Məhkəmə qərarları › İş №e-2(053)-968/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-968/2024

01.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-968/2024 01.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, ADY-yə vurulmuş 3001,58 manat məbləğində zərər və 51 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3052,58 manat məbləğində pulun yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsi Cavabdeh tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı-Xırdalan-Sumqayıt istiqamətinin Keşlə stansiyasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus EŞ2-018 nömrəli, 6013 saylı qatar hərəkətdə olan zaman sürətli elektrik qatarının Q-9 vaqonunun T-3 qapısına kənardan daş atılması nəticəsində qatarın sol qapısında olan şüşə hissəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADY-yə 3001,58 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X7 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsində araşdırma aparılmışdır. Biləcəri Xətt polis şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində, saat 17:08 radələrində 6013 saylı qatar Bakı- Xırdalan-Sumqayıt istiqamətində Keşlə stansiyasında ADY-yə məxsus EŞ2-018 markalı Bakı- Xırdalan-Sumqayıt xətti ilə hərəkət edən sürətli sərnişin elektrik qatarının sol qapısının şüşəsinə kənardan daş atılması nəticəsində qapının şüşə hissəsinə zərər verən şəxsin yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X3 olması müəyyən olunmuşdur. Bununla əlaqədar onun qanuni nümayəndəsi, valideyni Cavabdeh bölməyə dəvət olunmuş, onun iştirakı ilə X2 izahatı alınmışdır. X3 verdiyi izahatında qatarın sol qapısının şüşəsinə daş atdığını etiraf etmişdir. Həmçinin, qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 3001,58 manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Sözügedən qatar Bakı dairəvi yolu ilə hərəkətdə olaraq, o cümlədən sərnişin daşıma sahəsində müntəzəm hərəkət edərək paytaxt ərazisində həm sərnişinlərin mənzil başına vaxt itkisi olmadan çatmasına, həmçinin paytaxt ərazisində sıxlığın aradan qaldırılmasına böyük tövhə verir. Lakin baş vermiş hadisə nəticəsində qatarın hərəkət qrafikində ləngimə yaranmış və bu hal haqlı olaraq yüzlərlə sərnişin tərəfindən narazılıqla qarşılanmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X4 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, lakin cavabdehlə mobil telefon vasitəsilə əlaqə yaradılaraq məhkəmə baxışının vaxtı və yeri bərədə məlumat verilməsinə baxmaraq o, Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. 14 iyun 2024-cü il tarixli “cinayət işinin rədd edilməsi barədə” qərardan görünür ki, yetkinlik yaşına çatmayan X2 əməlində cinayət tərkibi olmadığından toplanmış HK-1/39 nömrəli təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə yetkinlik yaşına çatmayan X3 barəsində inzibati tədbir görülməsi məsələsinə baxılmasından ötrü qərarın surəti Biləcəri st. XPŞ-yə təqdim edilməsi qərara alınmışdır. Həmçinin qərarla müəyyən olunmuşdur ki, 20 may 2024-cü il tarixdə, saat 17:08 radələrində 6013 saylı Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən EŞ2-018 saylı surətli sərnişin qatarı Bakı şəhəri, Nərimanov rayonu Keşlə dəmir yolu stansiyasının ərazisində hərəkətdə olarkən qatarın “Q-9” vaqonunun “T-3” qapısının şüşəsinə kənardan yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəlludlü X3 tərəfindən kiçik ölçülü daş atılmış və nəticədə qatara 3001,58 AZN (üç min bir manat əlli səkkiz qəpik) məbləğində maddi ziyan dəymişdir. 24 may 2024-cü il tarixli EŞ2-018 qatarına dəymiş ziyanın aradan qaldırılması haqqında arayışdan görünür ki, EŞ2-018 nömrəli qatara 3001,58 manat ziyan dəymişdir. Azərbaycan Respublikası MM-nin 14.2.6-cı maddəsinə əsasən «başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir». Həmin Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür» və «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delik!) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) ». Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Həmin Məcəllənin 1104.2-ci maddəsinə əsasən «on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən «fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edir». Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən «məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Ona görə də məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehdən vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı pulun tutulmasına dair iddia tələbi təmin edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 51 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsi (atası) Cavabdeh 3001,58 (üç min bir manat əlli səkkiz qəpik) manat məbləğində dəymiş zərər və 51 (əlli bir) manat ödənilmiş dövlət rüsumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar