Məhkəmə qərarları › İş №e-2(054)-12/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-12/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-12/2025 03.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı 6665 manat məbləğində maddi ziyanın və 87 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair işə 03 mart 2025-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı 6665 manat məbləğində maddi ziyanın və 87 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, Cavabdeh göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geril qaytarılmış, iş materiallarında olan ünvana uyğun olaraq ünvan 1işinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-54/2024 saylı məktubla Cavabdeh kənddə qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, ərazidə yaşamadığını, dəqiq ünvanının məlum olmadığını, buna görə məktubun nümayəndəlikdə saxlanıldığını, Cavabdeh nümayəndəliyin ərazisinə gələn kimi məktubun ona çatdırılacağının təmin olunacağını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı qardaşıdır. Qardaşı mülkiyyətində olan “KHAZAR LX MiNiK" markali, ** CM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə edilməsinə (idarə edilməsi) dair etibarnamə ilə 5 il 11 ay, 22 gün müddətinə Cavabdeh vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh iddiaçının ona verdiyi etibarnaməyə əsasən, mülkiyyətində olan avtomobildən istifadə etməli və gündəlik qazancından müəyyən məbləğ ona ödəməli idi. Buna baxmayaraq cavabdeh razılaşmanı pozmuş, iddiacıya ödənilməli olan razılaşdırılmış gündəlik müəyyən məbləği ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehə şifahi xəbərdarlıq edilsə də o, razılaşmaya uyğun ödəniş etməmiş, avtomobili qaytarmaqdan da boyun qaçırmışdır. Razılaşmanın tələbi pozulduğu üçün İddiaçı tərəfindən 29 oktyabr 2023-cü il tarixdə etibarnaməyə xitam verilmiş və avtomobillə bağlı axtarış elan edilmişdir. Sonradan iddiaciya məlum olmuşdur ki, Cavabdeh iddiaçının mülkiyyətində olan “KHAZAR LX MiNiK” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 29 oktyabr 2023-cü il tarixdə qəza törətmiş, nəticədə avtomobilə ciddi ziyan dəymişdir. Cavabdeh Azərbaycan Respublikası DİN Baş DYPİ-nin rəis müavini, YPXA-nın komandiri polis polkovniki Fuad Mayilova verdiyi izahatda bildirmişdir ki, 29 oktyabr 2023-cü il tarixdə saat 08:00 radələrində İddiaçı məxsus olan "KHAZAR LX MiNiK" markali, ** CM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 219cu km-də Bakı istiqamətində hərəkətdə olan zaman manevr etmə qaydasını düzgün yerinə yetirməmiş, nəticədə idarəetməni itirərək yolu iki hissəyə ayıran beton arakəsməyə dəyərək avtomobili aşırmişdir. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəymişdir. Hadisə yerində avtomobilin şəkillərini cavabdeh özü çəkmiş və iddiaçıya göndərmişdir. Fotoşəkillərdə avtomobilin tam yararsız vəziyyətə düşdüyü öz əksini tapmışdır. Cavabdeh barəsində xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat cərimə edilmişdir. İddiaci tərəfindən mülkiyyətində olan avtomobilə dəymiş ziyanı müəyyən etmək üçün "xxxx" ASC-nin X2 müraciət edilmiş və ziyan aktı alınmışdır. Ziyan aktına əsasən sıradan çıxmış ehtiyat hissələrinin adları, ehtiyat hissələrinin qiymətləri müəyyən edilmiş və təmiri ilə birlikdə hesablanmışdır. Avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin, tam sökülüb yığılmasına, təmirinə, rənglənməsinə sərf olunan görülən işlərin dəyəri cəmi 6665 manat müəyyən edilmişdir. Cavabdeh 22 dekabr 2023-cü il tarixdə qeydiyyatda olduğu Oğuz rayonu, Kərimli kəndinə ziyan aktında göstərilmiş dəymiş ziyanın ödənilməsinə dair pretenziya göndərilmişdir. Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da, həmin ünvanda yaşamadığı üçün pretenziyanın ona çatdırılması mümkün olmamışdır. Cavabdehə bu barədə telefon vasitəsilə məlumat verilmiş, o dəymiş ziyanı ödəməyə imkanının olmadığını bildirmiş, hətta onları hədələmişdir. Hesab edirlər ki, iddiacıya dəymiş 6665 manat ziyan Cavabdeh tutulmalidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 448.2, 1096.1 və 1097.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verilmiş suala cavab olaraq bildirmişdir ki, dəymiş maddi ziyanın yenidən hesablanması üçün iş üzrə ekspertiza keçirilməsi də mümkündür və buna etiraz etmir. Maşının qəzalı vəziyyətdə olduğu vaxtda çəkilmiş fotoları və videosu hazırda da saxlanılır. Həmin sübutların məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Növbəti məhkəmə iclasınadək iddiaçı tərəfindən qeyd edilən sübutların işə əlavə edilməsi təmin olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etdiyindən xx.xx.2023-cü il tarixli, 2(054)-358/2024 saylı qərardada əsasən mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş (yeni nömrə 2(054)-12/2025) məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumat əlavə edilməklə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məlumatın məzmununa görə mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd edilən “KHAZAR LX minik” markalı avtomobilin ehtiyat hissələrinin həmin tarixə satışı və qiymətinə dair məlumat olmadığından tədqiqatın aparılmadığı, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizalarının aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materialların icrasız geri qaytarıldığı bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş şəkildə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə yol məsafəsinin uzaqlığını nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan ünvana uyğun olaraq ünvan 1işinə cavab olaraq nümayəndəlik xx.xx.2025-ci il tarixli, 5-68-9/2-16/2025 saylı məktubla Cavabdeh kənddə qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, ərazidə yaşamadığını, dəqiq ünvanının məlum olmadığını, buna görə məktubun nümayəndəlikdə saxlanıldığını, Cavabdeh nümayəndəliyin ərazisinə gələn kimi məktubun ona çatdırılacağının təmin olunacağını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin BB 404846 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2020-ci il istehsalı “KHAZAR LX minik” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən Abşeron rayon Masazır kənd sakini, fiziki şəxs İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “KHAZAR LX minik” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən 40 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxeminin surətindən görünür ki, Oğuz rayon Kərimli kənd sakini Cavabdeh idarə etdiyi “KHAZAR LX minik” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Qazax yolunun 219-cu km-də beton arakəsməyə dəyərək qəzaya uğramış, avtomobildə ön hissələr və ön alın şüşəsindən (padpres) ibarət xarici əzintilərin olduğu müəyyən edilmişdir. "xxxx" ASC-nin X1 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, F/060 saylı qüsur aktından görünür ki, İddiaçı müraciətinə əsasən “KHAZAR LX minik” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobiliə baxış keçirilmiş, ehtiyat hissələri və xidmət xərci hesablanmaqla avtomobilə 6665 manat zərər dəydiyi müəyyən edilmişdir. Cavabdeh işə əlavə edilmiş, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin rəis müavini, YPXA-nın komandirinə verdiyi izahatdan görünür ki, o yol-nəqliyyat hadisəsində idarə etdiyi avtomobilə ciddi maddi ziyan dəydiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsindən istifadə edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində iddiaçıya məxsus “KHAZAR LX minik” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən avtomobilə 6665 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarla 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının qəza nəticəsində avtomobilə dəymiş zərəri qanunla müəyyən edilmiş şəkildə tələb etmək hüququ yarandığından iddiaçı dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin eilməli, dəymiş zərərin məbləği 6665 manat həddində qəbul edilməli, həmin məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən təmin edilmiş məbləğə uyğun ödənilmiş 87 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissə: qət etdi : İddia təmin edilsin. Cavabdeh 6665 (altı min altı yüz altmış beş) manat maddi zərər və 87 (səksən yeddi manat) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar