Məhkəmə qərarları › İş №e-2(054)-11/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-11/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-11/2024 27.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi Məmmədov Müşviq Qara oğlunun iştirakı ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğuna və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada 3908 manat əsas, 1044,52 manat faiz borcu olmaqla, cəmi 4952,52 manat borcun, 69,52 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair mülki işə 27 fevral 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğuna və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada 3908 manat əsas, 1044,52 manat faiz borcu olmaqla, cəmi 4952,52 manat borcun, 69,52 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışlar. İddianın məbləği nəzərə alınmaqla mülki iş sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş, cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmişdir. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etirazına uyğun olaraq xx.xx.2023-cü il tarixli qərardadla işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizə ilə iddianı qəbul etmədiyini bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə tərəfindən ekspertiza təyin ediləcəyi nəzərə alınmaqla imza nümunələrini ərizəsinə əlavə etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 810 M saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə iribuynuzlu heyvandarlıq təyinatlı 4000 manat kredit verilmişdir.Həmin kredit məbləğinin ödənilməsi ilə bağlı öhdəliklərin təminatı məqsədilə digər cavabdehlərlə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır.Buna baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, kredit borcunun ödənişini həyata keçirməmişlər.Hazırda cavabdehlərin iddiaçıya 3908 manat əsas, 1044,52 manat faiz olmaqla cəmi 4952,52 manat borcu yaranmışır. Borclular müraciət etmədiyindən kredit borcu restrukturizasiya edilməmişdir. Başqa heç bir müqavilə mövcud deyil. Kredit və zaminlik müqavilələri ilə bağlı hər hansı qanunsuz halın mövcudluğu ona məlum deyil. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, belə ki, o tanışı Yusifin evində usta işləyərkən Yusif ona demişdir ki, kredit götürməkdə kömək edə bilər. O, həyat yoldaşı İradə və Yusif 2014cü ildə iddiaçı olan kredit təşkilatına getmişlər. Razılaşıb İradənin adına 4000 manat kredit götürmüşlər. Həmin kreditdən 2500 manatını onlar, 1500 manatını Yusif götürmüşdür. Hər kəs öz kreditini özü ödəyəcəkdi. O hər ay 114 manat olmaqla 3 ay pulu Yusifə vermişdir. Yusif öz borcunu ödəyib çekləri ona verməli idi. Bundan başqa borc əvəzinə Yusifin evində işləmişdir. Sonra Yusifin öldüyünü eşitmişdir. Yusif çox adamı beləcə aldadıb. Onlar sayca 36-cıdırlar. Kredit götürəndə zaminləri orda görməyiblər. Onları tanımır. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, izahat verərək bildirmişdir ki, kredit müqaviləsindən xəbəri yoxdur, heç kimi də tanımır. Müqavilədəki yazı və imzalar onun tərəfindən icra edilməyib. Ekspertiza təyin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.Mülki iş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/13 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrlə işə iştirakları olmadan baxılaraq iddianın onlara aid hissədə rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdi, ekspert rəyinə etiraz etmədi və iddianın aidiyyəti şəxsə münasibətdə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdi, ekspert rəyinə etiraz etmədi, əlavə olaraq bildirdi ki, alınmış kreditə görə ödədiklərini də sübut edə bilmir, çünki Yusif adlı şəxs onun ödədiyi pullarla bağlı qəbzi ona verməli olsa da, gəlib çıxmamış, sonra ölmüşdür. Borcun üzərindən 10 il keçmişdir, səs-səmir də yox idi, ona görə heç maraqlanmayıblar. Ailədə bir uşaq işləyir, onun əlinə baxırlar. Elə bir yaşdadır ki, işləmək istəsə də qəbul etmirlər, təqaüdə gələndə isə “yaşın çatmayıb” deyirlər. Qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 810M saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC BOKT Cavabdeh2 heyvandarlığın inkişafı (iri buynuzlu heyvan alınması) məqsədilə 24 ay müddətinə illik 27 %-lə 4000 AZN məbləğində kredit vermiş, həmin müqavilə üzrə öhdəliklər tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 810M saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 24 ay müddətinə illik 27 faizlə verilmiş 4000 manat əsas, 1220,50 manat faiz kredit məbləğinin ödənişinin xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 217,52 manat olmaqla xx.xx.2016-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuş, tərəflər cədvəli imzalamışlar. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 929Z saylı və 930Z saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 810M saylı kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 415 və 416 saylı, xx.xx.2021-ci il tarixli, 756 saylı bildirişlərdən görünür ki, xx.xx.2014-cü il tarixli, 810M saylı kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məlumat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/13 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 77-78-ci vərəqələrində Cavabdeh3 adına olan xx.xx.2014-cü il tarixli, 929Z saylı zaminlik müqaviləsində “7.Müqavilənin digər şərtləri” hissəsində “7.3” qrafasındakı yazılar, “İmza” sözündən sonrakı imza, “Zamin” hissəsində “İmza.” qrafasındakı imza-Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/13 saylı ekspert rəyindən həmçinin görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 79-80-ci vərəqələrində Cavabdeh1 adına olan xx.xx.2014-cü il tarixli, 930Z saylı zaminlik müqaviləsində “7.Müqavilənin digər şərtləri” hissəsində “7.3” qrafasındakı yazılar, “İmza” sözündən sonrakı imza, “Zamin” hissəsində “İmza.” qrafasındakı imza- Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-740-cı maddələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Beləliklə iş materialları ilə təsdiq edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixli, 810M saylı kredit müqaviləsinə əsasən ona heyvandarlığın inkişafı məqsədilə 24 ay müddətə illik 27 faizlə 4000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklər əsas borclu tərəfindən yerinə yetirilməmiş, onun iddiaçıya iddia tələbində göstərilən məbləğdə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş zaminlik müqavilələri ilə kredit üzrə öhdəliklərin təminatı məqsədilə həmin vaxt digər cavabdehlərin müqavilə üzrə zaminliyinin müəyyən edildiyi əks edilsə də, həmin cavabdehlərin etirazına uyğun olaraq məhkəmə tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizası ilə zaminlik müqavilələrindəki imzaların cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən icra edilmədiyi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməklə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hazırki iddia tələbi üzrə cavabdehliyi istisna edildiyindən tələb onlara münasibətdə rədd edilməli, digər cavabdehə münasibətdə təmin edilməli, 3908 manat əsas, 1044,52 manat faiz olmaqla cəmi 4952,52 manat məbləğdə pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/13 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 140 manat olmuşdur. Məhkəmə hesab edir ki, işin qeyd edilən hallarına uyğun olaraq 140 manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi 3908 manat əsas, 1044,52 manat faiz olmaqla cəmi 4952,52 manat kredit borcuna münasibətdə təmin edildiyindən Cavabdeh2 69,52 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 810M saylı kredit müqaviləsi üzrə 3908 manat əsas, 1044,52 manat faiz olmaqla cəmi 4952,52 (dörd min doqquz yüz əlli iki manat əlli iki qəpik) manat kredit borcu və 69,52 (altmış doqquz manat əlli iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə təmin edilməsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 140 manat ekspertiza xərci İddiaçı QSC Bank olmayan Kredit Təşkilatından tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar