Məhkəmə qərarları › İş №e-2(054)-113/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-113/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-113/2025 12.05.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 12 may 2025-ci il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı 1789 manat borcun və 38 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş, iddiaçı və cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Oğuz şəhəri Gənclik qəsəbəsində yaşayır. Oğuz şəhərində telefon, telefon aksessuarlarının satışı, eyni zamanda telefon təmiri ilə məşğul olur, belə ki, Oğuz şəhəri Heydər Əliyev küçəsində AS Telekom adlı mağazası vardır. Oğuz rayonunda yaşadığı üçün rayon sakinlərinin çoxunu tanıyır. Oğuz rayonu Calud kəndində yaşayan Cavabdeh adlı şəxs ona müraciət edərək özü və yaxın qohumları üçün telefon lazım olduğunu və alacağı telefonların pulunu aydan aya hissə-hissə olmaqla ödəyəcəyini demişdir. Cavabdeh 2022-ci ilin mart ayından avqust ayınadək olan dövr ərzində beş dəfə olmaqla həmin telefonları pulunu aydan aya hissə-hissə olmaqla ödəmək şərtilə ondan götürmüşdür.İlk tarixlərdə telefonlara görə ödənişləri aydan aya etdiyi üçün onda özünə qarşı inam yaranmışdır. Həmin telefonlar bunlardır: 06 mart 2022-ci il tarixdə Samsung A32 (4ram/128GB)markalı telefon, qiyməti-690 manat 08 mart 2022-ci il tarixdə Samsung A03 (3 ram/32 GB)markalı,qiyməti-362 manat 23 aprel 2022-ci il tarixdə Samsung A23 (4 ram /64GB)markalı,qiyməti-632 manat 29 iyun 2022-ci il tarixdə Samsung A03 Core (32 GB) markalı,qiyməti-304 manat 13 avqust 2022-ci il tarixdə Samsung A23 (6 ram/128GB) markalı,qiyməti-656 manat Telefonlar qeyd edilən tarixlərdə Cavabdeh tərəfindən ondan satın alınmışdr. Bununla bağlı aralarında hər bir telefon üçün ayrı-ayrılqda ödəniş cədvəli tərtib edilmişdir.Razılaşmaya görə müştəri hər ay ödəniş etdikdə mağazaya yaxınlaşaraq ödəniş cədvəlinə imza etməklə almış olduğu telefonun aylıq ödənişlərini həyata keçirməli idi.O isə öz növbəsində ödəniş cədvəlinə müştəri imza etdikdən sonra ödəniş edilmiş ay üçün möhür vurmalı idi. Telefonla zəng edərək dəfələrlə Cavabdeh ilə danışıqlar aparmışdır. Hətta sosial şəbəkə olan WhatsApp vasitəsi ilə yazışmalar da olmuşdur. Cavabdeh almış olduğu telefonların pullarını yaxın zamanda ödəyəcəyinə söz versə də sözünə əməl etməmişdir. Cavabdeh almış olduğu telefonların ödənişlərini ilk aylarda gecikməsiz həyata keçirmişdir. Ancaq sonradan heç bir ödəniş etməmişdir. Cavabdehin 06 mart 2022-ci il tarixdə aldığı Samsung A32 (4ram/128GB) markalı, qiyməti-690 manat olan telefondan 350 manat borcu qalmışdır və bu, ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır.Cavabdehin 08 mart 2022-ci il tarixdə aldığı Samsung A03 (3 ram/32 GB) markalı, qiyməti-362 manat olan telefondan 182 manat borcu qalmışdır və bu, ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır. Onun 23 aprel 2022-ci il tarixdə aldığı Samsung A23 (4 ram /64GB) markalı, qiyməti-632 manat olan telefondan 414 manat borcu qalmışdır və bu, ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır. Cavabdehin həmçinin 29 iyun 2022-ci il tarixdə aldığı Samsung A03 Core (32 GB) markalı, qiyməti-304 manat olan telefondan 267 manat borcu qalmışdır və bu da ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır. Onun 13 avqust 2022-ci il tarixdə aldığı Samsung A23 (6 ram/128GB) markalı, qiyməti-656 manat olan telefondan 576 manat borcu qalmış, bu da ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdr. Cavabdeh almış olduğu telefonlardan hazırda iddiaçıya cəmi borcu 1789 (bir min yeddi yüz səksən doqquz) manatdır.İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia həcminin azaldılmasına dair ərizəsi ilə cavabdeh tərəfindən 450 manat məbləğində ödəniş edildiyini bildirmiş və buna görə də cavabdehdən 1339 manat pulun və 38 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 598/495 saylı alqı-satqı müqaviləsinə əlavədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 90 manat ilkin ödənişlə 12 ay müddətinə, xx.xx.2022-ci il tarixdən aylıq 50,0 manat ödəmək şərti ilə cəmi dəyəri 690 manat olan Samsung A32 (4ram/128GB) markalı telefon təhvil vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 603/238 saylı alqı-satqı müqaviləsinə əlavədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 50 manat ilkin ödənişlə 12 ay müddətinə, xx.xx.2022-ci il tarixdən aylıq 26,0 manat ödəmək şərti ilə cəmi dəyəri 362 manat olan Samsung A03 (3 ram/32 GB) markalı telefon təhvil vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 653/454 saylı alqı-satqı müqaviləsinə əlavədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 80 manat ilkin ödənişlə 12 ay müddətinə, xx.xx.2022-ci il tarixdən aylıq 46,0 manat ödəmək şərti ilə cəmi dəyəri 632 manat olan Samsung A23 (4 ram /64GB) markalı telefon təhvil vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 734/197 saylı alqı-satqı müqaviləsinə əlavədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 40 manat ilkin ödənişlə 12 ay müddətinə, xx.xx.2022-ci il tarixdən aylıq 22,0 manat ödəmək şərti ilə cəmi dəyəri 304 manat olan Samsung A03 Core (32 GB) markalı telefon təhvil vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 805/478 saylı alqı-satqı müqaviləsinə əlavədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 80 manat ilkin ödənişlə 12 ay müddətinə, xx.xx.2022-ci il tarixdən aylıq 48,0 manat ödəmək şərti ilə cəmi dəyəri 656 manat olan Samsung A23 (6 ram/128GB) markalı telefon təhvil vermişdir. İş materiallarında olan, İddiaçı və Cavabdeh imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, məhkəmənin icraatında olan 2(054)-113/2025 saylı iş üzrə tələb edilən 1789 manat borc məbləğindən cavabdeh 450 manat ödəniş etmiş, yerdə qalan məbləği də qsa zaman ərzində ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan əzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməysə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2022-ci ilin mart-avqust ayları ərzində iddiaçıdan 5 ədəd Samsung markalı telefon almış, həmin telefonlar üçün qismən ödəniş etsə də onun cəmi 1789 manat borcu qalmış, borcu ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə gedişində borcundan 450 manat ödəniş etmiş, onun hazırda iddiaçıya özünün də imzaladığı xx.xx.2025-ci il tarixli qəbzlə təsdiq etdiyi 1339 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1339 manat borc məbləği cavabdehdən alınıb iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 38 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1339 manat (bir min üç yüz otuz doqquz) manat pul və 38 (otuz səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar