Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-871/2023 09.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Neftçala şəhərində, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(011)-637/2021 nömrəli qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək Cavabdeh himayəsində qalan 09 noyabr 2007-ci il təvəllüdlü X2 və 30 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ərizəsində göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(011)-637/2021 saylı qətnaməsi ilə X8 ilə Cavabdeh arasında 10 dekabr 2006-cı il tarixdə 594 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 09 noyabr 2007-ci il təvəllüdlü X5 və 30 mart 2009-cu il təvəllüdlü X3 anaları X4 yanında qalmaları, 06 oktyabr 2020-ci il tarixdən başlayaraq 09 noyabr 2007-ci il təvəllüdlü X2 və 30 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X6 ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaqlar böyümüş, onların 13 və 15 yaşları vardır. Onların təhsil xərcləri və saxlama xərcləri artmışdır. O, iki uşağı 340 manat aliment məbləği ilə saxlamaqda çətinlik çəkir. Cavabdeh isə bu məbləği də vaxtında ödəmir və ümumiyyətlə uşaqlarla maraqlanmır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Onun özünün də səylərinə baxmayaraq, cavabdeh tərəfindən ödənilən alimentlə birlikdə əldə olunan gəlir adi məişət xərclərini (yemək, paltar, kommunal, həkim, təhsil və s.) qarşılamağa və uşaqlara baxmağa kifayət etmir. Şərh edilənlər azyaşlı uşaqların xərclərinin artığını təsdiq edir. Belə olan halda isə hesab edir ki, məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmuş alimentin məbləği dəyişdirilərək artırılmalıdır. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə Vəkil ərizə göndərərək 09 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasının iddia tərəfinin iştirakı olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiklərini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək hazırda ikinci ailə həyatı qurduğunu, həmin nikahdan bir uşağı olduğunu, heç bir yerdə işləmədiyini, hər bir uşaq üçün 190 manat, cəmi 380 manat aliment ödəməyə imkanı çatdığını bildirərək qeyd etdiklərinin nəzərə alınmaqla iddianın qismən təmin olunmasını və işə onun iştirakı olmadan baxılmasıını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının və nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(011)- 637/2021 saylı qətnaməsindən görünür ki, X4 Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair ərizəsi təmin edilərək, 06 oktyabr 2020-ci il tarixdən başlayaraq 09 noyabr 2007-ci il təvəllüdlü X2 və 30 mart 2009cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmalar üçün hər ay hər uşaq üçün Cavabdeh 170 (yüz yetmiş ) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. “Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, X5 09 noyabr 2007-ci il tarixdə, X7 isə 30 mart 2009-cu il tarixdə anadan olmuşdur. İşdə olan Mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 avqust 2023-cü il tarixli arayışın məzmunundan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 09 noyabr 2007-ci il təvəllüdlü X5 və 30 mart 2009-cu il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün iddiaçı Bəndəliyeva (Həsənova) Günel Azər qızına Cavabdeh tutulmaqla 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşaqları saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 09 noyabr 2007-ci il təvəllüdlü X2 və 30 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh iddiaçı Bəndəliyeva (Həsənova) Günel Azər qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(011)- 637/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılsın. 09 noyabr 2007-ci il təvəllüdlü X2 və 30 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay hər uşaq üçün 190 manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 65,60 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-871/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-871/2023
09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver