Məhkəmə qərarları › İş №e-2(053)-876/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-876/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-876/2025 30.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 06 iyun 2024-cü il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsinə əsasən 2.100 manat əsas borc, 331,33 manat faiz borcu və 49,65 manat cərimə olmaqla, cəmi 2.480,98 manat borcun, 13 noyabr 2023-cü il tarixli, BPM**********22 nömrəli kredit xətti üzrə 294 manat əsas borc və 54,29 manat faiz borcu olmaqla, cəmi 348,29 manat kredit borcunun, habelə ödənilmiş 48,30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2024-cü il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, illik 17,9 faiz dərəcəsi ilə hesablanmaqla 2.100 manat məbləğində kredit kart verilmişdir. Eyni zamanda "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2023-cü il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 35 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit kart verilmişdir. Borclu Cavabdeh kredit müqavilələri üzrə vəsaitdən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışlarına əsasən borclu Cavabdeh kredit müqaviləsi üzrə 01 may 2025-ci il tarixə istehlak kredit müqaviləsi üzrə banka borcu 2.100 manat əsas, 331,33 manat faiz borcu və 49,65 manat cərimə olmaqla, cəmi 2.480,98 manat borcu, habelə 02 may 2025-ci il tarixə kredit xətti üzrə 294 manat əsas borc və 54,29 manat faiz borcu olmaqla, cəmi 348,29 manat təşkil edir. Beləliklə Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda iddia ərizə ilə məhkəməyə müraciət etmək üçün 48,30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə 22 aprel 2025-ci il tarixində 6-2-22/2-14130/2025 nömrəli və 12 may 2025-ci il tarixində 6-2-22/2-17352/2025 nömrəli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 iyun 2024-cü il tarixli, BPM**********70 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti – «bank» və Cavabdeh – «borcalan» olmaqla, Cavabdeh 24 ay müddətinə, illik 17,9 faiz dərəcəsi ilə hesablanmaqla 2.100 manat məbləğində kredit kart verilmişdir. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli, BPM**********22 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti – «bank» və Cavabdeh – «borcalan» olmaqla, Cavabdeh 35 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit kart verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 01 may 2025-ci il tarixə 06 iyun 2024-cü il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsinə əsasən 2.100 manat əsas, 331,33 manat faiz borcu və 49,65 manat cərimə olmaqla, cəmi 2.480,98 manat borc, 02 may 2025-ci il tarixə 13 noyabr 2023-cü il tarixli, BPM**********22 nömrəli kredit xətti üzrə 294 manat əsas borc və 54,29 manat faiz borcu olmaqla cəmi 348,29 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 06 iyun 2024-cü il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsi və 13 noyabr 2023-cü il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri və cərimə məbləğini ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən «Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir». Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 06 iyun 2024-cü il tarixli müqavilə üzrə 15 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 06 iyun 2024-cü il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsinə əsasən 2.100 manat əsas, 331,33 manat faiz borcu və 15 manat cərimə olmaqla, cəmi 2.446,33 manat borc; 13 noyabr 2023-cü il tarixli, BPM**********22 nömrəli kredit xətti üzrə 294 manat əsas borc və 54,29 manat faiz borcu olmaqla, cəmi 348,29 manat borc, ümumilikdə isə 2.794,62 manat borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman bank xidmət haqqı ilə birlikdə ödəmiş olduğu 48,70 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 iyun 2024-cü il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsinə əsasən 2.100 (iki min yüz) manat əsas, 331 (üç yüz otuz bir) manat 33 (otuz üç) qəpik faiz borcu və 15 (on beş) manat cərimə olmaqla, cəmi 2.446 (iki min dörd yüz qırx altı) manat 33 (otuz üç) qəpik borc; 13 noyabr 2023-cü il tarixli, BPM**********22 nömrəli kredit xətti üzrə 294 (iki yüz doxsan dörd) manat əsas borc və 54 (əlli dörd) manat 29 (iyirmi doqquz) qəpik faiz borcu olmaqla, cəmi 348 (üç yüz qırx səkkiz) manat 29 (iyirmi doqquz) qəpik borc, ümumilikdə isə 2.794 (iki min yeddi yüz doxsan dörd) manat 62 (altmış iki) qəpik borc və bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu olaraq ödənilmiş 48 (qırx səkkiz) manat 70 (yetmiş) qəpik pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar