Məhkəmə qərarları › İş №e-2(053)-995/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-995/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-995/2025 18.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi ilə bağlı iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehdən əsas məbləğ üzrə 2.857,90 manat və dövlət rüsumu kimi ödənilmiş 48,58 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC və cavabdeh arasında bağlanmış 04 fevral 2024-cü il tarixli, 30 nömrəli 2024-cü il mövsümü üzrə xam-pambığın alğı-satqı müqaviləsinə əsəsən cavabdeh 7,3 hektar sahədə pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 4.397,90 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.2.2-ci bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya 2024-cü ildə pambıq təhvil verilməmişdir. 06 noyabr 2024-cü il tarixdə cavabdeh 540 manat dəyərində 18 kisə azot gübrəsini iddaçıya qaytarıb və həmin tarixdə iddiaçının kassasına 1.000 manat nağd pul ödəyib. Nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 2.857,90 manat əsas borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Qeyd olunur ki, cavabdehə Azərbaycan Respublikası MPM-nin yuxarıda istinad olunan 284-5.1-ci maddəsinin tələblərinə uyğun rəsmi bildiriş göndərilmiş, lakin məhkəməyə onun iddiaya qarşı əsaslandırılmış etirazı daxil olmamışdır. Məhkəmə qüvvədə olan mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan və s. aidiyyəti müddəalarını, habelə işin faktik hallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı iş üzrə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması yolveriləndir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinin tələbinə görə «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. 04 fevral 2024-cü il tarixli 30 nömrəli «Xam-pambığın alqı-satqısına dair» müqavilədən görünür ki, "xxxx" MMC – «alıcı», Cavabdeh – «satıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Kazımov X1 rayonu, Mürsəqulu kəndində yerləşən 7,3 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, «satıcı» tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində «alıcı»ya təhvil verilməsi və «alıcı» tərəfindən «satıcı»nın borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdəsinə götürüb. İş materiallarında olan sənədlərlə iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 4.397,90 manat dəyərində zəruri vəsaitlərin verilməsi, həmçinin müxtəlif xidmətlərin göstərilməsi təsdiq olunur. Son hesablaşma arayışından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 04 fevral 2024-cü il tarixli 30 nömrəli müqavilə üzrə borcu 2.857,90 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən «Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır». Eyni Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh 2.857,90 manat məbləğində borcu tələb etməkdə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərkən 48,58 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 2.857,90 manat məbləğində əsas borc və iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 48,58 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216 – 220, 222, 233, -220, 284-1 – 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 2.857 (iki min səkkiz yüz əlli yeddi) manat 90 (doxsan) qəpik məbləğində əsas borc və iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 48 (qırx səkkiz) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar