Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-114/2024 21.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 21 fevral 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı 380 manat əsas, 213,76 manat faiz borcunun, cəmi 593,76 manat pulun və 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqının cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin Müştəri Xidmətləri Departamentində olan ******************** saylı hesabına Covid-19 pandemiyası bağlı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə hər dəfə 190 manat olmaqla 380 manat sosial vəsait köçürülmüş, cavabdeh həmin vəsaiti xx.xx.2021-ci il tarixdə bankomat vasitəsilə məxaric etmişdir. Vəsait məxaric edilməsinə baxmayaraq sistemdə yaranmış texniki problem səbəbli cavabdehin sözügedən hesabında yenidən 380 manat vəsait yaranmış, həmin vəsait cavabdehə məxsus olmadığı halda cavabdeh xx.xx.2021-ci il tarixdə həmin vəsaitin də məxaric olunmasına nail olmuşdur. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan göründüyü kimi xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə cavabdehə məxsus hesaba cəmi 380 manat vəsait köçürülməsinə baxmayaraq sistemdə yaranmış texniki problem səbəbli Cavabdeh ******************** saylı hesabından ümumilikdə 760 manat məxaric etmişdir. Bankın Müştəri Xidmətləri Departamenti tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin banka 380 manat əsas, 213,76 manat faiz olmaqla cəmi 593,76 manat borcu yaranmışdır. Cavabdehlə məhkəmədən kənar danışıqlar aparılmış, ona xx.xx.2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən pul geri qaytarılmamışdır. Bu isə mülki qanunvericiliyə görə əsassız varlanma halının yaranması deməkdir. Əsassız varlanma zamanı əldə edilən vəsaitdən götürülən faydaya görə əsassız əldə edən faizlər də ödəməli olduğundan cavabdeh təkrar götürülmüş 380 manat vəsaitə görə hesablanmış 213,76 manat faiz borcunu da ödəməlidir.Faiz borcu avtomatik olaraq sistem tərəfindən hesablanır, belə ki, təqdim edilmiş hesabdan çıxarışdan göründüyü kimi birinci ay 3,29 manat faiz məbləği əlavə edilməklə cavabdehin xx.xx.2021-ci ildə borcu cəmi 383,29 manat olmuşdur. xx.xx.2023cü il tarixədək cavabdehin borcu faizlərlə birgə 593,76 manat təşkil etmiş, bu, hesabdan çıxarışda öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən mülki qanunvericilik normaları çərçivəsində cəmi 593,76 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, həqiqətən 2021-ci ilin may ayında bankomatdan hər cəmi 760 manat pul çıxarmışdır. Ona neçə dəfə pul veriləcəyini bilmədiyindən həmin məbləğin 4 aylıq vəsait olduğunu düşünmüşdür. 3-cü dəfə kartı bankomata daxil edəndə pul görünsə də çıxara bilmədiyindən 4 gün sonra banka yaxınlaşmışdır. Əməkdaş ona texniki problemin olduğunu bildirsə də, pulu artıq çıxardığını deməmişdir. Ondan tələb olunan əsas borcu qəbul edir, lakin faiz borcunun ona aidiyyəti yoxdur. Ona bildiriş gələndə Bakıda bankın filialına getmişdir, orada ona demişlər ki, sənin borcun cəmi 384 manatdır. Orada ona faizlə bağlı heç bir sənəd təqdim edilməmiş, işin 2 günə məhkəməyə gedəcəyi bildirilmişdir. İddianın qismən-380 manat pulun tutulması hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan əsassız varlanmanı əks etdirən xx.xx.2023-cü il tarixli, 2156 saylı arayışdan və xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC-nin tərəfindən Cavabdeh ******************** saylı hesabına xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə hər dəfə 190 manat olmaqla pul vəsaiti köçürülmüş, xx.xx.2021-ci il tarixdə həmin vəsait məxaric olunduqdan sonra hesabda yenidən eyni tarixdə iki dəfə-hər dəfə 190 manat olmaqla 380 manat pul vəsaiti yaranmış və həmin vəsait də dərhal məxaric edilmişdir. Hüquqi əsası olmadan (əsassız varlanmaya səbəb olan) hesabdan çıxarılmış məbləğə xx.xx.2021-ci il tarixdə 3,29 manat faiz hesablanmış, həmin tarixdən xx.xx.2023-cü il tarixədək hesablama aparılmamış, xx.xx.2023-cü il tarixdə 23 dəfə hesablama aparılmaqla (9.16, 9.34, 8.14, 9.72, 9.92, 10.12, 10.32, 10.52, 10.73, 10.95, 11.17, 11.39, 11.62, 1.19, 7.82, 7.98, 8.98, 8.81, 8.63. 8.46, 8.30, 7.67, 9.53 manat olaraq) faizlərlə birgə borc məbləği cəmi 593,76 manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, BPM**********57 saylı balansdan kənar məxaric orderindən görünür ki, Cavabdeh tərəfindən həmin order imzalanmış, bundan əlavə müştəri bir ay ərzində şəxsiyyət vəsiqəsi üzrə məlumatların “ASAN Finans” sistemi vasitəsilə "xxxx" ASC-yə təqdim olunmasına razılıq vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, PKİD/0132 saylı xəbərdarlıq məktubunun və xəbərnamənin surətindən görünür ki, Cavabdeh ******************** saylı hesabında 380 manat mənfi qalıq yarandığı bildirilmiş, əsassız varlanmaya səbəb olmuş həmin məbləğin və ona hesablanmış faizlərin qaytarılmadığı təqdirdə bank tərəfindən aidiyyəti məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılmışdır.Məktubda tələb edilən faizlərin məbləği göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. (maddə 1092.1.1.) Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Yenə həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, "xxxx" ASC tərəfindən Cavabdeh ******************** saylı hesabına xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə hər dəfə 190 manat olmaqla pul vəsaiti köçürülmüş, həmin hesabda olan 380 manat pul vəsaiti xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən çıxarıldıqdan sonra sistemdə yaranmış texniki xəta nəticəsində hesaba yenidən 380 manat vəsait köçürülmüş, vəsait cavabdeh tərəfindən məxaric edilmişdir. Məhkəmə iclasında Cavabdeh təkrar köçürülmüş məbləğin də sosial müavinət olduğunu zənn etdiyini, hazırda iddiaçıya 380 manat borcunun yarandığını etiraf etdiyini bildirmiş, tələb olunan 213,76 manat faiz məbləğini isə qəbul etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 380 manat pul vəsaitinin cavabdehdən tutulmasına aid hissədə təmin edilməlidir. İddia tələbinin 213,76 manat faiz borcunun cavabdehdən bankın xeyrinə alınması hissəsinə münasibətdə məhkəmə bildirir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi xx.xx.2021-ci il tarixdə 380 manat məbləğə 3,29 manat faiz hesablansa da, həmin vaxtdan xx.xx.2023-cü il tarixədək məbləğ dəyişməmişdir. Bundan əlavə cavabdehə hesabdan məxaric etdiyi 380 manat məbləğin ona məxsus olmadığı barədə rəsmi xəbərdarlıq xx.xx.2023-cü ildə göndərilmiş, xəbərdarlıqda hesablana biləcək faizlərin məbləği göstərilməmişdir. xx.xx.2023-cü il tarixdə 23 dəfə hesablama aparmaqla (9.16, 9.34, 8.14, 9.72, 9.92, 10.12, 10.32, 10.52, 10.73, 10.95, 11.17, 11.39, 11.62, 1.19, 7.82, 7.98, 8.98, 8.81, 8.63. 8.46, 8.30, 7.67, 9.53 manat olaraq) faizlərlə birgə borc məbləği cəmi 593,76 manat müəyyən edilmişdir. Beləliklə, cavabdeh tərəfindən əsassız əldə edilmiş məbləğə xx.xx.2021-ci ildə 3,29 manat, xx.xx.2023-cü il tarixdə-bir gün ərzində cəmi 210,47 manat faiz hesablanmışdır. İddia ərizəsində Mülki Məcəllənin 157.5 və 1092.1.1-ci maddələrinə istinad edilsə də, iddiaçı tərəfindən faizin qeyd edilən şəkildə hesablanmasına əsas ola biləcək, eləcə də cavabdehin götürdüyü məbləğlə bağlı əldə etdiyi gəlirlərə dair sübutlar təqdim edilməmiş, həmçinin məhkəmə icraatı zamanı da əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərlə bağlı sübutlar təqdim edilməmiş və faktlar aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 213,76 manat faiz məbləğinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 380 (üç yüz səksən) manat pul, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-114/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-114/2024
21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver