Məhkəmə qərarları › İş №e-2(053)-926/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-926/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-926/2025 09.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13 noyabr 2021-ci il tarixli, EHK5995958 nömrəli, 04 yanvar 2022-ci il tarixli, EHK5924476 nömrəli və 17 mart 2022-ci il tarixli, EHK6100121 nömrəli borc müqavilələri üzrə 3.372 manat borcun və 54 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.426 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə 13 noyabr 2021-ci il, 04 yanvar 2022-ci il və 17 mart 2022-ci il tarixli borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan dəyəri 4.920 manat olan məişət avadanlıqları əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3.372 manat əsas borcu qalıb. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 13 noyabr 2021-ci il tarixli, EHK5995958 nömrəli, 04 yanvar 2022-ci il tarixli, EHK5924476 nömrəli və 17 mart 2022-ci il tarixli, EHK6100121 nömrəli borc müqavilələrinə əsasən 3.372 manat əsas borc və 54 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.426 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 noyabr 2021-ci il tarixli, EHK5995958 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı MMC – «şirkət», Cavabdeh – «alıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1.020 manat olan məişət avadanlığı hər ay 68 manat ödəmək şərti ilə 15 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 04 yanvar 2022-ci il tarixdə bağlanmış EHK5924476 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı MMC – «şirkət», Cavabdeh – «alıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 2.208 manat olan məişət avadanlığı hər ay 92 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 17 mart 2022-ci il tarixdə bağlanmış EHK6100121 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı MMC – «şirkət», Cavabdeh – «alıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1.692 manat olan məişət avadanlığı hər ay 94 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 noyabr 2021-ci il tarixli, EHK5995958 nömrəli müqavilə üzrə 300 manat, 04 yanvar 2022-ci il tarixli, EHK5924476 nömrəli müqavilə üzrə 1.740 manat və 17 mart 2022-ci il tarixli, EHK6100121 nömrəli müqavilə üzrə 1.332 manat olmaqla, ümumilikdə ödənilməmiş 3.372 manat məbləğində borcu vardır. İş materiallarında olan 26 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət rüsumu olaraq 56 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, «Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Azərbaycan Respublikası MM-nin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 13 noyabr 2021-ci il tarixli, EHK5995958 nömrəli, 04 yanvar 2022-ci il tarixli, EHK5924476 nömrəli və 17 mart 2022-ci il tarixli, EHK6100121 nömrəli borc müqavilələri üzrə ümumilikdə 3.372 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 54 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13 noyabr 2021-ci il tarixli, EHK5995958 nömrəli, 04 yanvar 2022-ci il tarixli, EHK5924476 nömrəli və 17 mart 2022-ci il tarixli, EHK6100121 nömrəliı borc müqavilələri üzrə ümumilikdə 3.372 (üç min üç yüz yetmiş iki) manat borc və 54 (əlli dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.426 (üç min dörd yüz iyirmi altı) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar