Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-966/2025 15.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, həmçinin işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim etməklə iddia tələbinin həcmini dəyişərək Cavabdeh tərəfindən törədilmiş inzibati xəta nəticəsində ona məxsus nəqliyyat vasitəsinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün çəkilmiş 350 manat xərcin tam həcminin, məhkəmə iclaslarına gəlməklə əlaqədar çəkilmiş yol xərclərinin, qiymətləndiricinin rəyinin əldə edilməsi üçün ödənilmiş 350 manat xidmət haqqının və eyni zamanda məhkəmədə iddianın qaldırılması üçün tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin, ümumilikdə 779,76 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin 27 noyabr 2025-ci il tarixli hazırlıq iclasında iddiasını müdafiə edərək bildirmişdir ki, istifadəsində olan nəqliyyat vasitəsi ilə Neftçala-Salyan avtomobil yolunun 25-ci kilometrliyində hərəkətdə olarkən bitişik ərazidən əsas yola çıxmaq istəyən “VAZ 21061” minik markalı, 10CH890 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol hərəkəti haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla, hərəkətdə olduğu yol xəttinə manevr edib yolun tam hissəsini tutmuş, nəticədə yaranmış qəza şəraitindən yayınmaq niyyəti ilə nəqliyyat vasitəsi tərəfindən sağa hərəkət etdirilərək torpaq yola çıxarılmışdır. Hava yağışlı olduğundan torpaq sahəsinin ot örtüyü nəqliyyat vasitəsinin normal idarəetmə imkanını məhdudlaşdırmış, yekunda nəqliyyat vasitəsi sürüşərək əvvəlcə yolun əks istiqamətinə, oradan isə yola bitişik torpaq əraziyə düşmüşdür. Bu zaman avtomobilin sağ arxa qapısı yol çiynində quraşdırılan qaz xəttinin xəbərdarlıq nişanına dəyərək rəng örtüyünün qopması və batıqlarla müşayiət olunan zədələnmələrə məruz qalmışdır. Göstərilən faktla bağlı cavabdehə münasibətdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən İXP seriyalı, ******* nömrəli, ona münasibətdə isə həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlarla cavabdehin barəsində 40 manat, onun barəsində isə 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq olunmuşdur. Neftçala Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 3(053)-2111/2025 nömrəli qərarı ilə onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, cavabdehin təqsirli hərəktələri ilə yaratdığı qəza şəraiti nəticəsində mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün çəkilmiş 350 manat məbləğində xərc, habelə məhkəmə iclaslarına gəlməklə əlaqədar çəkilmiş yol xərcləri, qiymətləndiricinin rəyinin əldə edilməsi üçün ödənilən 350 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı işin hazırkı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş, lakin 15 dekabr 2025-ci il tarixdə məhkəmə elektron ərizə göndərərək əmək fəaliyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək (qeyd olunur ki, əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmişdir) bildirmişdir ki, “VAZ 21061” minik markalı, 10CH890 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala-Salyan avtomobil yoluna çıxmış və bunun nəticəsində qəza şəraiti yarandığından İddiaçı özünə məxsus avtomobillə manevr edərək yoldan çıxmış və avtomobili qaz xəttinin xəbərdarlıq nişanına dəymişdir. Hadisə Neftçala Rayon X2 X3 araşdırılmış və həm onun, həm də iddiaçının barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş 350 manat məbləğində xərci və qiymətləndiricinin rəyinin əldə edilməsi üçün ödənilən 350 manat haqqın ondan tutulmasına razıdır. Həmin pulu hissə-hissə ödəyəcək. Lakin iddiaçının yol xərclərinin ödənilməsi tələbi ilə razı deyil. Bu səbəbdən iddianın həmin hissədə rədd olunmasını xahiş edir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Neftçala Rayon X2 X4 vəzifəli şəxsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Neftçala Rayon Məhkəməsinin 3(053)-211/2025 nömrəli iş üzrə 16 may 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayəti təmin olunmuş, Neftçala rayon X2 X4 vəzifəli şəxsinin TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Neftçala Rayon X2 X4 vəzifəli şəxsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. 01 may 2025-ci il tarixli podrat müqaviləsindən görünür ki, İddiaçı – “sifarişçi” və X1 – “podratçı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən “podratçı” “sifarişçiyə” məxsus “X8” markalı, 77DJ047 dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısındakı zədəli nahiyənin təmirini, “sifarişçi” isə görülmüş işlərin müqabilində “podratçıya” 350 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən iddiaçıya məxsus avtomobilin qapısının cızıldığını rənginin qopduğu görünür. İddiaçı tərəfindən təqdim olunmuş 01 ədəd fləşkartda olan audio-videoyazıdan görünür ki, cavabdehə məxsus “VAZ 21061” minik markalı, 10CH890 dövlət qeydiyyat nişanlı avtomobilin əsas yola çıxması nəticəsində iddiaçı tərəfindən idarə olunan avtomobil yoldan çıxmış və qəza şəraiti yaranmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, 5315 99** **** 6456 nömrəli kart hesabına 01 may 2025-ci il tarixdə 150 manat, 03 may 2025-ci il tarixdə isə 300 manat məbləğində pul köçürülüb. Məhkəmənin 11 sentyabr 2025-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə həyata keçirilməsi üçün mütəxəssis cəlb olunmuş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: «1. Neftçala-Salyan avtomobil yolunun 25-ci km-də iddiada təsvir olunmuş şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «X7» markalı 77DJ047 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün hansı məbləğdə xərc tələb olunur? 2. Zəruri təmir işləri görüldükdən sonrakı vəziyyətdə avtomobilin ümumi bazar dəyəri düşübmü (avtomobilin qiymətinə təsir göstərə biləcək bütün parametrləri, o cümlədən buraxılış ili, zədədən əvvəlki vəziyyəti və s. bu kimi xüsusatlar nəzərə alınmaqla)? Əgər düşübsə, müvafiq miqdar müəyyən edilsin». Bununla bağlı Əmlak Ekspert Mərkəzi MMC-nin eksperti tərəfindən 27 oktyabr 2025-ci ildə verilmiş ƏEM/O 140-739/25 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «1-ci sual üzrə: Neftçala-Salyan avtomobil yolunun 25-ci km-də iddiada təsvir olunmuş şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X8” markalı 77DJ047 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin (material və işçilik qarışıq) dəyəri 350 manat təşkil edir. 2-ci sual üzrə: Aparılmış baxış, texniki qiymətləndirmə və bazar təhlili nəticəsində müəyyən edilmişdir ki, “X8” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində konstruktiv və ya daşıyıcı elementlərə zərər dəyməmiş, yalnız arxa sağ qapı və sağ arxa qanad (krelo) hissəsində səthi xarakterli batıqlar və cızıqlar müşahidə olunmuşdur. Zərərin xarakteri nəzərə alınmaqla, təmir-bərpa işləri yalnız kosmetik səviyyədə - səthin düzəldilməsi və rəngləmə işləri ilə məhdudlaşır. Belə zədələnmələr avtomobilin texniki göstəricilərinə, təhlükəsizlik sistemlərinə, mühərrik və şassi hissələrinə, həmçinin ümumi istismar keyfiyyətinə hər hansı mənfi təsir göstərmir. Bazar təcrübəsinə əsasən, bu cür səthi bərpa işləri tam keyfiyyətlə icra edildiyi halda nəqliyyat vasitəsinin ümumi satış (bazar) dəyərinə əhəmiyyətli təsir göstərmir, çünki avtomobilin görünüşü və funksionallığı bərpa sonrası ilkin vəziyyətinə qaytarılmış olur». Məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsini və s. aidiyyəti müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfin tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən «Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir». Qeyd olunur ki, hazırkı iş üzrə bütün məhkəmə iclaslarının fasiləsiz audio-video yazısı aparılıb. Cavabdeh 15 dekabr 2025-ci il tarixli məhkəmə iclasında iddianı qismən qəbul etdiyini və avtomobilə çəkilmiş xərci, eləcədə də qiymətləndiricinin rəyinin əldə edilməsi üçün ödənilmiş 350 manat xidmət haqqını ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən “1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən “Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı əmlakına cavabdeh tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Maddi zərərin məbləği ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə Əmlak Ekspert Mərkəzi MMC-nin eksperti tərəfindən 27 oktyabr 2025-ci ildə verilmiş ƏEM/O 140- 739/25 nömrəli ekspert rəyi nəzərə alır və hesab edir ki, dəymiş maddi zərərin ümumi həcminin 350 manat məbləğində olduğu müəyyən edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən Əmlak Ekspert Mərkəzi MMC-yə ekspert rəyinin verilməsi məqsədilə ödənilmiş 350 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçının məhkəmə iclaslarına gəlmək üçün çəkilmiş yol xərclərinin ödənilməsi tələbinə dair iddiasına münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçının yaşayış yeri məhkəmənin ünvanına yaxındır və bununla bağlı yol xərclərinin çəkilməsi zərurəti yoxdur. Bu səbəbdən iddia həmin hissədə rədd olunmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurduğu zərərin əvəzi kimi 350 (üç yüz əlli) manat, habelə Əmlak Ekspert Mərkəzi MMC-yə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-966/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-966/2025
15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver