Məhkəmə qərarları › İş №e-2(053)-914/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-914/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-914/2025 08.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.636,92 manat dəyərində borcun, 300 manat məbləğində cərimənin və 69,37 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Neftçala filialı ilə cavabdeh arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli 11/22-282 nömrəli alğı-satqı müqaviləsinə əsasən Neftçala rayonu, Mürsəqulu kəndi ərazisində yerləşən 2 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 3.765,05 manat məbləğində vəsaiti (iş və xidmət) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 380 manat məbləğində şum, 160 manat məbləğində mala, 68 manat məbləğində çiyid səpini, 108 manat məbləğində kultivasiya, 76 manat məbləğində gübrə kultivasiya, 36 manat məbləğində baraza, 300 manat məbləğində mala, 1.160 manat məbləğində pambığın becərilməsinə görə ödənilmiş avans, 1.080 manat məbləğində gübrə və dərman, 381,05 manat məbləğində toxumluq çiyid və 16 manat məbləğində əlavə xərclər olmaqla, ümumilikdə 3.765,05 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş və avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 1.975,94 kq, 1.580,75 manat məbləğində xam pambıq təhvil vermiş, 500 manat məbləğində ödəmə nəzərə alınmaqla, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 1.684,30 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq olunur. İddiaçı MMC-nin Neftçala filialı ilə cavabdeh arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli 11/23-260 nömrəli alğı-satqı müqaviləsinə əsasən Neftçala rayonu, Mürsəqulu kəndi ərazisində yerləşən 2 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4.991,50 manat məbləğində vəsaiti (iş və xidmət) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 22 manat məbləğində çöp doğrama, 365 manat məbləğində şum, 240 manat məbləğində mala, 119 manat məbləğində çiyid səpini, 225 manat məbləğində kultivasiya, 28,50 manat məbləğində gübrə kultivasiya, 30 manat məbləğində rotasion kultivasiya, 126 manat məbləğində baraza, 384 manat məbləğində dərman səpini, 620 manat məbləğində pambığın becərilməsinə görə ödənilmiş avans, 1.760 manat məbləğində gübrə və dərman, 795 manat məbləğində toxumluq çiyid və 277 manat məbləğində pambığın əl yığımına görə ödənilən avans vəsait olmaqla, ümumilikdə 4.991,50 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş və avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 2.578,41 kq, 2.038,88 manat məbləğində xam pambıq təhvil vermiş, ötən ildən ödənilməmiş 1.684,30 manat məbləğində borc nəzərə alınmaqla, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 4.636,92 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq olunur. Eyni zamanda tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.3-cü bəndinə əsasən alıcı tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nağd pul vəsaitinin, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1 faizi həcmində, 10 faizdən artıq olmamaq şərtilə satıcıya cərimə ödəyir. Göründüyü kimi Cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.3-cü bəndinə əsasən məbləğin 10 faizi həcmində, yəni 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 noyabr 2022-ci il tarixli 11/22-282 nömrəli «xampambığın alğı-satqısına dair» müqavilədən görünür ki, İddiaçı MMC – «alıcı», Cavabdeh – «satıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cəfərov X1 rayonu, Mürsəqulu kəndində yerləşən, mülkiyyətində və ya istifadəsində olan 2.00 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi və yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində «alıcı»ya təhvil verilməsi və «alıcı» tərəfindən «satıcı»nın borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdəsinə götürüb. İş materiallarında olan 17 noyabr 2023-cü il tarixli 11/23-260 nömrəli «xampambığın alğı-satqısına dair» müqavilədən görünür ki, İddiaçı MMC – «alıcı», Cavabdeh – «satıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cəfərov X1 rayonu, Mürsəqulu kəndində yerləşən, mülkiyyətində və ya istifadəsində olan 2.00 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi və yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində «alıcı»ya təhvil verilməsi və «alıcı» tərəfindən «satıcı»nın borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdəsinə götürüb. İş materiallarında olan sənədlərlə iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 8.756,55 manat dəyərində zəruri vəsaitlərin verilməsi, həmçinin müxtəlif xidmətlərin göstərilməsi təsdiq olunur. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən «Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır». Eyni Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Həmin Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 50 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 14 noyabr 2022-ci il tarixli, 11/22-282 nömrəli və 17 noyabr 2023-cü il tarixli, 11/23-260 nömrəli «xam-pambığın alğı-satqısına dair» müqavilələri üzrə 4.636,92 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 69,37 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14 noyabr 2022-ci il tarixli, 11/22-282 nömrəli və 17 noyabr 2023-cü il tarixli, 11/23-260 nömrəli «xam-pambığın alğı-satqısına dair» müqavilələri üzrə 4.636 (dörd min altı yüz otuz altı) manat 92 (doxsan iki) qəpik əsas borc və 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 4.686 (dörd min altı yüz səksən altı) manat 92 (doxsan iki) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 69 (altmış doqquz) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar