Məhkəmə qərarları › İş №e-2(053)-885/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-885/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-885/2025 01.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 29 avqust 2023-cü il tarixli, 022A********** nömrəli kredit müqaviləsi üzrə 3.930,38 manat məbləğində kredit borcu, 303,70 manat faiz borcu və 97,79 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4.331,87 manat, Cavabdeh1 29 avqust 2023-cü il tarixli, 022KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 283,31 manat məbləğində kredit borcu və 84,76 manat faiz borcu olmaqla, cəmi 368,07 manat, cəmi 4.689,94 manat məbləğində borcun və 66,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti həmçinin iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə məhkəməyə təqdim edilmiş 29 avqust 2023-cü il tarixli, 022A********** nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından cavabdehlərin cəmi 4.331,87 manat, 29 avqust 2023-cü il tarixli, 022KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə isə cəmi 368,07 manat borcu olduğunun məlum olduğunu, hər iki kredit müqaviləsi üzrə cəmi borcun yazılarkən texniki yanlışlığa yol verildiyini, belə ki, cavabdehlərin cəmi 4.699,94 manat borcu olduğunu, hazırda iddia tələbinin artırılması zərurəti yarandığını, iddia tələbini müdafiə edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 29 avqust 2023-cü il tarixli, 022A********** nömrəli kredit müqaviləsi üzrə 3.930,38 manat məbləğində kredit borcu, 303,70 manat məbləğində faiz borcu və 97,79 manat məbləğində cərimə olmaqla, cəmi 4.331,87 manat, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 29 avqust 2023-cü il tarixli, 022KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 283,31 manat məbləğində kredit borcu və 84,76 manat məbləğində faiz borcu olmaqla, cəmi 368,07 manat, ümumilikdə cəmi 4.699,94 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 29 avqust 2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş «Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri», tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.4583 faiz olmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6.000 manat məbləğində kredit götürmüşdür. O, 10 oktyabr 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 2.069.62 manat ödəmiş və onun iddiaçıya 3.930,38 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada faizlərin hesablanması müqavilənin 7.9-cu bəndi ilə müəyyən edilmiş qaydada aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kreditməbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 12 mart 2025-ci il tarixə 153 gün üçün hesablanmış faiz borcu 303,70 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faiz məbləğində cərimə ödənilməlidir. 12 mart 2025-ci il tarixə 153 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 97,79 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına görə bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit məbləğini bankın tələbi ilə icra etməlidir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqavilənin vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29 avqust 2023-cü il tarixli, 0223KK**********1 nömrəli kart kredit müqaviləsi əsasında cavabdehə «Visa OK Credit Cards» növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 300 (üç yüz) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh1 əsas borcu üzrə 283,31 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq, 12 mart 2025-ci il tarixə 98 gün üçün hesablanmış faiz borcu 84,76 manat təşkil edir. Cavabdehə yaranmış borcun icrası barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğlərin ödənilməsindən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Eyni Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Eyni Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Eyni Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC-nin «Salyan» filialı ilə Cavabdeh1 arasında 29 avqust 2023-cü il tarixli, 022A********** nömrəli ərizə əsasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.4583 faiz olmaqla 30 ay müddətinə 6.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 29 avqust 2023-cü il tarixli, 022A********** nömrəli kredit müqaviləsi üzrə banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh1 imzalamışdır. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, kreditin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC-nin «Salyan» filialı ilə Cavabdeh1 arasında 29 avqust 2023-cü il tarixli, 022KK**********01 nömrəli ərizə əsasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 «Visa OK Credit Cards» növlü kart hesabı və 36 ay müddətinə, 300 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan 12 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 29 avqust 2023-cü il tarixli, 022A********** nömrəli kredit müqaviləsi üzrə 3.930,38 manat məbləğində əsas, 303,70 manat faiz və 97,79 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4.331,87 manat manat məbləğində borcu vardır. İş materiallarında olan 12 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 29 avqust 2023-cü il tarixli, 022KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 283,31 manat məbləğində əsas və 84,76 manat faiz borcu olmaqla, cəmi 368,07 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən «Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür». Eyni Məcəllənin 472.2-ci maddəsinə əsasən «Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır». Beləliklə də, təsvir olunanlardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 avqust 2023-cü il tarixli, 022A********** nömrəli kredit müqaviləsi, 29 avqust 2023-cü il tarixli, 022KK**********01 nömrəli kart kredit müqaviləsi və eyni tarixli 022G**********01 nömrəli zaminlik müqaviləsi ilə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı QSC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri, cərimə məbləğini ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən «Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». Eyni Məcəllənin 445.1-ci maddəsinə əsasən «İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən «öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi» borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən «Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir». Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 29 avqust 2023-cü il tarixli, 022A********** nömrəli kredit müqaviləsi üzrə 20 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 avqust 2023-cü il tarixli, 022A********** nömrəli kredit müqaviləsi üzrə 3.930,38 manat məbləğində əsas borc, 303,70 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə olmaqla, cəmi 4.254,08 manat, Cavabdeh1 29 avqust 2023-cü il tarixli, 022KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 283,31 manat məbləğində əsas borc və 84,76 manat məbləğində faiz borcu olmaqla, cəmi 368,07 manat, ümumilikdə cəmi 4.622,15 manat məbləğində borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 67 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 avqust 2023-cü il tarixli, 022A********** nömrəli kredit müqaviləsi üzrə 3.930 (üç min doqquz yüz otuz) manat 38 (otuz səkkiz) qəpik əsas borc, 303 (üç yüz üç) manat 70 (yetmiş) qəpik faiz borcu və 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 4.254 (dörd min iki yüz əlli dörd) manat 08 (səkkiz) qəpik borc, Cavabdeh1 29 avqust 2023-cü il tarixli, 022KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 283 (iki yüz səksən üç) manat 31 (otuz bir) qəpik əsas borc və 84 (səksən dörd) manat 76 (yetmiş altı) qəpik faiz borcu olmaqla, cəmi 368 (üç yüz altmış səkkiz) manat 07 (yeddi) qəpik, ümumilikdə isə cəmi 4.622 (dörd min altı yüz iyirmi iki) manat 15 (on beş) qəpik məbləğində borc və 67 (altmış yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar