Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-941/2024 05.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı Cavabdeh qarşı “Borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “Borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 688,57 manat və hesablanmış cəriməyə görə 68,85 manat olmaqla, cəmi 757,42 manat pulun, habelə dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 noyabr 2021-ci il tarixli, 138 nömrəli “Xam-pambığın alqı-satqısına dair” müqaviləyə əsasən cavabdeh 3.00 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 1.549 manat dəyərində zəruri vəsaitlər verilmiş və müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.2.2-ci bəndinin şərtlərinə əsasən “satıcı” istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “alıcı”ya ödəmək üçün (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada 30 noyabr 2022-ci il tarixədək “alıcı”ya təhvil verir. Təhvil verilən xam-pambığın dəyəri “alıcı”dan alınan avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olrasa o zaman “satıcı” “alıcı”ya həmin yaranan fərqi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya cəmi 1092,32 kq, yəni 860,43 manat məbləğində xam pambıq təhvil verilmiş, bununla da təhvil götürülmüş cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdehin 12 iyul 2024-cü il tarixə əsas borcu 688,57 manat təşkil edir. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən İddiaçı MMC ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 2.2.3-cü bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faizi məbləğində, 10 faizdən artıq olmamaq şərtilə cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 68,85 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 noyabr 2021-ci il tarixli, 138 nömrəli “Xampambığın alqı-satqısına dair” müqavilədən görünür ki, İddiaçı MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh Neftçala rayonu, Dördlər kəndində yerləşən, mülkiyyətində və ya istifadəsində olan 3.00 hektar torpaq sahəsində pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu “satıcı”ya satmağı öhdəsinə götürüb. İş materiallarında olan sənədlərlə iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 1.549 manat dəyərində zəruri vəsaitlərin verilməsi, həmçinin müxtəlif xidmətlərin göstərilməsi təsdiq olunur. İş materiallarında olan 10 dekabr 2022-ci il tarixli, GZM seriyalı, 544339 nömrəli pambıq qəbulu qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən iddiaçıya çəkisi 671,43 kq, qiyməti 0,78 manat olmaqla cəmi 523,71 manat dəyərində pambıq məhsulu təhvil verilmişdir. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli, GZM seriyalı, 544358 nömrəli pambıq qəbulu qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən iddiaçıya çəkisi 420,89 kq, qiyməti 0,80 manat olmaqla cəmi 336,72 manat dəyərində pambıq məhsulu təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC-i tərəfindən tərtib edilmiş 12 iyul 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 12 iyul 2024-cü il tarixinə 688,57 manat əsas, 68,85 manat cərimə olmaqla, ümumilikdə 757,42 manat borcu vardır. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 35 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 24 noyabr 2021-ci il tarixli, 138 nömrəli “Xampambığın alqı-satqısına dair” müqavilə üzrə 688,57 manat məbləğində əsas borc və 35 manat məbləğində cərimə olmaqla, cəmi 723,57 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 noyabr 2021-ci il tarixli, 138 nömrəli “Xam-pambığın alqı-satqısına dair” müqavilə üzrə 688,57 (altı yüz səksən səkkiz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 35 (otuz beş) manat məbləğində cərimə olmaqla, cəmi 723,57 (yeddi yüz iyirmi üç manat əlli yeddi qəpik) məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-941/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-941/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver