15 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsinə əsasən cavabdehə illik 24 % olmaqla 24 ay müddətinə, müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.300 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq 11 fevral 2015-ci ildə İddiaçı ASC-nin Şirvan filialı ilə cavabdeh (zamin) X2 arasında Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM012000830 saylı Restrukturizasiya müqaviləsindən görünür ki, cavabdehə 60 (altmış) ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 2.493 (iki min dörd yuz doxsan üç) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Kredit öhdəliyinin təminatı olaraq 30 yanvar 2020-ci ildə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu ilə cavabdeh (zamin) Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. İddia ərizəsi 03 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və işin mümkünlüyü yoxlanılarkən Məlumatın elektron sorğulanması zamanı Cavabdeh1 xx.xx.2021-ci il tarixdə öldüyü qeyd edilmişdir. Neftçala rayon Notariat ofisinin 406 nömrəli sorğuya cavab məktubunda xx.xx.2021ci il tarixdə vəfat etmiş Cavabdeh1 qalan mirasla əlaqədar Neftçala rayon Notariat ofisində vərəsəlik işi açılmadığı və vərəsələrin hazırkı günə qədər notariat ofisinə müraciət etmədikləri qeyd olunmuşdur. Neftçala rayon qeydiyyat şöbəsinin 14 dekabr 2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilir ki, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh1 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.2021-ci ildə ölən Cavabdeh1 ölümü Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə, 2543 nömrə ilə qeydə alınmışdır. Neftçala Rayon Məhkəməsinin e-2(053)-87/2024 nömrəli 15 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” iddiası üzrə Cavabdeh1 aid hissədə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu cavabdehdən kredit məbləğini və ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərkən 46 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 2.493,80 (iki min dörd yüz doxsan üç manat səksən qəpik) manat məbləğində əsas borc, 93,13 (doxsn üç manat on üç qəpik) manat məbləğində faiz borcu, 4,80 (dörd manat səksən qəpik) manat məbləğində cərimə olmaqla cəmi 2.591,94 (iki min beş yüz doxsan bir manat doxsan dörd qəpik) borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 46 (qırx altı) manat tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-87/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-87/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver