Məhkəmə qərarları › İş №e-2(054)-103/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-103/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-103/2025 02.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 02 aprel 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 03 aprel 2024-cü il tarixli, CL-EE003189576 saylı istehlak krediti müqaviləsinə əsasən 17599,31 manat əsas, 1997,31 manat faiz və 0,01 manat cərimə borcu, cəmi 19596,63 manat borcun, 148,79 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarınn vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizələri ilə məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2024-cü il tarixli, CL-EE003189576 saylı istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən borcalana elektron qaydada (OTP kod) 59 ay müddətinə, illik 26,9 faiz ödəmək şərtilə 17900 manat istehlak məqsədli kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən borcalan 17900 manat əsas kredit borcunu faizi ilə birlikdə hər ay 549,95 manat, sonuncu ay 549,18 manat olmaqla 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Yaranmış kredit borcu barədə məhkəmədən kənar qaydada danışıqlar aparılmasına baxmayaraq borclu hazırki vaxtadək öz öhdəliyini yerinə yetirmədiyindən onun banka 03 aprel 2024-cü il tarixli, CL- EE003189576 saylı istehlak krediti müqaviləsinə əsasən 17599,31 manat əsas, 1997,31 manat faiz və 0,01 manat cərimə borcu, cəmi 19596,63 manat borcu yaranmışdır. Qeyd edilən borcun, 148,79 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutularaq, "xxxx" ASC-yə ödənilməsinə dair iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, xəstəliyi ilə bağlı əməliyyat olunması üçün pula ehtiyacı olduğundan xx.xx.2024-cü il tarixdə elektron qaydada kredit müqaviləsi bağlayaraq 17900 manat kredit götürmüş, ailə vəziyyətinə uyğun olaraq sələmə pul da götürərək əlavə borca düşdüyündən krediti ödəyə bilməmişdir. Tələb edilən məbləği qəbul edir,lakin birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Borcunu hissələrlə ödəmək istədiyini bildirmiş və qanuni qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 03 aprel 2024-cü il tarixli, CL-EE003189576 saylı istehlak krediti müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Oğuz filialı tərəfindən Cavabdeh elektron təsdiq vasitəsilə (OTP kod) 59 ay müddətinə illik 26,9 % məzənnə ilə 17900 manat məbləğində nağd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 03 aprel 2024-cü il tarixli, CL-EE003189576 saylı istehlak krediti müqaviləsi üzrə faizlər də daxil olmaqla borcun ödənişinin xx.xx.2024-cü il tarixdən ayda 549,95 manat, sonuncu ay 549,18 manat olmaqla xx.xx.2029-cu il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə kreditlə bağlı öhdəliklər 5 gün müddətində tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 59 ay müddətinə, illik 26,9 % faizlə verilmiş 17900 manat kredit məbləği üzrə kredit ödənişi 300,69 manat əsas, 1103,57 manat faiz hissəsində həyata keçirilmiş, cavabdehin ödənilməmiş əsas borcu 17599,31 manat, faiz borcu 1997,31 manat və 0,01 manat cərimə borcu, olmaqla cəmi 19596,63 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, 03 aprel 2024-cü il tarixli, CL-EE003189576 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya-17599,31 manat əsas, 1997,31 manat faiz və 0,01 manat cərimə borcu, cəmi 19596,63 manat borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən təmin edilmiş məbləğə münasib cavabdehdən 148,79 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. 03 aprel 2024-cü il tarixli, CL-EE003189576 saylı istehlak krediti müqaviləsi üzrə Cavabdeh 17599,31 manat əsas, 1997,31 manat faiz və 0,01 manat cərimə borcu, cəmi 19596,63 manat borcun, (on doqquz min beş yüz doxsan altı manat altmış üç qəpik) manat kredit borcu, 148,79 (bir yüz qırx səkkiz manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar