Məhkəmə qərarları › İş №e-2(053)-932/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-932/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-932/2024 11.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə etməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSCnin xeyrinə 6.936,37 manat məbləğində kredit borcu, 6.104,78 manat faiz borcu, 5.785,30 manat məbləğində cərimə borcu, cəmi 18.826,45 manat borc və iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 146,48 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh X4 arasında 15 yanvar 2020-ci il tarixli, 022A********** nömrəli kredit xətti müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 16 iyun 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3063,63 manat ödəniş etmiş və onun iddiaçıya 6.936,37 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1339 gün üçün hesablanmış faiz borcu 6104,78 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1339 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 5.785,30 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etməl hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X4 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən borclu X2 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********55 saylı məktubuna əsasən X2 adına Neftçala rayon, Şorkənd kəndində ümumi birgə payda 2.96 ha torpaq sahəsinə dair JN-167, kod 80704068 olan torpaq mülkiyyətinə dair Dövlət Aktı tərtib edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin nümayəndə X5 məhkəməyə ərizə ilə müraciət edərək qeyd olunan tarixdə əvvəlcədən müəyyən edilmiş proseslərdə iştirakı zəruri olduğundan işə onun iştirakı olmadan baxıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh2 gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək, həqiqətən bankdan borc götürüldüyünü, özünün zamin kimi borclu olduğunu bildirərək növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh1 gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehlərin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduqlarına baxmayaraq gəlmədiklərini üzrsüz saymış, bunu və iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı QSC ilə X4 arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, 022A********** nömrəli kredit müqaviləsinə əsasən, X3 aylıq faiz dərəcəsi 2.0833% olmaqla 12 ay müddətinə 10.000 manat kredit verilmişdir. İşdə olan Zaminlik müqaviləsindən görünür ki, kreditin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin arasında Zaminlik müqavilələri bağlanmışdır. İşdə olan Zaminlik müqaviləsindən görünür ki, kreditin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin arasında Zaminlik müqavilələri bağlanmışdır. İşdə olan 15 fevral 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, X2 İddiaçı QSCyə 15 yanvar 2020-ci il tarixli kredit razılaşması üzrə 6.936,37 manat məbləğində əsas borcu, 6.104,78 manat faiz borcu, 5.785,30 manat məbləğində cərimə borcu, cəmi 18.826,45 manat borcu vardır. Cavabdehlərə iddiaçı tərəfindən borcun qaytarılmasına dair xəbərdarlıq olunmuşdur. İşdə olan 01 avqust 2023-cü il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsi arayışında X2 xx.xx.1975-ci il tarixdə Neftçala rayonu, Şorkənd kəndində anadan olduğu, ölüm səbəbindən xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxdığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 14 fevral 2024cü il tarixli sorğuya cavab məktubunda xx.xx.1975-ci il təvəllüdlü X2 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 15 mart 2024-cü il tarixli sorğuya cavab məktubunda X2 adına ailə üzvləri ilə ümumi birgə Neftçala rayonu, Şorkənd kəndində yerləşən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli 0.5635 ha, ********** qeydiyyat nömrəli 1.102 ha, ********** qeydiyyat nömrəli 1.1653 ha və ********** qeydiyyat nömrəli 0.1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınması qeyd olunmuşdur. Neftçala rayon notariat ofisinin 42 nömrəli sorğuya cavab məktubunda xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 qalan mirasla əlaqədar Neftçala rayon notariat ofisində vərəsəlik işi açılmadığı və vərəsələrin hazırki günə qədər notariat ofisinə müraciət etmədikləri qeyd olunmuşdur. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən kredit məbləğini və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında müvafiq öhdəliyin yerinə yetirilmədiyinə görə birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki dəbbə pulunun miqdarı 486 manat məbləğində müəyyən edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15 yanvar 2020-ci il kredit xətti müqaviləsi üzrə 6.936,37 manat məbləğində əsas borcu, 6.104,78 manat faiz borcu, 486 manat məbləğində cərimə borcu, cəmi 13.527,15 manat məbləğində borc İddiaçı QSC -nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddianın qismən təmin olunduğunu nəzərə alaraq tələbin təmin olunmuş hissəsinə uyğun olaraq 130,58 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6.936,37 (altı min doqquz yüz otuz altı manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 6.104,78 (altı min yüz dörd manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 486 (dörd yüz səksən altı) manat məbləğində cərimə borcu, cəmi 13.527,15 (on üç min beş yüz iyirm yeddi manat on beş qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 130,58 (yüz otuz manat əlli səkkiz qəpik) manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar